Azərbaycan Dillər Universitetində fransızdilli universitetlərin birinci forumu təşkil olunub
Bakı, 12 aprel, AZƏRTAC
Aprelin 12-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Frankofoniya Universitet Mərkəzi ilə Fransanın Azərbaycandakı səfirliyi arasındakı əməkdaşlıq çərçivəsində fransızdilli universitetlərin birinci forumu keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez forumun təşkili üçün göstərilən dəstəyə görə universitetin rəhbərliyinə minnətdarlığını ifadə edib. O deyib: “Forumda Fransanın Azərbaycandakı səfirliyi əməkdaşlarının iştirakına görə qürur hissi keçirirəm. Eyni zamanda, fransız dilini öz tədris dili kimi seçən ölkələrin nümayəndələrinin burada olmasından məmnunam. ADU-da təhsil alan tələbələrin fransız dilində təhsillərini davam etdirmələrinin iki önəmli cəhəti var. Birincisi, Azərbaycan və Fransa arasında təhsil və elm əlaqələrinin inkişafı sürətlənəcək. İkincisi, həmin tələbələrə fransızdilli ölkələrdə yaşamaq üçün şərait yaranacaq”.
Təhsil Nazirliyinin nümayəndəsi Şahin Bayramov son dövrlərdə Azərbaycanda fransız dilində təhsil almaq istəyənlərin sayının artdığını bildirib. O deyib: “Təhsil Nazirliyi və Fransanın ali təhsil müəssisələri arasında təhsil sahəsində uğurlu layihələr həyata keçirilir. Azərbaycan Dövlət İqtisad Universiteti ilə Fransanın Monpelye Universiteti arasında ikili diplom razılaşması, ölkəmizdə fəaliyyət göstərən Fransız İnstitutu ilə müxtəlif ali təhsil ocaqları arasında müqavilələrin bağlanması, “Erasmus+” proqramı çərçivəsində “Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil tələblərinə uyğun yenidən qurulması və inkişafı - Nizami” layihəsinin həyata keçirilməsi elm və təhsil sahəsində əlaqələrimizin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır”.
ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova təmsil etdiyi ali təhsil ocağı ilə Strasburq Universiteti arasında professional tərcümə və konfrans tərcüməsi üzrə magistr diplom delokalizasiya proqramı, “Erasmus+ KA1” mobillik proqramı çərçivəsində Avropadakı universitetləri ilə ikitərəfli münasibətlər barədə ətraflı məlumat verib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas, Rumıniyanın, Belçikanın, Moldovanın, Macarıstanın ölkəmizdəki səfirləri forumun əhəmiyyətindən danışıblar. Diplomatlar tələbələri ölkələrində fəaliyyət göstərən fransızdilli universitetlərdə təhsil almağa dəvət ediblər.
Azərbaycan Texniki Universitetinin texnoloji kompleks və xüsusi texnika kafedrasının müdiri, professor Həsən Hüseynov, “Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil tələblərinə uyğun yenidən qurulması və inkişafı - Nizami” layihəsinin əlaqələndiricisi Vüsalə Qurbanova, Moldova Dövlət Universitetinin nümayəndəsi Elena Prus və başqaları fransızdilli universitetlərdə təhsillə bağlı təqdimatlarla çıxış ediblər.
Sonda ADU tələbələrinin məşhur fransız yazıçısı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsəri əsasında hazırladıqları eyniadlı tamaşa nümayiş olunub.