SİYASƏT
AZƏRBAYCAN NÜMAYƏNDƏSİ BMT BAŞ MƏCLİSİNİN XÜSUSİ SESSİYASINDA ÇIXIŞ ETMİŞDİR
York şəhərində BMT Baş Məclisinin uşaqların vəziyyətinə dair xüsusi sessiyasında aparılan əsas müzakirələrdən biri hərbi münaqişələrin uşaqlara mənfi təsirinə həsr olunmuşdu. Azərbaycanı təmsil edən baş nazirin müavini, Prezidentin şəxsi nümayəndəsi Elçin Əfəndiyev mayın 9-da geniş iclasda çıxış edərək bildirmişdir ki, Ermənistanın ölkəmizə təcavüzü nəticəsində qaçqın və məcburi köçkünə çevrilən bir milyon azərbaycanlıdan 250 min nəfəri uşaqlardır. Minlərlə uşaq əlil olub, yetim qalıbdır. Yüzlərlə uşaq isə həlak olub, girov götürülübdür. BMT Təhlükəsizlik Şurasının hələ 1993-cü ildə münaqişəyə dair qəbul etdiyi dörd qətnaməni xatırladan Azərbaycan nümayəndəsi bu sənədlərin səmərəsizliyini təəssüflə vurğulamışdır. E.Əfəndiyev demişdir ki, qaçqın düşərgələrində və digər müvəqqəti siğinacaq yerlərində yaşayan uşaqlar ağır psixoloji sarsıntı keçirirlər.
E.Əfəndiyev BMT baş katibinin uşaqların məsələləri üzrə xüsusi nümayəndəsi Olara Otunu Azərbaycana dəvət edərək, ölkəmizdəki acı həqiqətləri öz gözləri ilə görməyə çağırmışdır. Xanım Otun bu dəvəti qəbul etmişdir.
Baş nazirin müavini xüsusi sessiya çərçivəsində Türkiyə, Moldova, Gürcüstan və digər ölkələrin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər də keçirmişdir. Bu görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
NYU-YORK