İQTİSADİYYAT
Azərbaycan İKT sahəsində MDB-nin baza təşkilatlarının formalaşdırılması imkanlarını nəzərdən keçirir
Bakı, 12 aprel (AZƏRTAC). Azərbaycanın rabitə administrasiyası informasiya-kommunikasiya texnologiyaları sahəsində MDB-nin baza təşkilatlarının formalaşdırılması imkanlarına baxır.
Regional Rabitə Birliyinin (RRB) məlumatında deyilir ki, həmin məsələ aprelin 3-də Qazaxıstanda keçirilən RRB-nin İnformasiyalaşdırma Komissiyasının 27-ci iclası çərçivəsində nəzərdən keçirilmişdir.
İclas iştirakçıları RRB iştirakçı ölkələrində “elektron hökumət”in yaradılmasının gedişi, bununla əlaqədar həyata keçirilən idarələrarası elektron qarşılıqlı fəaliyyətin həyata keçirilməsi, eləcə də vətəndaşların elektron xidmətlərin əldə olunmasına çıxışının müxtəlif mexanizmləri ilə tanış olmuşlar.
Qeyd olunmuşdur ki, RRB ölkələrinin beynəlxalq inteqrasiyasının vəzifələri müdafiə olunan elektron sənədlərin mübadiləsi üçün şəraitin təmin olunmasını tələb edir. Beləliklə, transsərhəd informasiya mübadiləsində elektron sənədlərin hüquqi əhəmiyyətinin tanınması RRB iştirakçısı olan dövlətlərin əməkdaşlığının səmərəliliyini artırmağa imkan verir.