ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetində dövlət qulluğuna qəbul qaydalarına həsr olunmuş tədbir keçirilmişdir
Bakı, 11 aprel (AZƏRTAC). Azərbaycan Dillər Universitetində (ADU) dövlət qulluğuna qəbul qaydalarına həsr olunmuş tədbir keçirilmişdir.
ADU-dan AZƏRTAC-a bildirmişlər ki, prorektor Ələddin Əliyev universiteti bitirən məzunların işə düzəlməklə bağlı problemlərinin həllində bu cür tədbirlərin əhəmiyyətini qeyd etmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın dövlət qulluğuna kadrların seçilməsi şöbəsi müdirinin müavini Rauf Məcidbəyli komissiyanın məqsəd və funksiyaları, fəaliyyəti, qarşıdakı vəzifələri, son illər dövlət qulluğu sahəsində aparılan islahatlar, dövlət qulluğuna qəbulla bağlı tətbiq olunan yeniliklər və dövlət qulluğunun üstünlükləri barədə geniş məlumat vermişdir.
R.Məcidbəyli 2006-cı ildə fəaliyyətə başlayan komissiyanın bir sıra ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq etdiyini, beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırmışdır.
Şöbənin baş məsləhətçisi Nərmin Mirzəyeva “Dövlət qulluğuna qəbul” mövzusunda təqdimatla çıxış etmişdir.
Təqdimatda dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında təşkili şərtlərindən, müsabiqələrin statistik göstəricilərindən bəhs olunmuşdur. Bildirilmişdir ki, indiyədək keçirilmiş 12 müsabiqədə 28 min 71 namizəd iştirak etmişdir. Onlardan 1523-ü inzibati vəzifələrə təyin olunmuşdur.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.