İQTİSADİYYAT
Azərbaycan ilə İslam İnkişaf Bankı Qrupuna daxil olan İCİEC arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Daşkənd, 5 sentyabr, AZƏRTAC
Daşkənd şəhərində keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 46-cı illik toplantısı çərçivəsində Azərbaycanın iqtisadiyyat nazirinin müavini Elnur Əliyev ilə İİB Qrupuna daxil olan İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (İCİEC) rəhbəri Oussama Kaissi arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə İCİEC-nin rəhbəri korporasiyanın fəaliyyəti, potensial əməkdaşlıq imkanları haqqında ətraflı məlumat verib və ölkəmizin korporasiyaya üzv olacağına ümid etdiyini bildirib.
Elnur Əliyev Azərbaycanın Korporasiyaya üzvlüyü istiqamətində işlərin həyata keçirildiyini, ölkəmizin işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işlərinin görüldüyünü, bu ərazilərdə müasir informasiya-kommunikasiya texnologiyalarının və innovativ yanaşmaların tətbiqi üzərində qurulan “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması və “yaşıl enerji zonası”nın yaradılması üzrə əməkdaşlıq imkanları çərçivəsində İCİEC-nin müxtəlif imkanlarından istifadə olunmaqla korporasiyanın bu istiqamətdə aktiv iştirak edə biləcəyini bildirib.
Nazir müavini Azərbaycan İnvestisiya Şirkəti və “Qarabağ Dirçəliş Fondu”nun fəaliyyəti, bu qurumlarla mümkün əməkdaşlıq imkanları barədə ətraflı məlumat verib.
E.Əliyev görüşdə korporasiya ilə geniş əməkdaşlıq imkanlarının olduğu məsələsinə nəzər salaraq qurumun rəhbəri Kaissini ölkəmizə rəsmi səfərə dəvət edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd