MƏDƏNİYYƏT
Azərbaycan kulinarları beynəlxalq çempionatlardan yüksək mükafatlarla qayıtmışlar
Bakı, 13 aprel (AZƏRTAC). Aprelin 13-də Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) əməkdaşları Ukrayna və Rumıniyada beynəlxalq kulinariya çempionatlarının yekunları ilə bağlı mətbuat konfransı keçirmişlər.
AZƏRTAC xəbər verir ki, AMKA-nın baş direktorunun müavini Ceyran Əsgərova Ukraynanın Kiyev və Rumıniyanın Yassi şəhərlərində keçirilmiş Beynəlxalq kulinariya çempionatlarında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə iştirak etmiş Azərbaycan kulinarlarının qazandıqları uğurlardan söhbət açmışdır.
Bildirilmişdir ki, Kiyevdə Azərbaycan kulinarları 13 fərdi yarışda və 1 komanda sinfində iştirak etmişlər.
Çempionatda Azərbaycan, Ukrayna, Rusiya, Özbəkistan, Fransa, Qazaxıstan komandaları mübarizə aparmışlar.
Azərbaycan kulinarları 14 sinifdə 14 (3 qızıl, 3 gümüş və 8 bürünc) medal qazanmışlar.
Çempionatda Ağa Aşurov, Namiq Kazımov, Teymur Şıxəliyev aşpaz və Ceyran Əsgərova komanda rəhbəri qismində təmsil olunmuşlar.
Komandamız Rumıniyanın Yassi şəhərində keçirilmiş Beynəlxalq kulinariya çempionatında da uğur qazanmışdır. AMKA-nın baş texnoloqu Emma Abdullayevanın rəhbərliyi altında 4 aşpaz və baş texnoloqundan ibarət Azərbaycan milli komandası 3 fərdi yarışda və 1 komanda sinfində yarışmışdır.
Çempionatda Azərbaycan, Rumıniya, Moldova, Xorvatiya, Malta, Almaniya, Finlyandiya, Albaniya, İsrail, Fələstin, Serbiya komandaları iştirak etmişdir.
AMKA-nın prezidenti Tahir Əmiraslanov çempionatın münsiflər heyətində təmsil olunmuşdur.
Çempionatda komandamız 4 sinifdə 9 (1 kubok, 7 qızıl, 1 gümüş medal) mükafat qazanmışdır.
Komandanın tərkibində Gülnar Ələsgərova, Ziya Şahbazov, Anar Qubatov, Aqil Abbasov aşpaz və Emma Abdullayeva texnoloq kimi iştirak etmişlər.
Komandamız bu çempionatlarda bütünlükdə 1 kubok, 10 qızıl, 4 gümüş, 8 bürünc medal qazanmışdır.
Sonda iştirakçılar Mədəniyyət və Turizm Nazirliyinə komandalarımıza verdiyi dəstəyə görə minnətdarlıqlarını bildirmişlər.