İQTİSADİYYAT
Azərbaycan ilə İsveçrə arasında “Kapital bazarlarının müasirləşdirilməsi layihəsinə dair texniki yardım haqqında Saziş” imzalanmışdır
Bakı, 13 sentyabr (AZƏRTAC). Sentyabrın 13-də Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Konfederasiyası Hökuməti arasında “Kapital bazarlarının müasirləşdirilməsi layihəsinə dair texniki yardım haqqında Saziş” imzalanmışdır.
AZƏRTAC xəbər verir ki, sənədi QKDK-nın sədri Rüfət Aslanlı və İsveçrənin Azərbaycandakı səfiri xanım Sabine Ulmann imzalamışlar.
İmzalanmadan əvvəl keçirilmiş görüşdə R.Aslanlı bildirmişdir ki, bu layihə iqtisadi sahədə qazanılmış uğurların daha da artmasına xidmət edəcəkdir.
Vurğulanmışdır ki, layihə “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının icrası üçün zəruri olan texniki və təşkilati dəstəyin təmin edilməsinə yönəldiləcəkdir. Layihə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən ayrılmış 12 milyon ABŞ dolları məbləğində kredit, İsveçrə Hökuməti tərəfindən ayrılmış 1,6 milyon dollar qrant və Azərbaycan Hökumətinin 2,2 milyon dollar vəsaiti hesabına həyata keçiriləcəkdir. Əsas məqsəd layihə çərçivəsində hüquqi və tənzimləyici çərçivənin yenilənməsi və gücləndirilməsi, təklifin stimullaşdırılması üzrə müvafiq dəstəyin göstərilməsidir.
Sabine Ulmann bildirmişdir ki, Azərbaycan ilə dostluq İsveçrə Hökuməti üçün prioritetdir və iki ölkə arasında məhsuldar diplomatik əlaqələr son 10 ildə həyata keçirilən böyük inkişaf və əməkdaşlıq proqramında əks olunur. İndiyədək İsveçrə Azərbaycanda qeyri-neft özəl sektorunun və kəndlərin inkişafı, makroiqtisadi siyasətə dəstək kimi sahələrə 70 milyon ABŞ dolları məbləğində qrant şəklində sərmayə yatırmışdır.
Dünya Bankının Cənubi Qafqazda maliyyə və özəl sektor üzrə ölkə əlaqələndiricisi xanım Anjela Priqojina maliyyə bazarlarının inkişafında və onlara çıxış imkanlarının genişləndirilməsinin təşviqində qurumun rolundan danışmış, bu layihənin də həmin məqsədlərə xidmət edəcəyini qeyd etmişdir.