Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutu Çin Yeni ili münasibətilə konsert proqramı təqdim edib
Bakı, 12 mart, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu və “YARAT” Müasir İncəsənət Mərkəzinin birgə təşkilatçılığı ilə “Bakı Çin Yeni ilini qeyd edir” adlı konsert proqramı təşkil olunub. Bu barədə AZƏRTAC-a ADU-dan məlumat verilib.
Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov bildirib ki, Konfutsi İnstitutunun əsas məqsədi Azərbaycan ictimaiyyətini zəngin mədəniyyətə malik olan Çinin bayramları və nadir ruhani mədəniyyəti ilə tanış etmək, hər iki ölkənin xalqları arasında ənənəvi dostluq əlaqələrini gücləndirməkdir.
Konfutsi İnstitutunun Çin tərəfindən direktoru xanım Li Jihua Azərbaycanda Çin dilinə marağın artırılması və Çin mədəniyyətinin tanıdılması məqsədilə bir sıra tədbir və seminarların təşkil olunduğunu qeyd edib.
“YARAT” Müasir İncəsənət Mərkəzinin əməkdaşı Nigar Məmmədli “YARAT” ailəsinə qoşulan hər kəsin Azərbaycanda və xaricdə müasir mədəniyyət nümunələri ilə tanış olmaq şansı qazandığını söyləyib.
Tədbirdə “Şir rəqsi”, “Balaca alma”, müasir Çin Yeni il rəqsi - “Çin hip-hop”, lentlə ənənəvi Çin rəqsi - “Balaca qız”, Çin xalq mahnıları - “Sevgi”, “Cinxua” və “Xoşbəxt Yeni il”, eləcə də “Ay işığının altında bambuk” adlı Çin fleyt performansı nümayiş olunub. Həmçinin Çin milli Tay Ci Chuan gimnastikasının əsas üslubları, bu ölkənin xəttatlığı haqqında ustad dərsləri keçirilib, müxtəlif bayram oyunları təşkil olunub.