ELM VƏ TƏHSİL
Azərbaycan İslam dünyasının barışdırıcı qüvvəsidir
Bakı, 22 aprel, AZƏRTAC
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi islami dəyərlərin dünyada təbliğinə böyük töhfələr verəcək.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilən növbəti tədbirdə beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Asiman Quliyev deyib. O, 2017-ci ilin “İslam Həmrəyliyi İli” kimi elan edilməsinin əhəmiyyətindən danışıb.
AMEA-nın Şərqşünaslıq İnstitutunun professoru Səməd Bayramzadə “Azərbaycanın İslam dünyasında yeri” mövzusunda mühazirə ilə çıxış edib. Məruzəçi “İslam Həmrəyliyi İli”nin Azərbaycanın bütün İslam dünyasında barışdıcı qüvvəyə çevrilməsi baxımından çox məntiqli bir addım olduğunu diqqətə çatdırıb. Ölkəmizin tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verdiyi bildirilib.
Sonda S.Bayramzadə İslam tarixi ilə bağlı nəşr olunmuş kitabları beynəlxalq münasibətlər kafedrasına hədiyyə edib.