Azərbaycan Dillər Universitetində İsmixan Rəhimov adına auditoriya açılıb
Bakı, 5 oktyabr, AZƏRTAC
Oktyabrın 5-də Azərbaycan Dillər Universitetində (ADU) bu ali təhsil müəssisəsinin rektoru, Əməkdar Elm Xadimi, akademik Kamal Abdullanın təşəbbüsü ilə görkəmli tərcüməçi, dilçi-alim, antisovet “İldırım” təşkilatının qurucularından biri olmuş İsmixan Rəhimov adına auditoriyanın açılış mərasimi keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edən K.Abdulla məhz bu gündə universitet üçün əlamətdar hadisə baş verdiyini deyib: “Azadlıq hərəkatının görkəmli nümayəndələrindən, antisovet “İldırım” təşkilatının qurucularından biri olan İsmixan Rəhimovun adına auditoriyanın açılmasını universitetimiz üçün mühüm, əlamətdar hadisə kimi qiymətləndirirəm. Bu auditoriyada həm dərslər, həm də mühüm tədbirlər keçiriləcək”.
İ.Rəhimovun antisovet fəaliyyəti, müstəqillik uğrunda atdığı addımlar haqqında məlumat verən K.Abdulla onun gördüyü işlərə ulu öndər Heydər Əliyevin dövlət səviyyəsində yüksək qiymət verdiyini söyləyib. İ.Rəhimovun pedaqoq və tərcüməçi kimi fəaliyyətindən söz açan rektor onu işıqlı və qayğıkeş insan kimi qiymətləndirib. O, İ.Rəhimovla bağlı xatirələrini də bölüşüb.
Milli Məclisin mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov İsmixan Rəhimov adına auditoriyanın açılmasını son günlərdə ADU rəhbərliyinin atdığı uğurlu addımlardan biri kimi qiymətləndirib: “Sizin bu addımla İ.Rəhimov çox sevdiyi bu universitetə yenidən qayıdıb”. O, İ.Rəhimovu son dərəcə dəyərli şəxsiyyət kimi qiymətləndirib.
Şair Sabir Mustafa İ.Rəhimova həsr etdiyi şeirləri oxuyub.
İ.Rəhimovun qızı, ADU-nun müəllimi Sevda Rəhimova göstərdiyi diqqətə, nəcib təşəbbüsə görə universitet rəhbərliyinə öz təşəkkürünü bildirib.
Sonda İ.Rəhimovla bağlı qısa film nümayiş etdirilib.