AZƏRBAYCAN MUĞAMI BƏŞƏRİYYƏTİN ŞAH ƏSƏRLƏRİ SİYAHISINA DAXİL EDİLMİŞDİR
Noyabrın 7-də Parisdə, YUNESKO-nun iqamətgahında ölkələrin qeyri-maddi və şifahi irsinin bəşəriyyətin şah əsərləri siyahısına daxil edilməsi münasibətilə təntənəli mərasim keçirilmişdir. 2001-ci ildə təsis edilmiş bu siyahıyaalma mərasimi 2003-cü ildə ikinci dəfə qeyd olunmuşdur.
Mərasimi YUNESKO-nun baş direktoru Koişiro Matsuura açaraq, xalqların zəngin tarixindən xəbər verən qeyri-maddi və şifahi irsin ölkələr arasında dostluğun, mədəni əlaqələrin möhkəmlənməsində mühüm rolundan danışmış, 70 dövlətin öz irs nümunələrini seçimə təqdim etdiyini, dünyanın tanınmış yazıçısı Xuan Goytusolun başçılığı ilə münsiflər heyətinin 28 ölkəyə üstünlük verdiyini bildirmişdir. Sonra baş direktor siyahıya daxil edilmiş ölkələrin adlarını açıqlamış, o cümlədən respublikamızın xalq artisti Alim Qasımovun ifasında səslənmiş muğamın bəşəriyyətin şah əsərləri siyahısına daxil edildiyini bildirmiş və münsiflər heyətinin bununla bağlı rəsmi sənədini Azərbaycanın YUNESKO yanında nümayəndəsi, ölkəmizin Fransadakı səfiri Eleonora Hüseynovaya təqdim etmişdir.
Mərasimdə seçimə təqdim olunmuş şah əsərlərlə bağlı sənədli filmlərdən fraqmentlər göstərilmişdir. Azərbaycan muğamlarından bəhs edən sənədli film alqışlarla qarşılanmışdır. Çox fərəhli haldır ki, ölkəmizə yüksək etimad göstərilmiş, 28 ölkənin nümayəndələrindən yalnız Alim Qasımov mərasim iştirakçıları qarşısında çıxış etmişdir.
Tədbirdən sonra səfir E.Hüseynova Almaniya dövlət radiosuna və Latviya milli televiziyasına verdiyi müsahibələrində bu gün bəşəriyyətin şah əsərləri siyahısına daxil edilmiş muğamlarımızın tarixi köklərindən, son vaxtlar dünyada daha geniş yayılan mədəniyyətimizin əsas tərkib hissəsi olmasından, onun zənginliyindən, dünya mədəniyyəti xəzinəsində özünəməxsus yer tutmasından danışmış, münsiflər heyətinə və bu mərasimin əsas təşkilatçısı olan YUNESKO-nun rəhbərliyinə təşəkkürünü bildirmişdir.
Tədbirin sonunda iştirakçıların çoxsaylı xahişini nəzərə alan Alim Qasımov konsert proqramı ilə çıxış etmişdir. Onu tarda Malik Mənsurov və kamançada Rauf İslamov müşayiət etmişlər. Xanəndəmizin hər bir ifası dinləyicilər tərəfindən sürəkli alqışlarla qarşılanmışdır.