SİYASƏT
AZƏRBAYCAN PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİNİN ÇİNƏ SƏFƏRİ BAŞA ÇATMIŞDIR
Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Murtuz Ələsgərovun başçılıq etdiyi parlament nümayəndə heyəti Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri cənab Li Penin dəvəti ilə Çin Xalq Respublikasında rəsmi səfərdə olmuşdur.
Səfər müddətində nümayəndə heyəti Çin parlamentinin sədri Li Pen, Çin Xalq Respublikası sədrinin müavini Hu Szintao ilə, digər rəsmi şəxslərlə görüşlər keçirmiş, Sülh Naminə Asiya Parlamentlərarası Assosiasiyasının III Konfransında, habelə Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında diplomatik əlaqələrin yaradılmasının 10-cu ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etmişdir.
Milli Məclisin sədri Murtuz Ələsgərov konfransda çıxış etmiş, tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə görüşüb söhbətlər aparmışdır.
Aprelin 23-də parlament nümayəndə heyəti Bakıya qayıtmışdır. Milli Məclisin sədri Murtuz Ələsgərov jurnalistləri maraqlandıran suallara ətraflı cavab vermişdir.
Binə hava limanında nümayəndə heyətini Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, parlament sədrinin müavini Ziyafət Əsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər qarşılamışlar.