İQTİSADİYYAT
AZƏRBAYCAN DÖVLƏT XƏZƏR DƏNİZ GƏMİÇİLİYİNİN YENİ TANKERİ QƏDİM YURDUMUZ ŞUŞANIN ADINI DAŞIYIR
Bakı, 9 iyun (AZƏRTAC). Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin informasiya və mətbuat şöbəsindən bildirmişlər ki, gəmiçilik nəqliyyat donanmasını ildən-ilə yeniləşdirir və genişləndirir. Son 6 ildə ardıcıl olaraq donanmamızın flaqmanı olan “Prezident Heydər Əliyev”, “Maestro Niyazi”, “Professor Əziz Əliyev”, “Cəlil Məmmədquluzadə”, “Babək”, “Şah İsmayıl Xətai”, “Dədə Qorqud”, “Koroğlu”, “Akademik Zərifə Əliyeva”, “Qarabağ”, “Cabbar Həşimov” və “Zəngəzur” kimi təzə gəmilər alınmışdır.
Rusiyanın Nijni Novqorod şəhərindəki “Krasnoye Sormovo” gəmiqayırma zavodunda Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sifarişi ilə inşa olunan daha bir gəmi - “Şuşa” tankeri iyunun 5-də suya buraxılmışdır. Bu münasibətlə təşkil olunmuş təntənəli mərasimdə Rusiya Dövlət Dumasının deputatları, Nijni Novqorod şəhərinin rəhbərliyi, Gəmiçiliyin rəsmi nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri iştirak etmişlər.
“Prezident Heydər Əliyev” layihəli növbəti tankerin suya salınması Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığının uğurla inkişaf etdirilməsinin daha bir nümunəsi olmuşdur.
Təntənəli mitinqdə çıxış edənlər Sormovo gəmi inşaatçıları ilə Xəzər dənizçilərinin 100 ildən çox tarixi olan əməkdaşlığından, dövlət başçıları Heydər Əliyev və Vladimir Putinin vaxtilə iki ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırmalarından, həmin siyasətin bu gün prezidentlər İlham Əliyev və Dmitri Medvedev tərəfindən bacarıqla davam etdirilməsindən söz açmış, Sankt-Peterburq beynəlxalq iqtisadi forumundakı ikitərəfli görüşlərin nəticələrini xüsusi vurğulamışlar.
Bayram əhval-ruhiyyəsi ilə keçirilən suyasalma əməliyyatı müvəffəqiyyətlə sona çatdırılmışdır. Gəmiçiliyin rabitə xidmətinin mühəndisi Esmira Hüseynova ənənəvi şampan şüşəsini gəminin bortuna çırpıb sındıraraq, ona yeni həyata vəsiqə vermişdir. Bundan sonra “Şuşa” gəmisində müxtəlif tamamlama işləri aparılacaq və sifarişçiyə təhvil veriləcəkdir. Təxminən bir ay yarımdan sonra isə tanker qeydiyyat limanına - Bakıya gətiriləcəkdir.
Yükqaldırma qabiliyyəti 13 min ton, uzunluğu 150 metr olan “Şuşa” gəmisi ikiqat gövdəyə malikdir və Beynəlxalq Konvensiyaların ən müasir tələblərinə cavab verir. Eyni vaxtda iki növ neft məhsulu daşıya bilən bu tanker də özündən əvvəlkilər kimi Avrasiya nəqliyyat dəhlizində yükdaşıma konveyerinə qoşulacaq, donanmamızı daha da gücləndirəcəkdir. Bununla da Gəmiçiliyin nəqliyyat donanmasının say tərkibi 80-ə çatacaqdır. Hazırda 42 tanker və 37 quru yük daşıyan gəmimiz Xəzərdə və dünya sularında Azərbaycan bayrağı altında Vətənimizi layiqincə təmsil edir.
######