Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin Gəncədə səyyar plenumu keçirilib
Gəncə, 6 iyul, AZƏRTAC
Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin Gəncədə səyyar plenumu keçirilib.
Heydər Əliyev Mərkəzinin böyük iclas salonunda keçirilən plenumdan əvvəl iştirakçılar Azərbaycan memarlarının yaradıcılığını əks etdirən sərgiyə baxıblar.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək plenum iştirakçılarını salamlayıb və gündən-günə müasirləşən Azərbaycanın bölgələrində yaradılan memarlıq nümunələrindən söz açıb.
Sonra Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə son illər Azərbaycanda aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərini, eləcə də bu işləri həyata keçirərkən qədimliyin qorunmasına xüsusi diqqət yetirildiyini diqqətə çatdırıb.
Plenumda Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanovun “Gəncə şəhərinin Baş planının layihələndirilməsi və inkişafı”, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun elmi işçisi Rayihə Əmənzadənin “Gəncənin memarlığı” mövzularında məruzələri dinlənilib.
Daha sonra təşkilati məsələyə baxılıb. Azərbaycan Memarlar İttifaqına yeni üzvlər qəbul olunub. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhərdə görülən işlərə görə Azərbaycan Memarlar İttifaqına fəxri üzv seçilib. Elçin Əliyev isə ittifaqın Gəncə bölməsinin məsul katib təyin edilib.
Plenumda, həmçinin şəhərsalma və memarlıq sahəsində fərqlənənlərə “Usta memar” fəxri adı verilib, bir neçə memara isə qurumun fəxri fərmanları təqdim olunub.
Sonda Azərbaycan Memarlar İttifaqı İdarə Heyəti plenumunun qətnaməsi oxunub.