RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN QOBUSTAN RAYONUNA SƏFƏRİ
QOBUSTAN OLİMPİYA İDMAN MƏRKƏZİNİN TƏMƏLQOYMA MƏRASİMİ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Qobustan rayonuna gəlmişdir.
Dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı burada gül-çiçəklə qarşıladılar.
Prezident İlham Əliyev əvvəlcə Qobustan rayonunun Mərəzə qəsəbəsində Olimpiya idman mərkəzinin təməlqoyma mərasimində iştirak etdi. Buraya toplaşan idmançılar və inşaatçılar dövlətimizin başçısını hərarətli alqışlarla qarşıladılar.
Prezident İlham Əliyev Olimpiya idman mərkəzinin layihəsi ilə tanış oldu. Məlumat verildi ki, burada 5 hektar ərazidə yerləşəcək mərkəzdə 934 yerlik idman salonu, eni 12, uzunluğu 25 metr olan hovuz, 60 yerlik üçmərtəbəli mehmanxana, yeməkxana, 2 min yerlik stadion, mini-futbol, voleybol, basketbol və idmanın digər növləri üzrə meydança və salonlar, yardımçı otaqlar tikiləcəkdir. Sifarişçi Gənclər və İdman Nazirliyi, podratçı isə “Avanqard” firmasıdır. Olimpiya idman mərkəzinin tikintisi 2008-ci ildə başa çatdırılacaqdır.
Dövlətimizin başçısı gilizi təmələ qoydu və beton qarışığını tökdü.
Prezident İlham Əliyev idmançıları və inşaatçıları təbrik etdi, onlara uğurlar arzuladı. Söhbət zamanı dövlətimizin başçısı bildirdi ki, burada işlərin birinci mərhələsi başa çatdıqdan sonra tikinti işləri davam etdiriləcəkdir. Əhalisi çox olan rayonlarda olimpiya idman kompleksləri tikildikdən sonra əhalisi az olan rayonlarda, o cümlədən da Qobustan rayonunda da gələcəkdə belə kompleks tikiləcəkdir. Yaxın vaxtlarda Bakıdan Şamaxı, İsmayıllı və Qəbələyə, sonra isə Gürcüstan sərhədinə qədər müasir yol çəkiləcəkdir. Buraya turistlər gələcək, idmançılar bu idman mərkəzindən istifadə edəcəklər. Qobustan rayonu idmançılarının da uğurları vardır. Ölkəmizdə bundan sonra da idmana diqqət və qayğı göstəriləcək və Qobustan idmançıları da gözəl idman mərkəzindən istifadə edərək, Azərbaycanın bu sahədə uğurlar qazanmasına öz töhfəsini verəcəklər.