Azərbaycan Memarlıq və İnşaat Universitetində Hüseyn Cavidin 135 illik yubileyi qeyd olunub
Bakı, 15 mart, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən təşkil olunan yubiley tədbirində universitetin professor-müəllim heyəti, tələbələr və qonaqlar iştirak ediblər. Tədbirdə çıxış edən universitetin Azərbaycan dili və pedaqogika kafedrasının müdiri Salatın Əhmədli deyib: “Hüseyn Cavid elə bir zirvədir ki, onun haqqında nə qədər danışsaq, yazsaq azdır, onun həyat yolu, yaradıcılığı bitib-tükənməyən sonsuz xəzinədir. Xalqın mənəvi yaddaşında silinməz izlər buraxan böyük sənətkar XX əsr Azərbaycan ədəbiyyatının yetişdirdiyi nadir ustadlardan, romantizm ədəbi məktəbinin poeziyamızda və dramaturgiyamızda yaradıcılarından biridir, əsərləri ilə nəsillərin mənəvi tərbiyəsini formalaşdıran qüdrətli sənətkardır”.
Ulu öndər Heydər Əliyevin göstərişi ilə 1982-ci ildə H.Cavidin nəşini uzaq Sibirdən gətirən nümayəndə heyətinin rəhbəri, ehtiyatda olan xidmət polkovniki, tarixçi-hüquqşünas Həmid Cəfərovun çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. O, sovet dönəmində ümummilli lider Heydər Əliyevin böyük cəsarəti, qətiyyətli addımı ilə Cavidin nəşinin Azərbaycana gətirilərək Naxçıvan torpağında dəfn edilməsini ədəbiyyatımız, mədəniyyətimiz, xalqımız üçün əlamətdar hadisə kimi qiymətləndirib. Vurğulayıb ki, yeni nəslin düşüncəsində, dünyagörüşündə Cavid obrazının canlanmasında, onun müasirimizə çevrilməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub.
AzMİU-nun nəqliyyat tikintisi və yol hərəkətinin təşkili kafedrasının müdiri Tağı Əhmədov isə ötən əsrdə Stalin repressiyasının qurbanı olan H.Cavidin ömür yoluna nəzər salıb, bəzi epizodlara diqqət çəkib. Ulu öndər Heydər Əliyevin Cavid irsinə daim yüksək dəyər verdiyini deyən T.Əhmədov bu ənənənin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, görkəmli dramaturqun 135 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsinə dair Sərəncamın bu diqqətin göstəricisi olduğunu vurğulayıb.
Əməkdar Artist Nuriyyə Hüseynova böyük şairin dərin məzmunlu yaradıcılığından danışıb, qüdrətli söz sənətkarının Azərbaycan ədəbiyyatı xəzinəsinə tarixi-mədəni dəyərlər bəxş etdiyini diqqətə çatdırıb. Sonra onun ifasında Nazim Quliyevin bəstələdiyi “Ellər, ay ellər” mahnısı səsləndirilib.
H.Cavidin Ev-Muzeyinin direktoru Gülbəniz Babaxanlı göstərilən diqqətə görə universitet rəhbərliyinə, Azərbaycan dili və pedaqogika kafedrasına təşəkkürünü bildirib. Muzeyin rəhbəri gəncləri Cavid irsini həmişə öyrənməyə, ona dəyər verməyə səsləyib.
Yubiley mərasimində tələbələr ədibin əsərlərindən parçalar söyləyib, mahnı oxuyub, kiçik səhnəciklər nümayiş etdiriblər.