Azərbaycan Dillər Universitetində Çinin ənənəvi bayramları qeyd olunub
Bakı, 4 aprel, AZƏRTAC
Aprelin 4-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə ənənəvi Çin bayramları olan “Hanşi” - soyuq qida bayramı və “Tsinmin” - təmiz aləm bayramına həsr edilən tədbir keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov yazın gəlişinin, həmçinin həlak olmuş qəhrəmanların xatirəsinin simvolu sayılan bayramların yaranma tarixindən danışıb.
Konfutsi İnstitutunun müəllimi Çen Siaocen bayramlarda ifa olunan nəğmələr və rəqslər, idman yarışları, ilanvari kağızların uçurdulması, şəhərkənarı gəzintilər və yaz fəslində əkin sahələrində görülən işlər barədə məlumat verib.
Tədbirdə “Tsinmin” bayramının əcdadların anım günü kimi qeyd edilməsi ilə yanaşı, baharın gəlişini təcəssüm etdirən bayram olduğu qeyd olunub. Çinlilərin bu bayramı ölkənin müxtəlif regionlarının təamları - Tsinmin meyvələri, qara düyü, qovrulmuş xəmir filetləri, yaşıl düyü topları və digər milli yeməklərdən ibarət ailəvi nahar süfrəsi ətrafında qeyd edildiyi söylənilib.
ADU-nun tələbə və müəllimləri türk xalqlarında məşhur “mantı” kimi tanınan Çinin buxarda bişirilən “baozi” kökələrinin hazırlanması qaydası üzrə ustad dərslərində iştirak ediblər.