Azərbaycan ilə İordaniya arasında elm və təhsil sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb
Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycanın İordaniyadakı səfiri Rasim Rzayevin bu ölkənin ali təhsil və elmi tədqiqatlar naziri Adel Tveysi ilə görüşündə ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələri, xüsusilə elm və təhsil sahəsində əməkdaşlıqla bağlı müzakirələr aparılıb.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, R.Rzayev Prezident İlham Əliyev ilə Kral II Abdullah arasındakı şəxsi dostluq münasibətlərinin ölkələrimizin əlaqələrinin inkişafında mühüm rol oynadığını söyləyib. Səfir ikitərəfli münasibətlərin, o cümlədən təhsil və elm sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu qeyd edib və bu imkanlardan daha səmərəli istifadə edilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
Nazir təhsil və elm sahəsində əməkdaşlığın inkişafında İordaniya tərəfinin də maraqlı olduğunu diqqətə çatdırıb, Azərbaycan-İordaniya Hökumətlərarası Komissiyasının 2018-ci ilin fevral ayında Əmmanda keçirilmiş 3-cü iclasının protokolunda əks olunmuş təhsil sahəsində əməkdaşlıqla bağlı maddələrin həyata keçirilməsinin qarşılıqlı səmərə verəcəyinə əminliyini ifadə edib.
Səfir ölkəmizin təhsil sistemi və xüsusilə son 15 ildə bu sahədə əldə edilmiş böyük nailiyyətlər barədə məlumat verib. Bu günə kimi Azərbaycan ali məktəblərində 130-a yaxın iordaniyalı gəncin təhsil aldığını diqqətə çatdıran diplomat bu ənənənin qarşılıqlı şəkildə davam etdirilməsinin əhəmiyyətini vurğulayıb, ali məktəblər arasında təcrübə mübadiləsinin önəmini qeyd edib.
Nazir tələbə və müəllim mübadiləsi sahəsində əməkdaşlığı İordaniya tərəfinin alqışladığını, müxtəlif ixtisaslar, o cümlədən tibb və mühəndislik, ərəb dili üzrə Azərbaycandan tələbə qəbul etməyə hazır olduqlarını diqqətə çatdırıb, ölkəsində təhsil alacaq azərbaycanlı tələbələrə əlverişli şərait yaradılacağını bildirib.
Görüşdə, həmçinin Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkarlıq və etnik təmizləmə siyasəti, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımları, Azərbaycan Respublikası ərazisinin 20 faizinin işğal olunması, bir milyondan çox vətəndaşımızın qaçqın və köçkün vəziyyətinə düşməsi barədə qarşı tərəfə ətraflı məlumat verilib. Münaqişə ilə bağlı İordaniyanın ədalətli və sabit mövqeyinə görə təşəkkür ifadə edilib.