Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ rayonunda “Holcim-Azərbaycan” ASC-nin yeni sement zavodunun açılışında iştirak etmişdir

Bakı, 10 iyul (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da Bakının Qaradağ rayonunda “Holcim-Azərbaycan” ASC-nin yeni sement zavodunun açılışında iştirak etmişdir.

İqtisadi inkişaf naziri Şahin Mustafayev və “Holcim”in baş icraçı direktoru Bernard Fontana dövlətimizin başçısına yenidənqurma işləri barədə ətraflı məlumat verdilər. Bildirildi ki, quru üsulla məhsul istehsal edən zavod Cənubi Qafqaz regionunun sement sənayesində yeni dövrün başlanğıc nöqtəsi olacaqdır. Üç yüz milyon avro dəyərində olan zavodun təməli 2009-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuşdur. Dünyanın 70-dən çox ölkəsində 80 min əməkdaşı çalışan İsveçrənin “Holcim” şirkətinin Azərbaycan iqtisadiyyatının inkişafında yaxından iştirakı ölkəmizdə istər yerli, istərsə də xarici investorlar üçün yaradılan əlverişli və etibarlı investisiya mühitinin məntiqi nəticəsidir. “Holcim-Azərbaycan”ın səhmdarları İsveçrənin “Holcim” Şirkətlər Qrupu, Azərbaycan İnvestisiya Şirkəti, Avropa Yenidənqurma və İnkişaf Bankı, həmçinin bir qrup yerli fiziki şəxslərdir. Azərbaycan İnvestisiya Şirkəti bu layihəyə 19 milyon manat məbləğində sərmayə yatırmışdır. Müəssisədə 500 nəfər işlə təmin olunmuşdur.

Azərbaycan Prezidenti müəssisənin istehsal prosesini əks etdirən stendlərə baxdı.

Qeyd edildi ki, quru üsulla sement istehsalı yanacaq sərfiyyatı və ətraf mühitə təsiri baxımından daha səmərəli olduğu üçün Avropada geniş yayılmış texnologiyadır. Ölkənin qeyri-neft sektoruna yönəldilən bu investisiya Azərbaycan iqtisadiyyatının daha da inkişafına və keyfiyyətli yerli məhsul istehsalının genişləndirilməsinə hərtərəfli təkan verəcəkdir.

Vurğulandı ki, istehsal avadanlığının 80 faizi təkmilləşdirilmiş, köhnə yaş üsulla işləyən dörd sobanı hazırda quru üsulla işləyən bir soba xətti əvəzləyir. Müəssisə tam gücü ilə işə düşdükdə sement istehsalının həcmi 30 faiz artaraq ildə 1,3 milyon tondan 1,7 milyon tona, klinker istehsalı isə 0,86 milyon tondan 1,24 milyon tona çatdırılacaqdır. Ətraf mühitə mənfi təsirin minimuma endirilməsi baxımından da həyata keçirilən tədbirlər böyük əhəmiyyət kəsb edir. Bu prosesin daha da təkmilləşdirilməsi və innovativ alternativ yanacaq resurslarından istifadə daim diqqət mərkəzində saxlanılır.

Dövlətimizin başçısına “Holcim-Azərbaycan” ASC-nin məhsullarının çeşidi, istehsalatda istifadə edilən xammal və digər qatqılar nümayiş etdirildi.

Prezident İlham Əliyevə texniki-iqtisadi göstəricilər əsasında yeni və köhnə müəssisələrdəki əsas avadanlığın müqayisəli təhlili göstərildi. Qeyd olundu ki, yeni müəssisədə ABŞ, Almaniya, İtaliya, İsveçrə və digər inkişaf etmiş ölkələrin avadanlığı quraşdırılmışdır.

Azərbaycan Prezidenti “Holcim” şirkətinin Azərbaycanda fəaliyyəti və yeni texnologiya əsasında quraşdırılmış müəssisə barədə qısa filmə baxdı.

Prezident İlham Əliyev zavodu işə saldı.

Dövlətimizin başçısı açılış mərasimində çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Əziz dostlar!

Hörmətli xanımlar və cənablar!

Mən sizin hamınızı “Holcim-Azərbaycan” sement zavodunun açılışı münasibətilə ürəkdən təbrik edirəm.

Üç il bundan əvvəl biz burada yeni sement zavodunun təməl daşını qoyduq. Mən çox şadam ki, üç ildən sonra gözəl, müasir, yeni sement zavodu fəaliyyətə başlayır. Əminəm ki, bu zavodun fəaliyyəti nəticəsində Azərbaycan iqtisadiyyatı, Azərbaycanın sənaye potensialı daha da artacaq və möhkəmlənəcəkdir.

Qaradağ sement zavodu 1950-ci illərdə yaradılmışdır. Əlbəttə ki, vaxt keçdikcə texnologiya köhnəlmişdir və müasir tələblərə cavab vermirdi. Baxmayaraq ki, bu sahədə dünyanın aparıcı şirkəti olan “Holcim” on ildən artıqdır bu zavodu işlədir və buraya sərmayə qoymuşdur. Yeni zavodun tikilməsi, əlbəttə ki, çox vacib idi. İsveçrə ilə Azərbaycan rəhbərliyi arasında aparılmış danışıqlar və əldə edilmiş razılaşmalar nəticəsində yeni zavodun tikintisi haqqında qərar qəbul edildi. Mən o günləri yaxşı xatırlayıram. Xatırlayıram ki, qərar verildikdən dərhal sonra - 2009-cu ildə yeni zavodun təməl daşı qoyuldu. Bu zavod bütün müasir standartlara cavab verir. Burada ən son texnologiyalar tətbiq edilib. Çox sevindirici haldır ki, bu zavod ekoloji cəhətdən tamamilə təhlükəsizdir.

Azərbaycanda ekologiya məsələlərinə çox böyük diqqət göstərilir, ekoloji tədbirlər həyata keçirilir. Əlbəttə ki, biz bu zavodun ekoloji cəhətdən təhlükəsiz olmasını alqışlayırıq.

Bu zavod, eyni zamanda, İsveçə-Azərbaycan əməkdaşlığının nümunəsidir. İki ölkə arasındakı əlaqələr sürətlə inkişaf edir, qarşılıqlı rəsmi səfərlər, qarşılıqlı heyətlərin səfərləri həyata keçirilir. Bizim çox gözəl siyasi və iqtisadi əlaqələrimiz vardır. “Holcim” zavodunun Azərbaycanda fəaliyyətə başlaması qarşılıqlı inamın təzahürüdür. Eyni zamanda, Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR İsveçrənin enerji sənayesinə böyük həcmdə sərmayə qoyur. İsveçrədən Azərbaycanın qeyri-neft sektoruna sərmayə qoyulur, Azərbaycandan isə İsveçrənin enerji sektoruna sərmayə qoyulur. Bu, özlüyündə gözəl bir göstəricidir. Çünki əlaqələrimiz çoxşaxəlidir və qarşılıqlı maraqlar əsasında qurulubdur. Mən çox şadam ki, bu zavod, eyni zamanda, İsveçrə-Azərbaycan dostluğunu da gücləndirəcəkdir.

Azərbaycanda qeyri-neft sektorunun inkişafına çox böyük diqqət göstərilir. Bu, bizim siyasətimizin əsas istiqamətidir. Bu ilin altı ayında Azərbaycanda qeyri-neft sektoruna aid olan iqtisadiyyat 11 faizdən çox artmışdır. Yəni, bu, görülən işlərin məntiqi nəticəsidir. Biz enerji resurslarımızdan səmərəli şəkildə istifadə edərək qeyri-neft sektoruna sərmayə qoymaqla, ölkəmizi hərtərəfli şəkildə inkişaf etdiririk.

Zavodun fəaliyyətə başlaması yerli istehsalın gücləndirilməsi məsələlərini də həll edir. Bu məsələyə də böyük diqqət göstərilir. Biz istəyirik ki, Azərbaycanda istehlak olunan əsas məhsullar ölkəmizdə istehsal edilsin. Sement zavodunun fəaliyyətə başlaması nəticəsində, əminəm ki, bir neçə ildən sonra biz sementlə də özümüzü təmin edəcəyik. Azərbaycanda sementin illik istehlakı 3,3 milyon tondur. “Holcim-Azərbaycan” sement zavodunun istehsal gücü 1,7 milyon tondur. Amma nəzərə alsaq ki, bu yaxınlarda Naxçıvanda 300 min tonluq zavod istifadəyə verilmişdir, yaxın zamanlarda Ağstafada 1 milyon tonluq zavod istifadəyə veriləcəkdir, Qaradağ rayonunda 2 milyon tonluq zavod inşa edilir, bir neçə ildən sonra Azərbaycanda istehsal olunan sementin həcmi tələbatımızdan daha da artıq olacaqdır. Ancaq ölkəmizin iqtisadiyyatı çox sürətlə inkişaf edir. Gələcəkdə, şübhəsiz, daxili tələbat daha da artacaqdır. Çünki ölkəmizdə böyük tikinti və quruculuq işləri aparılır. Yəni, bir sözlə, bu zavodun fəaliyyəti nəticəsində ümid edirəm ki, gələcəkdə sement sahəsində ixrac imkanlarımız da yaradılacaqdır.

Zavodda işləyənlərin mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Bu da çox müsbət haldır. Zavodun fəaliyyəti nəticəsində yüzlərlə insan işlə təmin edilir. Mən burada gəncləri görürəm, buna çox sevinirəm. Çünki gənclər bu işlərdə daha da fəal iştirak etməlidirlər. Ən müasir texnoloji prosesdə fəal iştirak etməlidirlər və Azərbaycan gəncləri bütün sahələrdə daha da fəal olmalıdırlar. Yerli kadrların hazırlanması, yerli istehsalın yaradılması, idxalı əvəzləyən məhsulların buraxılması, xarici investisiyaların cəlb edilməsi - bax, biz bu zavodun timsalında bütün bu mühüm amilləri görürük.

Onu da qeyd etmək istəyirəm ki, zavodun təməli 2009-cu ildə qoyulmuşdur. 2009-cu il dünyada maliyyə və iqtisadi böhranın ən ağır ili kimi tarixdə qalmışdır. Bu böhrana və bəzi bankların ağır vəziyyətə düşməsinə baxmayaraq, “Holcim” şirkəti 2009-cu ildə Azərbaycan iqtisadiyyatına böyük sərmayə qoyulması haqqında qərar vermişdir. Yəni, bu, Azərbaycan iqtisadiyyatına inamın, Azərbaycanda investisiya iqliminin çox yüksək səviyyədə olmasının təzahürüdür. Biz, əlbəttə ki, bu addımı yüksək qiymətləndiririk.

Mən bu gün fürsətdən istifadə edərək “Holcim” şirkətinin rəhbərliyinə, xüsusilə “Holcim”in keçmiş prezidenti cənab Akermana xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Biz cənab Akerman ilə bərabər bu zavodun tikintisinin əvvəlində qərar verən insanlarıq. Bizim qərarlarımız icra edilir. Üç il bundan əvvəl burada zavodun təməl daşını bərabər qoyduq və bu gün gözəl açılış mərasimində iştirak edirik.

Azərbaycanda, ümumiyyətlə, investisiya iqlimi çox müsbətdir. Son 17 il ərzində Azərbaycanda 120 milyard dollardan çox, keçən il 15 milyard dollar sərmayə qoyulmuşdur. Bu il isə təqribən 18 milyard dolar sərmayə qoyuluşu gözlənilir. Bundan sonrakı illərdə də investisiya qoyuluşu əminəm ki, yüksələn xətlə davam edəcək və bu bizə imkan verəcək ki, ölkəmizin bütün infrastruktur layihələrini icra edək, bütün köhnəlmiş infrastrukturu yeniləşdirək, güclü sənaye potensialı yaradaq.

Zavodun Qaradağ rayonunun ərazisində yerləşməsi əlbəttə ki, təbii səbəblər əsasında mümkün olubdur. Çünki burada, yaxında zavodun məhsul istehsalı üçün lazım olan xammal yataqları vardır. Sovet dövründə bu zavod burada tikilmişdir. Əlbəttə, Qaradağ rayonunun gələcək sənaye inkişafı ilə bağlı bizim konkret fikirlərimiz vardır. Mən dəfələrlə demişəm ki, Azərbaycanın yeni sənaye mərkəzlərindən biri də Qaradağ rayonu olmalıdır. Qaradağ rayonu inkişaf edir. Burada həm güclü sənaye potensialı yaradılır, eyni zamanda, turizm obyektlərinin yaradılması, tikintisi məsələləri də gündəlikdədir.

Bir sözlə, bugünkü açılış mərasimi həm çox sevindiricidir, eyni zamanda, onu göstərir ki, Azərbaycanın inkişafı düzgün istiqamətdə gedir. Xarici investorlar bizə inanır, biz xarici investorlar üçün gözəl şərait yaradırıq. Hökumət nümayəndələri ilə böyük şirkətlər arasında əlaqələr də çox müsbətdir. Yerli istehsalın artırılmasında xarici sərmayədarlar bizə kömək göstərirlər. Eyni zamanda, zavodda tətbiq olunan texnologiya ən son, ən müasir texnologiyadır. Əlbəttə ki, Azərbaycanda bu texnoloji inkişaf, elmi tərəqqi, inkişaf məsələləri də daha da dolğun şəkildə öz həllini tapır.

Əziz dostlar, mən bir daha bugünkü mərasimdə “Holcim” şirkətinin rəhbərliyinə, cənab Akermana və “Holcim”in yeni rəhbərinə minnətdarlığımı bildirmək istəyirəm. Sizin hamınızı bu zavodun açılışı münasibətilə təbrik etmək istəyirəm. Bu fürsətdən istifadə edərək tərəfdaşlara, bizim investorlara, xarici investorlara bir daha müraciət etmək istəyirəm ki, Azərbaycan xarici investisiyalar üçün çox gözəl yerdir. İnvestisiyalar burada qorunur. Biz bu investisiyaları alqışlayırıq, xarici investorlar üçün bütün gözəl şəraiti yaradırıq və bundan sonra da yaradacağıq. Bir daha sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar arzulayıram. Sağ olun.

X X X

İsveçrənin Azərbaycandakı səfiri xanım Sabine ULMANN ŞABAN çıxış edərək dedi:

- Cənab Prezident.

Cənab nazir.

Cənab Fontana.

Hörmətli qonaqlar.

Cənab Prezident, “Holcim”in yeni zavodunun rəsmi açılışında

iştirak etdiyinizə görə Sizə dərin təşəkkürümüzü bildiririk və Siz bu gün öz iştirakınız ilə İsveçrəni və “Holcim”i şərəfləndirdiniz. Bu tədbirə qatılmaq məqsədi ilə yanvar ayında Davosda cənab Akerman dəvəti təqdim etdikdə Siz bu dəvəti tərəddüd etmədən qəbul etdiniz.

Azərbaycan və İsveçrə bir çox sahələrdə əla tərəfdaşdırlar. “Holcim”in yeni layihəsinin reallaşması bu münasibətlərin canlı olmasının sübutudur. Sizin və hökumətinizin dəstəyi olmadan bu nailiyyət mümkün olmazdı. Yaxşı tərəfdaş olmaq üçün dövlətlər də insanlar kimi bir-birinə etimad göstərməlidirlər. Azərbaycan ilə İsveçrə arasında yaxşı münasibətlərin əsas cəhəti qarşılıqlı etimad və hörmətdir. Bu iki keyfiyyət olmadan “Holcim” heç vaxt Azərbaycanın qeyri-neft sektorunda vacib hissə ola bilməzdi. Bu etimad olmadan Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti isə, öz növbəsində, İsveçrənin neft sektoru bazarında mühüm rol oynamaq üçün bizim ölkəyə heç zaman gəlməzdi.

Azərbaycanın və İsveçrənin bu iki şirkəti ölkələrimiz arasında kommersiya sahəsində yaxşı əməkdaşlığın əla nümunəsidir. İsveçrənin ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm rol oynayan kiçik bir şəhəri vardır. Bu şəhər Davos adlanır. Öz gözəl təbiəti və xizəksürmə yerləri ilə tanınan İsveçrənin Alp dağlarındakı bu kiçik şəhərinin adı Dünya İqtisadi Forumu ilə bağlıdır. Bu, biznes dairələrini, siyasətçiləri və cəmiyyətin digər liderlərini bir araya gətirərək, dünyadakı durumun yaxşılaşdırılmasına çalışan beynəlxalq təşkilatdır.

Cənab Prezident, Davos uzun illərdir ki, Sizi öz qonaqları sırasında görməkdən fərəhlənir. Siz bu tədbirin mühüm iştirakçısısınız və dünyanın sabahının formalaşdırılmasına sadiqsiniz. Siz bunun ölkəniz üçün və dünyadakı digər bütün ölkələr üçün nə qədər vacib olduğunu bilirsiniz.

2009-cu ildə biz burada təməlqoyma mərasimini keçirdik. İndi isə bu gün artıq nailiyyət göz qabağındadır və bütün bu işlər həm Azərbaycan, həm İsveçrə tərəfdaşlarının dəstəyi olmadan mümkün olmazdı. Cənab Prezident, bu uğurun əldə edilməsi üçün Sizin verdiyiniz dəstək həlledici idi. Həmçinin burada çalışan azərbaycanlı işçilərin, “Holcim-Azərbaycan”ın və “Holcim”in İsveçrədə olan rəhbərliyinin səyləri məhz bu işdə mühüm rol oynadı.

Mən bu nailiyyəti mümkün edən bütün şəxsləri bu münasibətlə təbrik etmək istəyirəm. Bu, çox mühüm bir nəticədir. “Holcim Group” dünyanın 70 ölkəsində fəaliyyət göstərir və fəaliyyət sahəsində mühüm şirkətlərdən biri hesab olunur. “Holcim Group” fəaliyyətini güclü şəkildə saxlamağa nail olmuşdur, çünki bu şirkət, həmçinin ətraf mühitin qorunmasına da əhəmiyyət verir.

Cənab Prezident, Sizin qeyd etdiyiniz kimi, ətraf mühitin qorunması, təmiz, yeni, müasir texnologiyalardan istifadə həm Azərbaycan, həm İsveçrə, həm də “Holcim” şirkəti üçün vacib məsələlərdən biridir. Əslində, bu gün açılışında iştirak etdiyimiz yeni zavod məhsulların istehsalı üçün məhz ən yeni istehsal xəttini özündə əks etdirir və artıq bunun istismara verilməsi “Holcim”in dünyanın bir çox yerlərində oxşar layihələri həyata keçirməsində nümunə kimi çıxış edəcəkdir. Yeni, müasir zavodun istifadəyə verilməsi, həmçinin yeni iş yerlərinin açılması ilə də bağlıdır. Bu da mühüm əhəmiyyət kəsb edir.

Cənab Prezident, hörmətli qonaqlar!

Bugünkü tədbir Azərbaycan ilə İsveçrə arasında iqtisadi münasibətlərin inkişafının təzahürüdür və mən tam əminəm ki, gələcəkdə bu sahədə bizim yeni nəticələrimiz olacaqdır. Bu nailiyyəti mümkün edən hər bir şəxsi bir daha təbrik etmək istərdim.

Sağ olun.

X X X

“Holcim” şirkətinin baş icraçı direktoru Bernard FONTANA çıxış edərək dedi:

- Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev!

Cənab nazir Mustafayev!

Hörmətli xanım səfir Ulmann!

Hörmətli qonaqlar!

Cənab Prezident! Yeni zavodun rəsmi açılışı münasibətilə bu gün bizimlə olmağınızdan “Holcim-Azərbaycan” və mən xüsusi şərəf hissi duyuruq.

Mən 2012-ci ildə Davosda Dünya İqtisadi Forumunda keçmiş baş icraçı direktor cənab Markus Akermanın dəvətini qəbul etdiyinizə görə Sizə səmimi qəlbdən minnətdarlığımı bildirirəm.

Bu cür mühüm layihəyə dəstək verdiyinizə görə, burada - Qaradağda rəhbərliyimiz, işçilərimiz adından və “Holcim Group”un adından Sizə təşəkkürümüzü bildiririk.

“Holcim Group” və “Holcim-Azərbaycan” bu vacib layihə üçün lazımi icazələrin və lisenziyaların verilməsinə gəldikdə, hökumət qurumları ilə çox sıx əməkdaşlıq aparmış və onların dəstəyini almışdır. Əslində verilən bu dəstək çox mühüm idi. Mən çox şadam ki, bu gün biz hamımız yeni zavodun açılışı mərasimində birgə iştirak edirik. Böyük fərəh hissi ilə qeyd edirəm ki, bizim burada yatırdığımız sərmayənin həcminə gəldikdə bu, Azərbaycanın qeyri-neft sektoruna qoyulan xarici sərmayələr sırasında ən böyük sərmayələrdən biridir.

Bu, Azərbaycan ilə İsveçrə arasında məhz iqtisadi sahədə aparılan əməkdaşlığın ən böyük nümunəsidir. Bu, həmçinin “Holcim Group”un əldə etdiyi nəticədir. Dünyanın 70 ölkəsində fəaliyyət göstərərək sement, beton məhsulları istehsal edən “Holcim Group” bu baxımdan ən yüksək tələblərə cavab verən şirkətlərdən biridir. Həmçinin insan sağlamlığı, təhlükəsiz iş üslubunun tətbiq edilməsi və ətraf mühit baxımından yararlı məhsulların istehsalına gəldikdə, biz beynəlxalq səviyyədə tanınmış şirkətə çevrildik.

Bildiyiniz kimi, bu il “Holcim” şirkəti 100 illiyini qeyd edir. Fəaliyyətə başladığı ilk anlardan “Holcim Group” daimi olaraq elə bir strateji xətt tutmuşdur ki, onun istehsal etdiyi məhsullar tikinti materialları sənayesində böyük keyfiyyətlə fərqlənsin. Lakin şirkətimiz bundan sonra da hər il keçdikcə yeni üsulların tətbiq edilməsində və yeni texnoloji proseslərin davamlı şəkildə mənimsənilməsində addımlarını davam etdirmək əzmindədir.

“Holcim Group” bundan sonra da məhz Azərbaycanda başladığı bu işləri davam etdirmək və əslində qazandığı uğurların sayını daha da çoxaltmaq fikrindədir. Bu baxımdan “Holcim Group” həm insan kapitalının formalaşdırılmasında, həm də yerli resursların bu işə daha da geniş şəkildə cəlb olunmasında, ətraf mühitin qorunmasında, yüksək keyfiyyətli məhsulların istehsalında, həmçinin maarifləndirmə proseslərinin aparılmasında qərarlıdır.

Biz son 13 il ərzində Azərbaycanda genişmiqyaslı fəaliyyətimizi davam etdirmişik. Bundan sonra da özümüz üçün müəyyən etdiyimiz məqsədlərə nail olmaq ənənəmizə sadiqik.

Hər hansı bir tikinti işi beton tələb edir. Betonun alınması üçün də sementin istehsalı çox vacibdir. Təbii ki, inkişaf edən cəmiyyət və inkişaf edən iqtisadiyyata sement lazımdır. “Holcim-Azərbaycan” keyfiyyətli tikinti materiallarının təchizatçısı kimi mühüm rol oynamağa sadiqdir. Biz bundan sonra da görəcəyimiz işlərin miqyasını genişləndirməkdə davam edəcəyik.

Mən bu fürsətdən istifadə edib öz işçilərimizə və “Holcim- Azərbaycan”ın rəhbərliyinə həm keyfiyyətinə, həm də kəmiyyətinə görə Azərbaycana lazım olan qədər sementin istehsalında uğurlar arzulayıram.

Əslində burada çalışan heyət çox gözəl işi yerinə yetirir. Daxili tələbatın sürətlə artmasını nəzərə alaraq buna cavab verməyə çalışır.

Həm ətraf mühitin qorunması, həm texnoloji proseslərin daha məhsuldarlığı baxımından bundan sonra da bu yeni zavodun istismarı ilə “Holcim-Azərbaycan” ölkədə öz nailiyyətlərini daha da artırmaq fikrindədir.

İstismara verilən yeni zavodda müasir texnologiyaların tətbiq edilməsi nəticəsində havaya buraxılan zərərli maddələrin həcmi də gözəçarpan dərəcədə azalacaqdır.

Azərbaycanda bizim dəyərli alıcılarımıza, müştərilərimizin gözləntilərinə cavab vermək məqsədi ilə biz Qaradağ sement zavodunda keçmişdə mövcud olan sulu xətlərin əvəz edilməsi və məhsuldarlığın bu yeni istismar xətti ilə 30 faizə qədər artırılmasına nail olacağıq.

Cənab Prezident!

Hörmətli qonaqlar!

“Holcim Group” Azərbaycanda bu layihəni həyata keçirməklə uzunmüddətli sadiqliyini bundan sonra da bir daha nümayiş etdirir. “Holcim Group” və “Holcim-Azərbaycan”, ümumiyyətlə, ölkənin inkişafına töhfə olaraq sement istehsalını bundan sonra artıracaqdır.

Əslində bu gün keçirilən bu tədbir aramızda olan mühüm əlaqələrin göstəricisidir. Bu, “Holcim-Azərbaycan”ın ölkədə tutduğu mövqeyindən, onun Azərbaycanın gələcək inkişafına töhfəsindən və ona olan sadiqliyindən xəbər verir.

Diqqətinizə görə çox sağ olun!

X X X

Prezident İlham Əliyev müəssisənin kollektivinə xoş arzularını çatdırdı və onlara yeni-yeni uğurlar arzuladı.

Sonda xatirə şəkli çəkdirildi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Reuters”: Makronun oyunu Avropanın gələcəyini təhlükə altına salır

“Qazax Aqropark”ının kartof sahəsində məhsul yığımına başlanılıb

Ankaradakı təlimlərin 4-cü günü: Media nümayəndələrinə zəruri müdafiə fəndləri öyrədilib

Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub

Ədliyyə naziri İraqın nümayəndə heyəti ilə görüşüb

XİN Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Astana görüşü ilə bağlı Bəyanat yayıb

“Azerbaijan Best Awards” mükafatlandırma mərasimində AZƏRTAC da təltif olunub

Türkiyə Milli Müdafiə Nazirliyi: Suriya və İraqda ilin əvvəlindən 1327 terrorçu zərərsizləşdirilib

Ərdoğan: Dünyada "güclünün hüququ" üstünlük təşkil etməməlidir

Azərbaycanın mina problemi Belçikada keçirilən silsilə tədbirlərdə müzakirə olunur

IELTS imtahanında uğur qazanmış BDU tələbələri təltif ediliblər

Birgə Bəyannamə Azərbaycan-Çin əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyinin təsdiqidir - RƏY

Ermənistan ABŞ-la birlikdə yeni AES tikməyi planlaşdırır

Azərbaycan-İsrail Məzunları Assosiasiyasının təqdimat mərasimi keçirilib

Azərbaycan və İraqın hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlığın aparılmasının vacibliyi müzakirə edilib

Politoloq: Azərbaycanın ŞƏT ilə münasibətləri xalqımızın və dövlətimizin maraqlarına xidmət edir

Tokayev: ŞƏT ölkələrinin xarici ticarət dövriyyəsi 8 trilyon dolları ötüb

Belarus nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub

Bu il BDU-nun “SABAH” qruplarını 244 məzun bitirir

® “Rabitəbank” yeni konseptli Lənkəran filialının açılışını etdi

Ağstafa Gənclər evinə mediatur təşkil edilib

“Yüksəliş” müsabiqəsinin İşçi Qrupu qiymətləndirmə prosesində iştirak edəcək ekspertlər üçün təlimlərə başlayıb

ADU-da Şeyx Zayed adına Ərəb dili auditoriyası açılıb

Azərbaycanda zoonoz xəstəliklərlə mübarizəyə həsr olunmuş beynəlxalq tədbir başa çatıb

Prokurorluq: MTK-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb

Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Prezident İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb

Fransızların yarısı seçkilərdə Le Penin partiyasının qalib gəlməsini istəyir

“Gasgoo” nəşri: “BYD” konqlomeratı Azərbaycana elektrik avtobusları tədarük edəcək

Türkiyənin antik tarixi – Likya, Kariya, Pisidia

“Araz-Naxçıvan”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki potensial rəqibləri müəyyənləşib

Fövqəladə Hallar Nazirliyində COP29-la bağlı qərargah yaradılıb

"İTi Zəka-2" hakatonunun mükafatlandırma mərasimi keçirilib

Hava şəraiti ilə əlaqədar olaraq ölkə üzrə yanğın indeksi açıqlanıb

AMADA Türkiyənin antidopinq qurumları ilə əməkdaşlığı genişləndirir

Ekologiya və Təbii Sərvətlər Nazirliyində qanvermə aksiyası keçirilib

BMT Cenevrə Ofisinin rəhbəri Azərbaycana səfər edib

UNEC magistraturaya qəbul olanlara müraciət edib

Konstitusiya Məhkəməsində İraq Respublikasının Ali Məhkəmə Şurasının nümayəndə heyəti ilə görüş keçirilib

Gənc Avropa səfirləri Bakıda süni intellektdən istifadəyə dair təlim keçiblər

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları Moskvada uşaq evində olublar VİDEO

Azərbaycan Prezidenti: COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik

Antonio Quterreş: ŞƏT dünyanın ən böyük regional təşkilatıdır

Azərbaycanda keçirilən yaşıl iqtisadiyyatla bağlı konfrans İordaniya mətbuatının diqqət mərkəzində olub

Prezident İlham Əliyev: Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır

Prezident: Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT arasında əməkdaşlığın vacib sahəsini təşkil edir

Heydər Əliyev Beynəlxalq Aeroportu “ACI EUROPE 2024” İllik Konqresi və Baş Assambleyasında iştirak edib

Milli Depozit Mərkəzi ikinci rübdə 1 milyard manatdan çox ödəniş həyata keçirib

Astanada “ŞƏT plyus” formatında görüş keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edib  YENİLƏNİB-3 VİDEO

Yenidən təmir olunan Ağstafa peyntbol və atıcılıq mərkəzi fəaliyyətini genişləndirir

“Vikipediya”nın gürcü dili bölməsində azərbaycanəsilli istifadəçilərin fəallığı artır

Bölgələrdəki günərzi qayğı mərkəzlərində 900-dən çox uşağa xidmətlər göstərilir

® “Caspian Energy Club Czechia” aktiv fəaliyyətini davam etdirir

“Araz-Naxçıvan”ın kapitanı püşkatma barədə danışıb

Ersin Tatar: ŞKTR-i dəstəklədiyinə görə Prezident İlham Əliyevə minnətdaram

Azərbaycanda Çili ədəbiyyatına məxsus pyesin təqdimatı keçirilib

AQTİ sahibkarlar üçün infotur təşkil edib

Naxçıvan boksçusu Yakutiyada medal qazanıb

Azərbaycan dili fənni üzrə test imtahanının nəticələri elan olunub

Fransada seçkilərin növbəti turundan sonra potensial iğtişaşların qarşısının alınmasına daha çox polis əməkdaşı cəlb olunacaq

Coğrafiya İnstitutunun iştirakı ilə Almaniyada geoparklarla bağlı beynəlxalq seminar keçirilib

Avtomobil Yolları Dövlət Agentliyinin “Çağrı mərkəzi”nə iyun ayında 504 zəng daxil olub

Çempionlar Liqası: “Araz-Naxçıvan”ın rəqibləri bəlli olub

Türkiyəli ekspert: Bakı ilə İrəvan arasında sülh Cənubi Qafqazın qlobal nüfuzunu artıracaq

Azərbaycan Ordusunda taktiki-xüsusi təlim keçirilir

Qardabani Təhsil və İnteqrasiya Mərkəzi tədris ilini uğurla başa vurub

“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun Şuşada işgüzar görüşü keçirilib

Tbilisidəki Mtastminda parkında yanğın baş verib

Diaspor Gənclərinin 5-ci Yay Düşərgəsinə müraciətlərin sayı rekord həddə çatıb

Astanada “ŞƏT Plyus” görüşü keçirilir

® “Kapital Bank”ın dəstəyi ilə keçirilən “My Technology” müsabiqəsi başa çatıb

Monitorinq aparılan 19 kartofçuluq təsərrüfatında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb

Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin növbəti uğuru

Ağsu və Kürdəmirdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq

İmişli şəhər tullantı poliqonunda tullantıların yandırılması faktı aşkarlanıb

ŞƏT-in Zirvə toplantısına növbəti dəvət Prezident İlham Əliyevin nüfuzunun göstəricisidir - ŞƏRH

Ölkəmizdə ilk dəfə “İFest” - innovasiya və texnologiya festivalı keçiriləcək

“Magellanın dövri-aləm səyahəti” romanı almancadan ana dilimizə tərcümə olunub

Prezident İlham Əliyevin ŞƏT-in Zirvə toplantısı çərçivəsində keçirdiyi görüşlər dünya mediasının diqqət mərkəzində olub

“Kəpəz” klubu icarə əsasında oynayan futbolçunu birdəfəlik transfer edib

Ali Məhkəmədə İraq Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib VİDEO

Zaqatalada maşın aşıb, 6 nəfər xəsarət alıb VİDEO

Qazaxıstan Milli Muzeyinin nümayəndə heyəti Elmi Bərpa Mərkəzində olub

Fransada parlament seçkilərinin ikinci turu üçün 30 min polis və jandarma səfərbər ediləcək

Belarus nümayəndə heyəti DOST Agentliyində olub

Tanınmış yazıçı-publisist Kamil Əfsəroğlunun yeni kitabı çap olunub

Şimali Makedoniya Prezidenti COP29-da iştiraka dəvət olunub

“General Motors” konserni 145,8 milyon dollar cərimələnib

“Gəncə”dən ayrılan voleybolçu Rusiya klubuna keçib

Bakı Ali Neft Məktəbinin tələbələri ölkəmizi Londonda təmsil edəcəklər

Bakıda “Kənddən şəhərə” həftəsonu yarmarkası keçiriləcək

İstanbulda miqrant qaçaqçılığı ilə məşğul olan 76 nəfər həbs edilib

Rumıniyada prezident və parlament seçkilərinin vaxtı dəqiqləşib

İkinci rübdə Energetika Nazirliyi tərəfindən 51 icazə verilib

Torpaq sürüşmələrinin artmasında leysan xarakterli yağışların tez-tez təkrarlanması ciddi rol oynayıb

Mərkəzi Bank “PashaPay”a elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək üçün lisenziya verib

Zelenski Ukraynanın yeni əks-hücuma başlamasının şərtini açıqlayıb

Baş Prokurorluq: Yasamal rayonunda söküntü işlərinin aparılması ilə bağlı araşdırma aparılır

Turizm və Menecment Universitetində “Məzun günü” keçirilib

Fransa Superkuboku uğrunda keçirilməli olan oyun təxirə salınıb