CƏMİYYƏT
Azərbaycan Hərb Tarixi Muzeyində “Xalqımızın taleyini dəyişən tarixi gün” adlı tədbir keçirilib
![](/files/galleryphoto/2024/2/1200x630/17183668473122617474_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1718366847462321239_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17183668475466727846_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17183668471134552008_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1718366847373707463_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17183668471543533401_1200x630.jpg)
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 14-də Azərbaycan Hərb Tarixi Muzeyində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş "Xalqımızın taleyini dəyişən tarixi gün" adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin idarə və müəssisələrinin, hərbi hissələrin, veteran təşkilatlarının, qeyri-hökumət təşkilatlarının və digər idarə-müəssisələrin nümayəndələri iştirak ediblər.
Tədbirdə muzey rəisi, ehtiyatda olan, polkovnik Əzizağa Qənizadənin, muzeyin tədqiqatçı, tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılovun məruzələri dinlənilərək mövzu ətrafında müzakirələr aparılıb.
Əzizağa Qənizadə qeyd edib ki, Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyaraq respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu: "O, milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür".
Eyni zamanda, Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin yeni elmi əsaslarla formalaşdırılması, milli mənafelərini qorumağa qadir olan nizami ordunun yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldığını vurğulayıb.
Tədbirdə Milli Qurtuluş Gününə həsr edilmiş sənədli film nümayiş olunub.
Bədii hissədə “İbrahim Əbilov adına Mədəniyyət Evi”nin üzvlərinin ifasında vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.