AZƏRBAYCAN JURNALİSTLƏRİNİN V QURULTAYI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 20-də Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan jurnalistlərinin V qurultayı keçirilmişdir.
Əvvəlcə IV qurultaydan sonra vəfat etmiş jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Qurultayın işçi orqanları - say və mandat komissiyaları, katiblik seçilmişdir.
Dövlətimizin başçısı İlham Əliyevin qurultay iştirakçılarına təbrikini çatdıran Prezidentin İcra Aparatı ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, ali məclisin Mətbuat Şurasının tarixində, eyni zamanda ölkə jurnalistlərinin həyatında mühüm hadisə olduğunu, onların problemlərinin aradan qalxmasında, qurumun daha da möhkəmlənməsində, təşkilatlanmasında və jurnalistlərin ən nüfuzlu təşkilatına çevrilməsində mühüm rol oynayacağını bildirmişdir.
Əli Həsənov müstəqillik illərində ölkəmizdə gedən proseslərdə mətbuatın böyük rolunu vurğulamış və mediaya dövlət qayğısından danışmışdır. Bildirmişdir ki, 1998-ci il avqustun 6-da ümummilli lider Heydər Əliyevin “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə media üzərindən bütün dövlət tənzimləyici mexanizmləri götürülmüş, senzura ləğv edilmiş və mətbuat tam müstəqil fəaliyyətə başlamışdır. Bu gün Azərbaycanda mətbuat orqanları bütün əsas vergilərdən azaddır. Medianın inkişafı ilə bağlı xüsusi sərəncam və fərmanlar olmuşdur. Qəzet və jurnalların “Azərbaycan” nəşriyyatına borcları silinmişdir. Dövlətimiz bacardığı qədər Azərbaycan mətbuatının, xüsusən də müstəqil mətbuatın inkişafına qayğı və dəstək göstərmişdir və bundan sonra da göstərəcəkdir.
Kütləvi informasiya vasitələrinin problemlərindən də danışan Əli Həsənov demişdir ki, Prezident İlham Əliyevin tapşırığı ilə medianın maddi-texniki bazasının möhkəmləndirilməsi, bu sahədə problemlərin aradan qaldırılması istiqamətində ciddi iş aparılır.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun IV qurultaydan sonra görülmüş işlərə dair hesabat məruzəsi dinlənilmişdir. Şura sədri bildirmişdir ki, ötən dövrdə qurumun səyləri nəticəsində ölkədə səyyar qəzet yayımı ilə bağlı mübahisələr həll olunmuş, mediada monitorinqlər keçirilmiş, 2007-ci ildə 132 şikayətə baxılmışdır. Cari ilin birinci rübündə bu şikayətlərlə bağlı qərarların verildiyi də diqqətə çatdırılmışdır.
Nəzarət-təftiş və mandat komissiyalarının hesabatları dinlənildikdən sonra məruzə və hesabatlar ətrafında müzakirələr aparılmışdır.
Çıxış edənlər Mətbuat Şurasının işini qənaətbəxş hesab etmiş, qurumun gələcək fəaliyyəti ilə bağlı təkliflərini vermişlər.
Sonra Mətbuat Şurasının Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı müzakirələr olmuşdur. Təklif olunan dəyişikliklərə görə, sədrin və idarə heyəti üzvlərinin səlahiyyət müddətləri 2 ildən 4 ilədək artırılmışdır. Jurnalistlərin qurultayı isə iki ildənbir çağırılacaqdır.
Sonra təşkilati məsələlərə baxılmışdır. Qurumun 9 jurnalistdən, 6 ictimaiyyət təmçilçisindən ibarət yeni idarə heyəti, 3 nəfərdən ibarət nəzarət-təftiş komissiyası seçilmişdir.
Əflatun Amaşov səs çoxluğu ilə yenidən Mətbuat Şurasının sədri seçilmişdir.
Prezidentin İcra Aparatı ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov sonda bir daha çıxış edərək qurultayın açıq, demokratik, fikir azadlığı şəraitində keçdiyini söyləmiş, jurnalistlərin sosial müdafiəsi, mətbuatın maddi-texniki bazasının güçləndirilməsinə dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı qaldırılan məsələlərin nəzərə alınacağını diqqətə çatdırmış, mətbuatın cəmiyyətdə nüfuzunun artırılması üçün qarşıda duran vəzifələrdən danışmışdır.
Qurultay qətnamənin qəbulu ilə başa çatmışdır.
######
![]() |
![]() |

