RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AVROPA İTTİFAQININ ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 8-də Prezident sarayında Avropa İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alan Vaddamsın etimadnaməsini qəbul etmişdir.
Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Alan Vaddams etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.
Xatirə şəkli çəkdirildikdən sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Səfir qeyd etdi ki, Avropa İttifaqı Azərbaycana regionda çox mühüm tərəfdaş kimi baxır və təmsil etdiyi təşkilatın ölkəmizlə əlaqələri uğurla inkişaf edir. O, səfir kimi fəaliyyətində bütün səylərini bu əlaqələrin daha da genişlənməsinə sərf edəcəyini vurğuladı.
Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini bildirdi, yeni qonşuluq siyasətində Azərbaycanın fəal iştirak etdiyini vurğuladı. Dövlətimizin başçısı Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının bundan sonra da genişlənəcəyinə əminliyini bildirdi.
######