Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

- Hörmətli xanımlar və cənablar!

- Hörmətli dostlar!

İlk növbədə, burada çıxış etmək üçün mənə verdiyiniz gözəl imkana görə sizə minnətdarlığımı bildirirəm. Mən regional vəziyyət haqqında, ikitərəfli münasibətlər və ümumiyyətlə, ölkəmizin ümumi inkişafı haqqında öz fikirlərimi sizinlə bölüşəcəyəm.

Bildiyiniz kimi, mən Yaponiyada rəsmi səfərdəyəm. Bu səhər mənim səfərim başlayıb və bu, çox uğurla keçən bir səfərdir. Mənim çox gərgin iş proqramım var və bu səfər çərçivəsində çalışacağam ki, ikitərəfli münasibətlərimizin bütün sahələrinə toxunum. Biz bu münasibətlərin səviyyəsindən çox məmnunuq. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Yaponiya dərhal onun müstəqilliyini tanıyıb və bizimlə münasibətlər quran ilk ölkələrdən biridir. Həmin vaxtdan etibarən ölkələrimiz arasında çox fəal və səmərəli əməkdaşlıq yaranmışdır. Bu əməkdaşlıq qarşılıqlı hörmətə, marağa və qarşılıqlı dostluq hisslərinə əsaslanır.

İki ölkə arasındakı münasibətlərin inkişafında Azərbaycanın keçmiş Prezidenti Heydər Əliyevin Yaponiyaya 1998-ci ildəki səfəri mühüm rol oynamışdır. Statistikaya nəzər salsaq görərik ki, ölkələrimiz arasındakı əlaqələr daha sürətlə inkişaf etmiş, yapon şirkətləri, tərəfdaşlar, sərmayədarlar Azərbaycanın iqtisadiyyatına yüz milyonlarla dollar sərmayə qoymuşlar. Bu, ikitərəfli münasibətlərin bizim üçün nə dərəcədə vacib olduğunu aydın şəkildə nümayiş etdirir. Biz ikitərəfli münasibətlər sahəsində, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik və qarşılıqlı maraq doğuran məsələlər üzərində işləyirik. Regional əməkdaşlıq məsələlərində işbirliyi qurmuşuq. Azərbaycan regional səviyyədə mühüm ölkələrdən biridir. Biz inkişaf proqramlarını həyata keçiririk və hətta bəzi hallarda regional inkişafın əsas təşəbbüskarlarından biriyik.

Azərbaycanın müstəqillik qazanmasından sonra çox qısa müddət keçmişdir. Söhbət cəmi 15 ildən gedir. Lakin biz çətin anları da yaşamışıq, böhranlarla üzləşmişik, vətəndaş müharibəsini keçmişik. Hazırda isə Azərbaycan sürətlə inkişaf edən ölkəyə çevrilibdir. Azərbaycanda çox ciddi siyasi və iqtisadi islahatlar gedir. Nail olduğumuz inkişaf sürəti apardığımız bu islahatların uğurunun nəticəsidir.

1996-cı ildən etibarən ölkədə siyasi və iqtisadi vəziyyət sabitləşmişdir. Bundan əvvəl bizdə çox böyük iqtisadi çətinliklər yaranmışdı. 1996-cı ildən bəri iqtisadiyyatımız çox sürətlə inkişaf edir. Əvvəlcə il ərzində ümumi daxili məhsulun artımı orta hesabla 10 faiz idi. Lakin son illər, xüsusən də ötən il artım çox yüksəkdir. 2005-ci ildə Azərbaycanda ümumi daxili məhsulun artımı 26 faizdən çox olmuşdur. Ümid edirik ki, bu il həmin artım sürəti eyni səviyyədə saxlanılacaqdır. 2005-ci ildə sənaye istehsalı 33 faiz artmışdır ki, bu da dünyada rekord göstəricidir. Beləliklə, ümumi daxili məhsulun və sənaye istehsalının artımına görə Azərbaycan dünyada öncül yerlərdən birini tutur və təbii ki, biz bundan fərəhlənirik. Bütün bu nailiyyətlər Heydər Əliyevin çox düşünülmüş və müdrik iqtisadi siyasətinin nəticəsidir. Bu siyasət davam etdirilir və bunun nəticəsində Azərbaycan güclü iqtisadiyyata malik olan, tərəqqi edən ölkəyə çevriləcəkdir.

Bildiyiniz kimi, iqtisadiyyat hər bir inkişafın təməl daşıdır. Əgər güclü iqtisadiyyat yoxdursa, sosial proqramları və eyni zamanda, müstəqil xarici siyasəti həyata keçirmək mümkün deyildir. Xüsusən də bu, beynəlxalq ictimaiyyət üçün yeni olan ölkədən ötrü olduqca vacibdir. Ölkəmiz vətəndaş müharibəsindən əziyyət çəkmişdir və indi də erməni təcavüzündən əziyyət çəkməkdədir. Şübhəsiz ki, müstəqil xarici siyasətin davam etdirilməsi o qədər də asan iş deyildir. Lakin Azərbaycan buna nail olmuşdur. Bizim siyasətimiz çox şəffaf, açıq və səmimidir və milli maraqlarımıza, tərəfdaşlarımız və dostlarımızla səmimi münasibətlərə əsaslanır. İqtisadi islahatlar siyasətimiz, Azərbaycanın beynəlxalq işlərdə rolu və regional səviyyədəki rolu - bunlar bir-biri ilə bağlı olan məsələlərdir. Ona görə də mən demək istəyirəm ki, biz bütün istiqamətlərdə nəticələrdən fərəhlənə bilərik.

Artıq bildirdiyim kimi, iqtisadi göstəricilərimiz yüksəkdir. 1994-cü ildən biz Azərbaycanda yeni neft strategiyasının həyata keçirilməsinə başladıq. Bu strategiya Prezident Heydər Əliyev tərəfindən müəyyən edilmişdir və hazırda çox müsbət nəticələr verir. Azərbaycan iqtisadiyyatına milyardlarla dollar qoyulmuş və biz adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə regionda hələ də birinci yerdəyik. Biz çox əlverişli biznes mühitinin yaradılmasına nail olduq və sərmayədarlar ölkəmizdə özlərini çox rahat hiss edirlər.

Beləliklə, neft strategiyası region səviyyəsində Azərbaycanın əhəmiyyətini daha da artırdı. Bu strategiya bizim milli sərvətlərimizdən istifadə etməyə imkan yaradır. Bununla yanaşı, regional əməkdaşlıq proqramlarında təşəbbüskar ölkə kimi çıxış etməyə imkan verir və Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması, habelə mühüm sosial proqramların həyata keçirilməsi üçün imkanlar açır. Çünki biz hökumət olaraq xalq üçün işləyir, xalqın həyat tərzinin yaxşılaşdırılması üçün çalışırıq. Ona görə də Azərbaycanın müasir tarixində bizim neft siyasətimizin xüsusi yeri var. Yəni enerji siyasəti, iqtisadi siyasət və ümumi siyasət arasında fərq qoymaq mümkün deyildir. Bunların hamısı bir-biri ilə bağlıdır və Azərbaycanda biz bütün bu məsələlərə kompleks şəkildə baxırıq.

Regionda təkcə yaxşı mövqeyə və yaxud karbohidrogen yataqlarına malik olmaq hələ tam kifayət deyildir. Çünki biz bilirik ki, neft və qazla zəngin olan ölkələrin heç də hamısı uğur əldə edə bilməmişdir. Ona görə qarşımızda duran vəzifələrdən biri artıq buraxılmış səhvləri təkrarlamamaqdan ibarət olmalıdır. Bu məqsədlə Neft Fondu yaradılmışdır. O, çox şəffaf bir qurumdur. Açıq və beynəlxalq səviyyədə auditdən keçən təsisatdır və onun əsas məqsədi insanların rifahına və daha çox sosial proqramlara yardım etməkdən ibarətdir.

Regional vəziyyətə gəldikdə, bildiyiniz kimi, bu, o qədər də sadə deyildir. Regionda keçmişdə hərbi əməliyyatlar olmuşdur və münaqişələr hələ də mövcuddur və burada yerləşən bütün ölkələr bunu hiss edir. Lakin Azərbaycan sabitlik məkanıdır. Ölkəmizdə siyasi, sosial və iqtisadi sabitlik mövcuddur. Qonşu ölkələrlə çox yaxşı münasibətlərimiz var, onlarla heç bir problemimiz yoxdur. Biz beynəlxalq təşkilatlarda fəal iştirak edirik. Eyni zamanda, regional təşkilatlarda fəaliyyət göstəririk. Azərbaycan həmin təşkilatlarda mühüm rol oynayır.

Artıq qeyd etdiyim kimi, biz siyasətimizi, ilk növbədə, milli maraqlarımıza uyğun müəyyənləşdirir və həyata keçiririk. Məmnunluq hissi ili bildirmək istəyirəm ki, biz bütün əsas problemləri, bəlkə o qədər də ciddi olmayan, lakin həllini gözləyən, keçmişdə olan problemlərin hamısını qonşularımızla həll edə bilmişik. Regional sabitlik, regional sülh və əməkdaşlıq inkişaf üçün ən mühüm ilkin şərtlərdən biridir.

Azərbaycan cəlbedici bir ölkədir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, zəngin təbii sərvətləri var və biz buna xüsusi diqqət yetiririk. Müxtəlif ölkələr və təşkilatların Azərbaycana diqqəti artır. Bəzi hallarda, Azərbaycana aid olan məsələlərdə maraqlar hətta toqquşur. Lakin bizim əsas məqsədimiz rəqabət yox, əməkdaşlıq ruhunun yaradılmasıdır. Dostluq ruhunun tam bərqərar olunmasıdır. Biz istəmirik ki, Azərbaycan digər ölkələrin mübarizəsi yerinə çevrilsin. Azərbaycan elə bir ölkədir ki, orada şirkətlər və dostlar əməkdaşlıq edə bilər və bu, qarşılıqlı fayda üçün edilməlidir. Əgər əməkdaşlıq ruhunda fəaliyyət göstərilsə, hamı bundan bəhrələnəcəkdir. Əgər biz diqqətimizi əsasən öz məsələlərimizə yönəltsək, digər ölkənin, qonşunun daxili işlərinə müdaxilə etməsək, daha təhlükəsiz şəraitdə yaşayacağıq. Bu, bizim fəlsəfəmizdir. Bu, bizim siyasətimizin əsasını təşkil edir və düzgün yoldur. Çünki bizim təcrübəmiz onu göstərir ki, əgər yaxşı əməkdaşlıq və dostluq ruhunda işləyiriksə, ciddi yanaşma ilə işləyiriksə və digərlərinin işlərinə müdaxilə etmiriksə, çox yaxşı nəticələrimiz olur. Bu, özünü iqtisadi əməkdaşlıqda, iqtisadi göstəricilərdə, sosial sabitliyin bərqərar olunmasında və regional təhlükəsizlik məsələlərində göstərir. Çünki regional sülh və təhlükəsizlik bizim üçün çox vacib olan məsələdir. Bu, sadəcə, beynəlxalq həyata aid olan məsələ deyildir. Eyni zamanda, bu, bizim həyatımızın, təhlükəsizliyimizin əsasını təşkil edir. Ona görə də mən əminəm ki, gələn illər ərzində bu ənənə davam edəcək və Azərbaycan bu istiqamətdə daha da fəal olacaqdır.

İqtisadi inkişaf, siyasi inkişaf, cəmiyyətin demokratikləşməsi prosesi – bunlar hamısı paralel getməlidir. Digər məsələləri yaddan çıxararaq, yalnız bir məsələ üzərində işləmək olmaz. Yalnız paralel olaraq işləməklə məsələləri irəliyə doğru aparmaq lazımdır. Xüsusən də əgər Azərbaycandan söhbət gedirsə, uzun illər ərzində o, dövlətçilik imkanlarından məhrum olmuşdu, digər dövlətin bir hissəsi idi və tamamilə fərqli bir vəziyyətdə və ölkədə yaşamışdır. Totalitar rejim hökm sürürdü. Ona görə də totalitarizmdən demokratiyaya keçid bizim gələcəyimiz üçün sınaqdır.

Biz hazırda çox mühüm mərhələni keçməkdəyik. Bu, Azərbaycanın gələcəyinə yönəlibdir. Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanın müstəqil ölkə kimi yaşamağa başlamasından cəmi 15 il keçib və biz indi tamamilə fərqli bir vəziyyətdəyik. Sovet İttifaqı dağıldıqdan sonra bütün keçmiş sovet respublikaları oxşar vəziyyətə düşdü və onlar özlərinin iqtisadi siyasətini uğurla həyata keçirməyə çalışırdılar. Son illər ərzində iqtisadi potensialımız bərpa edilmişdir. Azərbaycanda indiki iqtisadi potensial 1990-cı illərdə müşahidə olunmuşdur. O vaxt hələ Sovet İttifaqı mövcud idi. Lakin siyasi baxımdan biz indi tamamilə başqa bir cəmiyyətdə yaşayırıq. Cəmiyyətimiz azaddır, öz taleyimizi özümüz həll edirik. Beynəlxaq birliyin, beynəlxaq təşkilatların üzvüyük və müstəqilliyimiz bizim üçün ən böyük sərvətdir.

Ona görə də biz özümüzü qorumalıyıq, həm siyasi, həm də iqtisadi cəhətdən güclənməliyik, xarici siyasət vasitəsilə, ənənəvi tərəfdaşlarımızla və dostlarımızla münasibətlərin gücləndirilməsi siyasəti vasitəsilə möhkəmlənməliyik. Gələcəkdə bu meyil daha da güclənəcəkdir. Ölkə daha güclü olacaq, xalqımız daha yaxşı yaşayacaqdır. Bu, bizim iqtisadi siyasətimizin əsas məqsədlərindən biridir. Yoxsulluğun aradan qaldırılması və işsizliyin qəbul olunan səviyyəyə qədər aşağı salınması vacib məqsəddir. Biz bu istiqamətlərdə irəliləyişə nail olmuşuq. Son iki il ərzində Azərbaycanda 340 min yeni iş yeri açmışıq. Bu da bizim apardığımız siyasətin uğurundan xəbər verir. Eyni zamanda, yoxsulluq şəraitində yaşayan insanların sayı sürətlə aşağı düşməyə başlamışdır. Belə bir şəraitdə biz uğurlarımızdan istifadə edərək, sosial inkişaf proqramlarını həyata keçirməkdəyik. Bu baxımdan bizi narahat edən ən mühüm məsələ qaçqınların və məcburi köçkünlərin vəziyyətidir.

Bildiyiniz kimi, Azərbaycan uzun illərdir ki, qonşu Ermənistanın təcavüzünə məruz qalmışdır. Ermənistan indi də ərazimizin 20 faizini işğal altında saxlayır. Onlar işğal olunmuş ərazimizdə etnik təmizləmə siyasəti aparmışlar və bunun nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Azərbaycan hökuməti bu məsələni nəzarətdə saxlayır və çalışır ki, həmin insanlara yardım göstərsin. Biz çox ciddi sosial proqramlar həyata keçiririk ki, həmin insanların həyatı yaxşılaşsın. Lakin bu, asan iş deyildir. Ola bilsin ki, dünyada ən böyük sayda qaçqınlar və məcburi köçkünlər bizim ölkədədir. Bunların sayı 1 milyondan çoxdur. Bu, çox böyük iqtisadi və sosial gərginlik yaradır, eyni zamanda, ciddi siyasi problemdir. Biz çalışırıq ki, bu məsələni həll edək. Baxmayaraq ki, az qala 20 ildir münaqişə həll olunmayıbdır.

Biz sülh prosesinə sadiqik. Hələ də ümid edirik ki, bu məsələni beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həll edə bilərik. Bu, Azərbaycan üçün ən əsas məsələdir və ona görə də Azərbaycan danışıqlarda iştirak edir. Bu danışıqlar ATƏT-in Minsk qrupu vasitəsilə həyata keçirilir. Bu qrupun həmsədrləri Fransa, Amerika və Rusiyadır. Bu problemin əsası separatizmdir. Yəni, Azərbaycanın ərazisini ondan qoparıb Ermənistana birləşdirmək istəyirlər. 1980-ci illərin sonları - 1990-cı illərin əvvəllərində Ermənistan silahlı qüvvələri Azərbaycanın ərazisini işğal etmişdir. Biz əminik ki, siyasi, hüquqi və tarixi nöqteyi-nəzərdən həqiqət, ədalət bərpa olunacaqdır. Çünki tarixi baxımdan Dağlıq Qarabağ heç vaxt Ermənistanın ərazisi olmamışdır. Ermənilər o yerlərdə yaşamamışlar, çar Rusiyasının qərarı ilə oraya köçürülmüşlər. Bu, XIX əsrin birinci yarısında baş vermişdir. Hətta həmin yerin toponimlərinə nəzər salsanız, orada ermənilərin heç bir izini tapa bilməzsiniz.

Dağlıq Qarabağın mərkəzi Xankəndi adlanan şəhərdir. Bu, “xanın kəndi” deməkdir. Sovetlər vaxtında həmin şəhərin adını dəyişdirib Stepanakert qoymuşlar, bolşevik Stepan Şaumyanın adını daşıyan bir şəhər olmuşdur. O da ermənidir. Yenə deyirəm, tarixi baxımdan bu yer heç vaxt Ermənistana məxsus olmamış və ermənilər burada yaşamamışlar. Onlar buraya köçürülmüşlər və sonralar yerlərin, tarixi abidələrin adını dəyişmişlər. Daha sonra, onlar çoxluq təşkil etdikdən sonra separatizmə can atdılar. Bu separatizm meyilləri Sovet İttifaqının digər yerlərində də baş vermişdir. Gürcüstanda, Moldovada da eyni səbəbdən belə bir münaqişələr yaranmışdır. Cənubi Osetiya, Abxaziya və Dnestryanı bölgə münaqişələrinin də eyni səbəbləri var, onlar eyni qüvvələr tərəfindən, separatçı qüvvələr tərəfindən dəstəklənir. Bunun nəticəsində yerli əhaliyə qarşı etnik təmizləmə aparılmış, ölkələrin ərazi bütövlüyü pozulmuş və nəticədə torpağı işğal olunmuşdur. Bu, məsələnin tarixi tərəfidir.

Yaxın tarixə nəzərə salsaq, gəlin, ona hüquq nöqteyi-nəzərdən baxaq. Azərbaycanın ərazi bütövlüyü bütün təşkilatlar tərəfindən tanınıbdır. Azərbaycan Birləşmiş Millətlər Təşkilatına ümumi bir ölkə kimi, Dağlıq Qarabağ da daxil olmaqla qəbul edilmişdir. BMT də Azərbaycanın ərazi bütövlüyünü tanımışdır. Bizim ölkənin ərazi bütövlüyünü tanımayan yeganə ölkə Ermənistandır. Yəni, hüquqi nöqteyi-nəzərdən Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olması heç cür şübhə altına alına bilməz və münaqişə yalnız bu əsaslarla həll edilməlidir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Biz Dağlıq Qarabağda yaşayan ermənilərə mümkün olan ən yüksək muxtariyyət statusu verməyə hazırıq.

Siz bilirsiniz, dünya təcrübəsi, Avropada olan təcrübə onu göstərir ki, muxtariyyətlər var, milli azlıqlar mövcuddur. Ancaq milli azlıqlar varsa, bu, o demək deyil ki, onların bir ölkənin torpağını qoparıb həmin ölkənin ərazi bütövlüyünü pozmaq hüququ var. Muxtariyyətlə bağlı çox yaxşı təcrübə mövcuddur, milli azlıqlar var və biz eyni həll yolunu təklif edirik. Bu muxtariyyəti Dağlıq Qarabağda yaşayan ermənilər üçün də nəzərdə tuturuq. Lakin Ermənistanın məntiqinə varsaq, o, hesab edir ki, Dağlıq Qarabağda olan ermənilər öz müqəddəratını təyin etmək istəyirlər. Prinsip etibarilə millətlərin öz müqəddəratını təyin etmək hüququ düzdür. Lakin bu halda həmin yanaşma düzgün deyildir. Çünki ermənilər bir xalq kimi artıq öz müqəddəratını təyin ediblər. Yəni erməni dövləti mövcuddur. Təsəvvür edin ki, əgər ermənilər istədikləri yerlərdə, yaşadıqları yerlərdə, dünyanın müxtəlif guşələrində bu hüquqdan istifadə edərək, öz müqəddəratını təyin etsələr nələr baş verər? Hətta Minsk qrupunun həmsədrləri olan ölkələrdə - Fransada, Birləşmiş Ştatlarda, Rusiyada ermənilər yaşayırlar, onlar Yaxın Şərqdə, Qafqazda, digər ölkələrdə də yaşayırlar. Əgər onlar bu cür qərar versələr ki, istədikləri yerlərdə öz müqəddəratını təyin etmək istəyirlər, onda nələr baş verər?! Bu, heç cür qəbuledilməzdir və Azərbaycan heç vaxt buna razılıq verməyəcəkdir.

Mən artıq Azərbaycanın razılaşacağı məsələlər haqqında danışdım. Yəni bizim mövqeyimiz dəyişməz olaraq qalır. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz. Azərbaycanın zəbt olunmuş torpaqları danışıqlar yolu ilə azad edilməli, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün öz doğma yurd-yuvasına qayıtmalıdır. Biz Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərin və oraya qayıdacaq azərbaycanlıların təhlükəsizliyinə zəmanət verə və Dağlıq Qarabağın statusunu Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyən edə bilərik. Məhz bu mövqeyə əsaslanaraq, mən prezidentlərin görüşlərində iştirak etdim və xarici işlər nazirlərinin də görüşləri davam edir. Lakin əfsuslar olsun ki, heç bir nəticə yoxdur. Ona görə də biz bir-birimizdən soruşmalıyıq: bu danışıqlar nəticəsiz olaraq nə qədər davam edə bilər? Yəni, hər bir prosesin sonu olmalıdır, dünyada hər bir şeyin sonu var. Biz sülh yolu ilə nizamlanmaya sadiqik. Lakin biz əlavə beş il, on il gözləyə bilmərik ki, nizamlanma yolu tapılsın. Biz aydın şəkildə bilməliyik ki, vəziyyət nə yerdədir. Yəni vəziyyəti aydınlaşdırmalıyıq və bizim hansı vəziyyətdə olduğumuzu dünya ictimaiyyətinə çatdırmalıyıq. Əgər biz sülh yolu ilə, beynəlxalq prinsiplərə əsaslanaraq nizamlanmanı istəyiriksə, çalışmalıyıq ki, bütün imkanlardan istifadə edilməklə bu istiqamətdə nəticələr əldə olunsun. Əgər bu istiqamətdə nəticə əldə edə bilməsək, onda biz siyasətimizi və strategiyamızı yenidən nəzərdən keçirib yeni yanaşmalar axtarmalıyıq.

Qafqazda münaqişələr məsələsi, o cümlədən Ermənistan ilə Azərbaycan arasında olan münaqişə elə məsələdir ki, bu, regional sabitlik, regional inkişaf üçün təhlükədir. Regionda normal və firavan həyat üçün ən böyük maneədir. Biz bunu aradan qaldırmalıyıq. Bütün bu münaqişələr keçmişdən qalan mirasdır. Sovet İttifaqı dağıldıqdan sonra biz hamımız müstəqil olduq. Lakin bu münaqişələr qaldı. Bu münaqişələr öz həllini tapmalıdır. Həll olunmamış münaqişələr gələcəkdə də qalsa, işlər çətin olacaqdır. Artıq biz XXI əsrdə yaşayırıq. Ona görə də əlbəttə ki, beynəlxalq ictimaiyyət bu sahədə daha fəal rol oynamalıdır. Bəzən bizə deyirlər ki, gəlin, iki ölkə öz aranızda razılaşın. Yox, bu yol işləmir. Biz məsələyə dəqiq aydınlıq gətirməliyik - nə baş verib, təcavüzə birinci kim başlayıb, kim kimin ərazisini zəbt edib, kim etnik təmizləmə siyasəti aparıbdır. Sonra isə çox aydın şəkildə nəticəni nəzərə alaraq, münaqişənin beynəlxalq prinsiplər əsasında həllinin yolunu tapmalıyıq. Mən hesab edirəm ki, biz bu yolla irəliyə gedə bilərik.

Regional inkişaf və əməkdaşlığa gəldikdə, bu, hazırda beynəlxalq birlik üçün də vacib bir məsələyə çevrilir. Xəzər hövzəsi, Xəzərin təbii sərvətləri, daha geniş regionda olan proseslər – bütün bunlar dünyada ümumi vəziyyətə təsir göstərir. Hazırda biz çox həssas və həlledici mərhələyə yaxınlaşırıq ki, regionda və dünyada gələcək meyilləri müəyyən edə bilək. Bir daha deyirəm ki, Azərbaycan regional əməkdaşlığa sadiqdir və bu əməkdaşlığın möhkəmləndirilməsi üçün çox yaxşı imkanlar vardır.

Biz nəhəng transmilli, çoxmilyonlu dollarlıq layihələrin həyata keçirilməsi ilə məşğuluq. Bunlar enerji ilə bağlıdır. Azərbaycanın Xəzərdəki sektorundan neft və qazın dünya bazarlarına nəql edilməsini nəzərdə tutur və artıq bu, reallığa çevrilir. İki il bundan əvvəl insanlar bəzən buna bir əfsanə kimi baxırdılar. Hazırda isə bu, reallığa çevrilməkdədir. Boru kəmərləri beynəlxalq tərəfdaşlar vasitəsilə tikilir və bu yaxınlarda bizim sərvətlərimiz dünya bazarlarına çatdırılacaqdır. Eyni zamanda, Xəzərin şərq sahilində yerləşən qonşular, Azərbaycan və Avropa ölkələri arasında əməkdaşlığa zəmin yaradacaqdır. Azərbaycan Asiya və Avropa arasında körpüdür. Biz tarixi İpək Yolunun mərkəzində yerləşirik və çox mühüm nəqliyyat infrastrukturumuz var. Biz bunu daha da müasirləşdirməliyik. Azərbaycandan keçən nəqliyyat dəhlizi vasitəsilə nəinki karbohidrogenlərin, eyni zamanda, bütün malların daşınmasını mümkün etməliyik. Bu, iqtisadi baxımdan fayda gətirən bir layihədir.

Bildiyiniz kimi, regionda və eyni zamanda Avropa ölkələrində qazla bağlı müəyyən problemlər yaranmışdı. Biz bu sahədə də çox böyük təchizatçıya çevrilə bilərik. Azərbaycan 1 trilyon kubmetrə yaxın ehtiyatı olan yataqlardan hasil ediləcək qazı dünya bazarlarına çıxarmaq iqtidarında olacaqdır. Bu da regionda qaz boru kəməri məsələsini vacib edir. Enerji, təhlükəsizlik, nəqliyyat, regional əməkdaşlıq məsələləri – bütün bunlar, Azərbaycanın iştirak etdiyi sahələrdir və Azərbaycan bu baxımdan mühüm, hətta müəyyən hallarda təşəbbüsü irəli sürən ölkədir. Bu sahələrdəki fəaliyyətimiz onu göstərir ki, işlərimiz və son nəticələr uğurlu olacaqdır. Bu, ölkəmizin daha da yaxşı tanınmasına, ölkəmizin iqtisadi inkişafına və regionda siyasi sabitliyin bərqərar olunmasına xidmət edir.

Biz hansı istiqamətdə addımlayırıq, gələcəkdə ölkəmizi necə görmək istəyirik? Şübhəsiz ki, bizim bir çox planlarımız var. Biz ölkəmizi möhkəmləndirməliyik, onun iqtisadiyyatını gücləndirməliyik. Bunun üçün bütün imkanlar var, təbii sərvətlərimiz var. Biz bunu dünya bazarlarına çıxara bilərik. Azərbaycan artıq xeyli maliyyə resurslarına malikdir. Ölkəmizin bir çox böyük problemlərini həll edə bildik. Eyni zamanda, təhlükəsizlik və sabitlik üçün çox vacib rol oynayırıq, dünyada bir sıra sülhyaratma əməliyyatlarında iştirak edirik. Biz terrorizmə qarşı mübarizədə fəalıq. Regionda təhlükəsizlik məsələlərində yaxından iştirak edirik.

Siyasi münasibətlərə gəldikdə, Azərbaycanın əhəmiyyəti get-gedə daha da artacaqdır. Artıq qeyd etdiyim kimi, bizim yaxşı münasibətlərimiz var. Biz beynəlxalq təşkilatlarda yaxşı mövqelərə malikik. Avropa təşkilatlarında, regional təşkilatlarda, müsəlman dünyasının təşkilatlarında özümüzə məxsus yerimiz var, biz tanınırıq, bizə etimad göstərilir və hörmət edilir.

Gələcəkdə, eyni zamanda, dini dözümlülük baxımından da ölkənin əhəmiyyəti artacaqdır. Çünki Azərbaycan elə bir ölkədir ki, burada bütün dinlərin nümayəndələri sülh şəraitində yaşayırlar. Biz sivilizasiyaların dialoqu haqqında da danışa bilərik. Çünki bəzi hallarda dini zəmində təxribatlar da törədilir. Lakin Azərbaycan dini dözümlülük, etnik dözümlülük baxımından yaxşı nümunədir. Azərbaycan çoxmillətli ölkədir, burada bütün millətlərin nümayəndələri sülh şəraitində yaşayırlar. Bu, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızın da yaxşı bir elementidir.

Siz bilirsiniz ki, biz sosial inkişaf baxımından nəyi planlaşdırırıq. Çox müasir, təfərrüatlı sosial-iqtisadi inkişaf proqramları tərtib edirik, infrastrukturun inkişafını planlaşdırırıq. Biz proqramları çox dəqiq formada həyata keçiririk. Hər bir proqramın özünün məzmunu, cədvəli var və heç bir yubanma olmadan həyata keçirilir. Dediyim kimi, ötən il ümumi daxili məhsulun artımı 26 faizdən çox, sənaye istehsalının artımı 33 faiz olmuş, əhalinin gəlirləri 27 faiz səviyyəsində artmışdır. Orta aylıq əmək haqqının səviyyəsi yüksəlmişdir. Bütün bunlar yaxşı nəticələrdir və real şəkildə təsirini göstərir. Əgər hər hansı bir işə başlayırıqsa, buna müəyyən müddət lazımdır. Bu, proqramın, işin miqyasından asılıdır. Ona görə vaxt artıq yetişib ki, biz iqtisadi siyasətimizin, siyasi baxışlarımızın faydasını görək. Azərbaycan buna nail olubdur.

Əgər biz gələcəyə baxsaq görərik ki, Azərbaycan beynəlxalq birliyə tam inteqrasiya olunubdur. Azərbaycan demokratik ölkədir, bütün azadlıqlar təmin edilibdir. Ölkəmiz siyasi, iqtisadi cəhətdən güclüdür. Biz regional işlərdə - həm iqtisadi əməkdaşlıq baxımından, həm təhlükəsizlik baxımından, həm də sosial sahədə güclüyük. Ölkə dostları ilə özünün səmərəli əməkdaşlığını davam etdirmək istəyir.

Mən bir daha bildirmək istəyirəm ki, Yaponiya ilə Azərbaycan arasındakı münasibətlərin çox yaxşı tarixi vardır. Artıq bildirdiyim kimi, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, xüsusən də son on il ərzində biz çox yaxşı, geniş münasibətlər qura bilmişik. Siyasi münasibətlərimiz çox yüksək səviyyədədir. İqtisadi əlaqələrimiz də güclənir. Yaponiya Azərbaycana kreditlər ayıran ölkədir. 700 milyon dollar səviyyəsində kredit ayırmışdır. 70 milyon dollar səviyyəsində qrantlar ayırmışdır. Yaponiya Azərbaycanda ən böyük sərmayədarlardan biridir. Yapon şirkətləri Azərbaycanın müxtəlif sektorlarında işləyir.

Bu gün səhər Azərbaycan-Yaponiya iqtisadi forumunda iştirak etdik. Orada hər iki ölkənin biznes dairələri mövcud olan yeni imkanları araşdırdılar. Gördülər ki, bütün sahələrdə işlər artmaqdadır. Hər bir sahə inkişaf mərhələsindədir. Ona görə də gələcək əməkdaşlıq üçün çox yaxşı imkanlar var. Bizim üçün çox yaxşı olardı ki, Yaponiya şirkətləri ilə sıx əməkdaşlıq edək. Çünki biz bir-birimizi tanıyırıq, bir-birimizə etimad göstəririk. Eyni zamanda bildirmək istəyirəm ki, dünyanın bir çox yerlərindən şirkətlər Azərbaycana gəlib fəaliyyət göstərirlər. Deyə bilərik ki, Yaponiya şirkətləri də gəlib cəmiyyətimizə çox yaxşı qovuşmuşlar və çox yaxşı mövqelərə malikdirlər. Bizim aramızda, yaponlar və azərbaycanlılar arasında çox yaxşı anlaşma var. Bizim zəngin adət-ənənələrimiz var. Hər iki xalq yaşlı nəslə hörmətlə yanaşır. Bizim bir-birimizə qarşı səmimi hisslərimiz var. Bu da özlüyündə bizi bir-birimizə daha da yaxınlaşdırır. Ümid edirəm ki, mənim səfərim, keçirdiyim görüşlər, apardığım müzakirələr gələcək əməkdaşlığa xidmət edəcəkdir. Azərbaycan Yaponiyanın etibarlı dostu olacaq və biz gələcəkdə hər iki ölkənin xalqı üçün çalışacağıq.

Çox sağ olun.

(Dövlətimizin başçısının çıxışı böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı).

X X X

YUKİO YATO: Mühazirə başa çatdı, indi suallarınızı verə bilərsiniz. Xahiş edirik, sualınızı verməzdən əvvəl özünüzü təqdim edin.

OSAKA KENCİ: Mənim adım Osaka Kencidir. İndi hörmətli Prezidentin nitqini dinlədim. Çox dərin mənalı nitq idi. Cənab Prezident, Sizin fəaliyyətiniz haqqında məlumatımız var. Biz bilirik ki, Siz dünyada sülhün bərqərar olunması yolunda fəaliyyət göstərirsiniz. Bundan başqa, biz bilirik ki, ölkənin, xalqın lideri kimi iki il bundan əvvəl Prezident seçilmisiniz. Ölkənin mövcud olan problemlərinin tam aradan qaldırılması üçün yorulmaz fəaliyyət göstərirsiniz. Ölkə daxilindəki hər hansı çətinliklərin həlli üçün öz gücünüzü əsirgəmirsiniz. Bilirik ki, fəaliyyətinizin çox hissəsini məhz Azərbaycan xalqının rifahının daha da yaxşılaşmasına yönəldirsiniz. Biz bilirik ki, bu, o qədər də asan iş deyildir. Onu da bilirik ki, Yaponiyanın korporasiyaları və şirkətləri ölkənizdə fəaliyyət göstərir. Bu haqda məlumatımız var. Azərbaycan ilə Yaponiya arasındakı əlaqələrin daha da yaxşılaşdırılmasına dair fikirlərinizi eşitməkdən çox məmnunuq.

Səkkiz il bundan əvvəl Yaponiyada keçirilmiş Olimpiya oyunları zamanı mən Sizin atanız Prezident Heydər Əliyevlə görüşməyə nail oldum. O vaxt Prezident mənə Azərbaycanın mədəniyyəti, Azərbaycanla Yaponiya arasındakı oxşarlıqlar haqqında danışdı. Mən də Azərbaycan-Yaponiya əlaqələrinin daha da inkişafını dəstəkləyirəm.

SUAL: Mənim adım Araitodur. Biz bilirik ki, Azərbaycan öz potensialı, gücü və təbii sərvətləri hesabına dövlətçiliyin möhkəmlənməsi sahəsində böyük naliyyətlər əldə edə bilmişdir. Eyni zamanda, biz bilirik ki, Azərbaycan hazırda çox nəhəng enerji layihəsinin başa çatdırılması ərəfəsindədir. Bilirik ki, dünyada ən uzun hesab olunan boru kəməri çəkilməkdədir. Bu boru kəməri Azərbaycanın yataqlarından hasil olunan enerji daşıyıcılarını dünya bazarlarına çıxaracaqdır. Bu, Azərbaycanın uğurunun, əldə etdiyi nailiyyətlərin bariz nümunəsidir.

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dövlətçilik yolunda böyük uğurlar əldə etmişdir. Amma bizi narahat edən digər bir məsələ də var ki, 1988-ci ildən 1994-cü ilə qədər Azərbaycan olduqca böyük problemlərlə üzləşmişdir. Hazırda Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın işğalı altındadır. Bu problem danışıqlar yolu ilə həll olunmalıdır. Mənim sualım ondan ibarətdir ki, əgər bu məsələ sülh yolu ilə öz həllini tapmasa, cənab Prezident, Siz bunun üçün digər yeni bir strategiya seçə bilərsinizmi?

İLHAM ƏLİYEV: Sizin sualınızın birinci hissəsinə gəldikdə, onu demək istəyirəm ki, boru kəmərlərinin tikintisində bizim əsas məqsədimiz hansısa ölkənin ərazisindən kənar keçməkdən ibarət deyildi. Bizim əsas məqsədimiz öz neftimizi dünya bazarlarına çıxarmaqdan ibarət idi. Əvvəl bizim iki boru kəmərimiz var idi. Onların hər ikisi Qara dənizə gedirdi. Biri Rusiyanın ərazisindən, digəri isə Gürcüstan ərazisindən keçir. İstədiyimiz qədər nefti ixrac etmək məqsədi ilə biz üçüncü boru kəmərinin tikintisinə qərar verdik ki, bu da Aralıq dənizinə çıxışı təmin edir. Bu, bizim üçün çox vacib olan bir layihədir.

Mən bilirəm, mətbuatda bəzi müəyyən məqalələr yazılır, məlumatlar gedir, bu məsələyə daha çox siyasi məna verməyə çalışırlar. Yox, biz bu məsələni siyasiləşdirmək istəmirik. Bu, bizim üçün iqtisadi layihədir, kommersiya xarakteri daşıyan layihədir, xarici şirkətlər bu layihəyə milyardlarla dollar qoyublar. Azərbaycanın özü sərmayə kimi təqribən 1 milyard dollar qoyubdur. Bu layihə Azərbaycan xalqına xidmət edəcək və sərmayədarlar da bunun bəhrəsini görəcəklər. Eyni zamanda, artıq dediyim kimi, bu, bizim üçün çox böyük bir məsələ idi. Çünki bu, dünyada nadir bir layihədir ki, özünə milyardlarla dollar cəlb edib, üç ölkəni və iki dənizi birləşdirən transmilli layihədir. Mühüm geosiyasi məkandan, müxtəlif coğrafi ərazilərdən keçir. Bu, tarixi bir hadisədir.

O ki qaldı Dağlıq Qarabağ məsələsinə, mən artıq qeyd etdiyim kimi, danışıqlar daim davam edə bilməz. Bunun sonu olmalıdır. Bu günə qədər mərhələlər və elə dövrlər olmuşdur ki, müxtəlif seçimlər masa üzərində idi. Əgər biz danışıqların tarixçəsinə nəzər salsaq görərik ki, 1994-cü ildə atəşkəs əldə olunandan sonra danışıqlar təqribən iki-üç il aparıldı. Bundan sonra Ermənistanın rəhbərliyi reallığı başa düşdü. Keçmiş illərin reallığını və günün reallığını anladı.

Sonra Ermənistanın keçmiş Prezidenti bir bəyanatla çıxış etdi və məqalə yazdı ki, biz vəziyyəti anlamalıyıq. Biz bunun başa çatdırılmasının, yəni işğala son qoyulmasının vacibliyini başa düşməliyik. Bu, Ermənistan xalqının maraqlarına da uyğun idi. Lakin millətçi qruplar Ermənistanda dövlət çevrilişi etdilər və Prezidenti devirdilər.

Sonra 1999-cü ildə hər iki tərəf müəyyən bir paket üzərində işləyirdi və elə görünürdü ki, biz artıq həll mərhələsinə yaxınlaşırıq. Sonra isə Ermənistan parlamentində terror aktı törədildi, Ermənistanın spikeri, baş naziri və parlamentin digər üzvləri qətlə yetirildi. Bu da Ermənistan parlamentində terror aktı idi. Daha sonra, əgər belə demək olarsa, bu, Ermənistan tərəfinin istifadə etdiyi bir dəlil oldu ki, onlar danışıqları dayandırsınlar. Bir az vaxt keçdi.

İndi isə biz danışıqların yeni mərhələsindəyik. Praqa prosesi çərçivəsində biz münaqişənin mərhələli həllinə çalışırıq. Praqa prosesi Azərbaycan tərəfindən dəstəklənir, Praqa prosesi ATƏT-in Minsk qrupu tərəfindən dəstəklənir və bizə belə gəlirdi ki, Ermənistan da bunu dəstəkləyir. Belə olmasaydı, Ermənistan bu prosesdə iştirak etməzdi. Lakin, əgər belə demək olarsa, müəyyən bir mərhələyə yaxınlaşdıqca, fikirləşirdik ki, Praqa prosesi müəyyən nəticələr verər. Ancaq bundan sonra yeni bir şey baş verdi. Bu yaxınlarda Fransada keçirilmiş görüş Ermənistan tərəfindən tam heçə çıxarılmışdır. Yəni bu, bir daha nümayiş etdirir ki, bu ölkə ya beynəlxalq ictimaiyyəti aldatmaq, ya vaxt udmaq, yaxud məsələni yubatmaq və digər bir məsələyə nail olmaq istəyir. Bu, onların tamamilə qeyri-konstruktiv mövqeyini göstərdi. Əgər onlar sülh yolu ilə həll yolunu istəmirsə, biz bunu onlardan xahiş etməyəcəyik. Biz bunu xahiş etməli deyilik. Bu, bizim hüququmuzdur, bizim haqlı mövqeyimizdir. Bizim digər ölkəyə qarşı heç bir iddiamız yoxdur. Bizim torpağımız zəbt olunubdur. Əgər bu danışıqlar prosesi rəsmən başa çatdırılsa, ondan sonra biz öz addımlarımızı yenidən nəzərdən keçirməliyik. Biz bunu Azərbaycanda geniş ictimai səviyyədə müzakirə edəcəyik və qərar qəbul edəcəyik.

SUAL: Qafqazda ən çətin problemlərdən biri Dağlıq Qarabağ problemidir. Biz bilirik ki, hələ də bu problemlə yaşayan Azərbaycan bütün çətinliklərə baxmayaraq, iqtisadi tərəqqiyə doğru addımlayır və bu iqtisadi tərəqqiyə doğru Sizin rəhbərliyiniz altında gedir. Mən Sizinlə şəxsən görüşməyimə çox şadam.

Sualım iki hissədən ibarətdir. Birincisi, Azərbaycan hazırda dünyada İslam aləminin fəaliyyətinə necə yanaşır? İkincisi, Orta Asiya, eləcə də Qafqaz ölkələrində demokratiya hansı vəziyyətdədir və necə qurulur? Bu, əsas mövzulardan biridir. Bir tərəfdən iqtisadi inkişaf, digər tərəfdən, demokratik sistemin qurulması bir-biri ilə necə uzlaşır? Demokratiya ölkənizdə hansı formada bərqərar olubdur?

İLHAM ƏLİYEV: Mən öz çıxışımda qeyd etdim ki, Azərbaycanda bizim çox dözümlülüyü ilə fərqlənən cəmiyyətimiz var. Bütün dinlərin nümayəndələri burada sülh şəraitində yaşayırlar. Dini və yaxud etnik zəmində burada heç bir problem olmamışdır. Bu, bir daha sübut edir ki, Ermənistanın Dağlıq Qarabağla bağlı təbliğatı, yəni bu münaqişənin guya dini və etnik zəmində olması barədə təbliğatı düzgün deyildir. Çünki Azərbaycanda müxtəlif dinlərin və etnik azlıqların nümayəndələri çox sülh şəraitində yaşayırlar. Ona görə də Azərbaycanda heç vaxt dini problemlər olmamışdır. İndi də Azərbaycanın siyasəti çox aydındır. Bu gün dünyanın müxtəlif yerlərində cərəyan edən, çox xoşagəlməz hadisələrin təsiri altına düşmək bizi olduqca narahat edir. Bu günə qədər bizdə heç vaxt belə bir şey olmamışdır və əminəm ki, olmayacaqdır. Çünki bu, bizim nəinki siyasətimiz, həm də gündəlik həyatımızdır. İslam aləminə aid olan ölkələrin daxilində müəyyən fərqlər var, bölünmələr var. Bu, yaxşı meyil deyildir. Azərbaycan bundan tam azaddır.

Mən qeyd etdim ki, bizim təcrübəmiz öyrənilə bilər. Biz təcrübəmizi bölüşə bilərik ki, bütün millətlərin, bütün dinlərin nümayəndələri bir ailədə necə yaşaya bilərlər. Biz ölkəmizdə heç vaxt heç kimi təqib etməmişik, heç vaxt öz iradəmizi məcburi qaydada digər etnik qruplara qəbul etdirməmişik.

Məsələn, bizdə rus icması var, rus dilində qəzetlər var, televiziya kanalları yayımlanır, məktəblər var. Azərbaycanda digər millətlərin nümayəndələri yaşayır və bizim heç vaxt problemimiz olmayıbdır. Etnik problemlər yalnız o vaxt özünü büruzə verir ki, siz təqib edirsiniz, təzyiq göstərirsiniz ki, öz iradənizi, ideyalarınızı digərlərinə təlqin edəsiniz. Əgər hər hansı bir şəxs qanunlara uyğun yaşayırsa, heç bir problem yoxdur. Ona görə yaxşıdır ki, bizdə belə bir problem yoxdur və əminəm ki, olmayacaqdır.

Demokratikləşmə məsələsinə gəldikdə isə, bu da vacib bir məsələdir. Xüsusən də keçmişdə tamamilə fərqli bir sistemdə yaşamış ölkələrdən söhbət gedəndə. Biz - yaşlı nəsil və yaxud mənim həmyaşıdlarım tamamilə fərqli bir sosial mühitdə formalaşmışıq. İndi isə keçid prosesi gedir və özü də sürətlə gedir. Lakin bu, kiminsə məsləhəti və yaxud da kiminsə istəyi əsasında ola bilməz. Çünki bu proses təkamül, inkişaf yolu ilə getməlidir. Əgər cəmiyyətdə yoxsulluq varsa, demokratiyanın səviyyəsi heç vaxt zəngin şəraitdə yaşayan cəmiyyətdəki kimi ola bilməz. Yəni əgər xalq yoxsuldursa, onların sosial problemləri ciddidirsə, demokratiya onları düşündürən ən son məsələdir. Onlar iş haqqında, ərzaq haqqında, uşaqlarına necə çörək tapmaq haqqında fikirləşirlər və belə şəraitdə onlar azad ola bilmirlər. Ona görə də biz azad sahibkarlığın inkişafına yüksək diqqət yetiririk. Belə şəraitdə insan azad olur. Onlar özəl bizneslə məşğul olanda, dövlət qurumlarından asılı olmurlar. Beləliklə, onların həyatdakı davranışı da dəyişilir.

Eyni sözləri siyasi təsisatlara da aid etmək olar. Azərbaycanda biz istənilən Qərb ölkəsində mövcud olan siyasi təsisatlar kimi, bütün təsisatları yaratmışıq. Lakin bu, o demək deyil ki, Azərbaycanda demokratiyanın səviyyəsi həmin ölkələrdəki kimidir. Əlbəttə ki, yox. Bunun baş verməsini gözləmək tamamilə sadəlövhlük olardı. Əfsuslar olsun, müəyyən qərar qəbul edən dairələr, təsisatlar hesab edirlər ki, bu, çox asandır. Bu və ya digər yerdə gəlib demokratiyanı elan etmək, yaxud onu bayraqla, dəyənəklə gətirmək və demək ki, sabah siz demokrat olmalısınız, bu, tamamilə anormaldır, qəbuledilməzdir. Həyat göstərir ki, bu cür yanaşma, bu üsul işləmir. Demokratiyanın ixracı işləmir. Bu, təkamül, keçid prosesi olmalıdır. Əlbəttə ki, hökumət, tərəfdaşlar, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları fəal olmalıdırlar. Biz deyə bilmərik ki, müstəqilsiniz, gəncsiniz, elə belə də yaşayın. Yox, biz işləməliyik və cəmiyyətdəki reallıqdan çıxış etməliyik. Demokratiya kənardan gətirilirsə, ixrac olunursa və yaxud məcburən tətbiq edilirsə, bunun heç bir faydası olmur. Bu, sadəcə sosial, siyasi problemlərin yaranmasına, sabitliyin pozulmasına gətirib çıxarır, mənfi nəticələr doğurur.

Biz öz ölkəmizdə yaşayırıq, öz ölkəmizi tanıyırıq. Necə inkişaf etməyi, necə yaşamağı özümüz həll edirik. Ona görə demokratiya məsələsində çox diqqətli olmaq lazımdır. Buna avtomatik şəkildə, təkcə istək əsasında nail olmaq mümkün deyildir. Ona görə biz beynəlxalq təşkilatların üzvüyük, çox qabaqcıl qanunvericilik qəbul etmişik. Lakin, eyni zamanda, hər şey öz vaxtında olmalıdır. Cəmiyyət də insan orqanizmi kimi canlıdır. Yəni əgər siz su içmək istəyirsinizsə, içirsiniz. İçmək istəmirsinizsə, içmirsiniz. Elə bir şey ola bilməz ki, kənardan kimsə gəlsin, bu suyu sizə məcburən içirtsin. Onda sizin problemləriniz olar. Ona görə biz rasional, praqmatik və düşünülmüş yanaşmanın tərəfdarıyıq. Hesab edirəm ki, bizim göstəricilər, siyasi sabitlik, real iqtisadi inkişaf, sosial proqramlar - bütün bunlar onu göstərir ki, bu yanaşma uğurludur.

X X X

YUKİO YATO: Suallar üçün vaxt başa çatdı. Bu, sonuncu sual idi. Ona görə də hörmətli qonaqlar, hörmətli iştirakçılar, sizin adınızdan mən cənab Prezidentə minnətdarlığımızı bildirirəm. Gəldiyinizə görə çox sağ olun.

X X X

Cənab Yukio Yato görüşdən xatirə olaraq, Prezident İlham Əliyevə institutun adından hədiyyə təqdim etdi.

Görüşdən sonra iştirakçılar Prezident İlham Əliyevə yaxınlaşaraq səmimi görüşüb söhbət etdilər, dərin məzmunlu mühazirəsinə görə təşəkkürlərini bildirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya birjalarında neft ucuzlaşıb

Türkmənistanda Seyid Əzim Şirvani və Dövlətməmməd Azadinin yaradıcılığına həsr olunan elmi konfrans baş tutub

Pentaqon: İsrailin casusluq fəaliyyəti ilə bağlı təhdid səviyyəsi “kritik” həddədək artıb

Papa Leo: ABŞ-İsrailin İrana qarşı müharibəsində ədalət kriteriyaları mövcud deyil

Almaniyada Bundesver Günü tədbirlərinə 300 minə yaxın insan qatılıb

Nadejda İsmayılova: "Dalğa" zirvədir

Arkadağ Şəhər Tarix və Diyarşünaslıq Muzeyində “Azərbaycan — obyektivdən tarixə” adlı sərgi təqdim olunub

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub

Qarabağ Regional Təhsil İdarəsi üzrə zona mərhələsinin qalibi məlum olub

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Şəkidə məktəblilər arasında voleybol festivalı baş tutub

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqalə dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib

PUA hücumu nəticəsində Livan generalı ölüb

İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib

Binədə mağazada yanğın baş verib VİDEO

Binədə mağazada yanğın baş verib VİDEO

Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Azərbaycan Qazaxıstanda keçirilən “AI Leaders 2026” proqramında iştirak edib

Qobustanda əmək yarmarkası: yeni vakansiyalar açıqlandı

QHT-lərə Dövlət Dəstəyi Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib

Naxçıvanda iyun ayının pensiyaları ödənilib

Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib

Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava

® Mərkəzi Gömrük Hospitalında “Səhiyyədə Peşəkar Davranış: Tibbi etika, deontologiya və effektiv komanda əməkdaşlığı” mövzusunda seminar keçirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Aşqabadda Səməd Vurğun sorağı

Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub

Azərbaycan nefti 99 dollara satılır

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir

Oğuzda fermer və sahibkarlarla müzakirələr aparılıb, təkliflər dinlənilib

Şəkidən Karaqandaya: diplomatiya yolunu seçən azərbaycanlı tələbənin hekayəsi

“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər

İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib

NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib

Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ baş verib

ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır

Tədqiqat: Manqrov meşələri bərpa olunur

Türkiyənin Rəqabət Şurası “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb