Azərbaycan Makron üçün ötən əsrin 60-cı illərinin Seneqalı və ya Cibutisi deyil - ŞƏRH


Bakı, 20 fevral, AZƏRTAC
Fransa Prezidenti Emmanuel Makronun Münxen Təhlükəsizlik Konfransındakı çıxışında Ermənistanın qeyri-konstruktiv mövqeyini və Qarabağda sülh prosesini uzatmaq siyasətini dəstəkləməsi, ilk növbədə, rəsmi Parisin tez-tez bəyan etdiyi demokratiya şüarına kölgə salır.
Qafqaz regionuna nüfuz edib “əzabkeş” erməniləri müdafiə etməsi, əslində, Fransa Prezidenti E.Makronun siyasətinin mahiyyətini göstərir və onu deməyə əsas verir ki, rəsmi Paris kolonial siyasətini bu gün də davam etdirir. Azərbaycanın ekofəalları Laçın yolunda aksiya keçirərək sadə bir tələb irəli sürürlər. Bu tələb də ondan ibarətdir ki, Azərbaycan təbii sərvətlərinin talanmasına son qoyulmasını istəyir. Laçın yolunun bağlanmasına gəldikdə, bu ağ yalanın tirajlanması Azərbaycana qarşı Fransanın qərəzli mövqeyini aşkara çıxarır. Sözügedən yol bağlansaydı, indi orada bir nəfər də yaşaya bilməzdi. İki aydan çoxdur davam edən aksiya zamanı bir avtomobilin belə qarşısı kəsilməyib, erməni əhaliyə ərzaq, dərman və digər zəruri mallar çatdırılır. Belə olmasaydı, yuxarıda qeyd etdiyimiz kimi, orada yaşamaq mümkün olmazdı. Bütün bunlar Fransa ilə Ermənistanın Azərbaycan əleyhinə birgə apardıqları qərəzli təbliğatın tərkib hissəsidir.
Fransanın keçmişinə nəzər salsaq, onun bugünkü siyasətinin hansı səbəbdən qərəz üzərində formalaşdığını görərik. Son 300 ildə Afrika, Asiya və Latın Amerikası ölkələrində yaratdığı müstəmləkələrin hesabına varlanan Fransanın Prezidenti E.Makron artıq Ermənistanı öz müstəmləkəsi hesab edə bilər. Lakin Qarabağdakı yataqların kənar qüvvələr tərəfindən istismarı ilə rəsmi Bakı heç zaman razılaşmayacaq. Bu gün Azərbaycan E.Makron üçün ötən əsrin 60-cı illərinin Seneqalı və ya Cibutisi deyil ki, Fransa əsgərləri gəlib burada baza yaradıb yataqların istismarını müdafiə etsinlər. Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gələrək torpaqlarını işğaldan azad edib və dünyaya göstərib ki, Qarabağ Azərbaycandır.
Ötən il Mali hökuməti Fransa Prezidenti E.Makrona rəsmi məktubla müraciət edərək müstəmləkəçilik siyasətinə son qoymağı və fransız hərbçilərin ölkədən çıxarılmasını tələb edib. Məsələnin mahiyyəti ondan ibarətdir ki, 1960-cı illərdə bu ölkəyə sərmayə yatıran Fransa bundan sui-istifadə edir və oradakı şirkətlərin dəstəyi ilə istədiyi adamı hakimiyyətə gətirir, istədiyini isə hakimiyyətdən uzaqlaşdırır.
Hazırda Fransanın Cibuti, Kot-d’İvuar, Seneqal və Qabonda hərbi bazaları var. Bu bazalar hesabına Fransa Prezidenti Afrikanın istənilən dövlətinə təsir göstərə bilir. Yeganə məqsəd isə Afrika qitəsindəki dövlətlərin zəngin təbii sərvətlərini mənimsəməkdir.
Fransa 1830-1962-ci illərdə Əlcəzairdə törətdiyi soyqırımı, cinayət və qarətləri bu gün də əlcəzairlilər əsl dəhşət kimi xatırlayırlar. O vaxt general Burmonun rəhbərliyi ilə Əlcəzairə daxil olan Fransa qoşunu əhaliyə müraciət edərək müqavimət göstərməməyi xahiş edib və dost kimi gəldiklərini bildirib. Lakin şəhərə daxil olduqdan sonra əsgərlər insanları qarət eləməyə başlayıblar. General Burmon əhalini aldada bilməsini böyük qabiliyyət hesab edərək lovğalanır və qarət nəticəsində evlərdən oğurlanan qızılların ona verilməsini tələb edirdi. Bu hadisələr barədə “Əsgərin məktubları” kitabını yazan Fransa ordusunun erməni əsilli polkovniki Montanyank bildirib ki, onun rəhbərlik etdiyi əsgərlər Skikda şəhərini qəbiristanlığa çevirdilər. Montanyank bildirirdi: “Bizim ayaqlarımız altında it kimi sürünmək istəməyən hər kəs qətlə yetirilməlidir”. Şəhərin kişi sakinlərinin hamısı öldürüldü, qadın və uşaqlar isə həmin dövrün qul bazarlarında satıldı.
Belə bir tarixə malik olan dövlətin rəhbərinin bu gün haqqın ədalətin deyil, işğalçının, böyük dövlətlərin əlində alətə çevrilən N.Paşinyan kimisini müdafiə etməsi heç də təəccüblü deyil. Lakin Azərbaycan heç də belə siyasi manipulyasiyalara boyun əyən dövlətlərdən deyil. Azərbaycan öz ərazi bütövlüyünü qoruyaraq beynəlxalq qanunlar çərçivəsində sərhədlərini bərpa edəcək.