Azərbaycan ilə Tailand arasında mədəni əlaqələrin genişləndirilməsi müzakirə edilib
Bakı, 1 oktyabr, AZƏRTAC
Mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Tailand Krallığının mədəniyyət naziri Vira Rojpojçanaratın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qonaqları səmimiyyətlə salamlayan Ə.Qarayev Vira Rojpojçanaratı ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib. Nazir Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətindən danışaraq ölkə mədəniyyətinin təbliği istiqamətində görülən işlər haqqında məlumat verib. Bildirib ki, tarixi İpək Yolunun üzərində yerləşən Azərbaycan zəngin mədəniyyətə, tarixi və arxeoloji abidələrə sahibdir. Bu abidələrin qorunması, bərpası və təbliği sahəsində müxtəlif layihələr gerçəkləşdirilir.
İki ölkə arasındakı münasibətlərə toxunan Əbülfəs Qarayev mədəniyyət sahəsində də əlaqələrin perspektlərindən danışıb, Azərbaycanın bu istiqamətdə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.
Səmimi qəbula görə minnətdarlığını bildirən Tailand Krallığının mədəniyyət naziri Vira Rojpojçanarat ölkəmizdə olmaqdan məmnunluğunu dilə gətirib. Səfəri çərçivəsində ölkəmizin mədəni həyatı ilə tanış olacağını deyən qonaq Azərbaycan mədəniyyətinin Tailand vətəndaşları üçün maraqlı ola biləcəyini diqqətə çatdırıb.
Görüşdə iki ölkə arasında mədəni əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb, maraq doğuran digər məsələlər müzakirə olunub.