İQTİSADİYYAT
Azərbaycan ilə Rumıniya arasında ticarət dövriyyəsi 23 faiz artmışdır
Bakı, 14 mart (AZƏRTAC). 2011-ci illə müqayisədə ötən il Azərbaycan ilə Rumıniya arasında ticarət dövriyyəsi 23 faiz artmışdır.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev martın 14-də Bakıda keçirilən Azərbaycan-Rumıniya biznes forumunda demişdir.
Nazir qeyd etmişdir ki, Azərbaycan ilə Rumıniya arasında möhkəm müqavilə-hüquq bazası yaradılmış, indiyədək 50-dən çox sənəd imzalamışdır. Azərbaycan-Rumıniya əlaqələrinin genişlənməsində indiyədək 4 iclası keçirilmiş Hökumətlərarası Komissiyanın fəaliyyəti də əhəmiyyətli rol oynayır.
Hazırda Azərbaycanda sənaye, ticarət, tikinti, xidmət sahələrində 8 Rumıniya şirkəti uğurla fəaliyyət göstərir. Rumıniyada isə Azərbaycan kapitallı 49 müəssisə qeydiyyatdan keçmiş və bu müəssisələr ticarət, inşaat, daşınmaz əmlak, nəqliyyat, hasilat və emal sənayesi sahələrində fəaliyyət göstərirlər.