İDMAN
Azərbaycan idmançılarının Avropada birinci olması bir daha şanlı Qələbənin və tarixi Zəfərin qürurlu təntənəsidir
Bakı, 11 aprel, AZƏRTAC
Bolqarıstanda keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatındakı qalibiyyətindən sonra Macarıstanda təşkil olunan böyüklərin Avropa çempionatında da Azərbaycan idmançıları yüksək nəticələr göstəriblər və Budapeştdə 1-i qızıl, 4-ü gümüş, 2-si bürünc olmaqla 7 medalla Avropada birinci yerə layiq görülüblər. Ümumilikdə isə komandalarımız 3 qızıl, 6 gümüş və 7 bürünc olmaqla 16 medalla Avropa qitəsinin birinci güləş yığması olduğunu isbatlayıb və ölkəmizin idman şöhrətini daha da yüksəldiblər. Heç şübhəsiz ki, Azərbaycanın güləş komandalarının eyni vaxtda Avropa çempionu olması tarixi rekorddur. Bu da bir daha Azərbaycanda idmana olan diqqət və qayğının, bu sahədə həyata keçirilən siyasətin səmərəliliyinin nəticəsidir.
Bunu AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
O bildirib ki, Azərbaycan idmançılarının Avropada birinci olması bir daha şanlı Qələbənin və tarixi Zəfərin qürurlu təntənəsidir. Çünki Azərbaycan idmançıları da bilirlər ki, 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbədən və tarixi Zəfərdən sonra ölkəni, xalqı təmsil etmək həm böyük qürur, həm də məsuliyyətdir. İdmançılarımız, eyni zamanda, anlayırlar ki, düşmənlərimizi və onların havadarlarını döyüş meydanında məğlub etmiş Ordumuzun zabit və əsgərlərinin davamçıları kimi idman arenasına yalnız qələbə və zəfər üçün çıxırlar. Eləcə də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin idmana və idmançılara olan xüsusi münasibəti, diqqət və qayğısı beynəlxalq yarışlara qatılan təmsilçilərimizdə əlavə ruh yüksəkliyi yaradır. Odur ki, idmançılarımız yarışlarda zəfər ruhu, qələbə əzmi ilə çıxış edirlər. Onların da əldə etdikləri qələbə bütün Azərbaycan xalqını sevindirir, insanlarımıza qalib xalq, dövlətin vətəndaşı olmaq hissini yenidən yaşadır.
“Prezident İlham Əliyevin beynəlxalq yarışlarda iştirak etmiş idmançıları qəbul etməsi, onlarla səmimi söhbət aparması, hətta təmsil olunduqları federasiyalara maliyyə yardımının edilməsi haqqında sərəncamlar imzalaması bir daha dövlətimizin başçısının idmana və idmançılara olan diqqət və qayğısını nümayiş etdirir. Budapeştdən qələbə ilə qayıtmış güləşçilərlə Prezident İlham Əliyevin görüşü söylənilənlər baxımından istisna təşkil etməyib. Güləşçilərimizi qəbul edən Prezident İlham Əliyev idmançılarımızın zəhmətini yüksək dəyərləndirdiyini, idman qələbələrini böyük Zəfərdən doğan nəticə kimi qiymətləndirdiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev xüsusilə ləyaqət məsələsini qeyd edib və Vətən müharibəsi zamanı 10 min fərarisi olmuş Ermənistanın çirkin əməllərindən, terror fəaliyyətindən də danışıb, müvafiq olaraq məsləhətlərini verib. Şübhə yoxdur ki, Prezident İlham Əliyevin idmançılarla görüşməsi, məsləhət və tövsiyələrini verməsi onları yeni-yeni nailiyyətlərə, qələbələrə daha da həvəsləndirir”, - deyə Ramil Vəlibəyov əlavə edib.