CƏMİYYƏT
“Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalının növbəti nömrəsi çapdan çıxıb
![“Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalının növbəti nömrəsi çapdan çıxıb](/files/2014/2/1200x630/14087126145687740371_1200x630.jpg)
Bakı, 22 avqust (AZƏRTAC). “Azərbaycan Prokurorluğu” elmi-praktiki jurnalının 2014-cü ildə birinci nömrəsi çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, nəfis tərtibatla çap olunan jurnalın birinci nömrəsi cari ilin yanvar-mart aylarını əhatə edir.
Jurnal Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa yer olmamalıdır. Bütün dövlət məmurları bunu eşitsinlər, bilsinlər və elə işləsinlər ki, həmişə dövlət və xalq qarşısında alnıaçıq, üzüağ olsunlar” sözləri ilə başlanır.
Nəşrin “İctimai-siyasi tədbirlər”, “Rəsmi tədbirlər”, “Təhlillər, təkliflər”, “Diskussiya klubu”, “Məhkəmə-istintaq təcrübəsi”, “İctimaiyyətə hesabat”, “Prokurorluğun beynəlxalq əlaqələri”, “Kadrlarla iş”, “Normativ-hüquqi aktlar” bölmələrində maraqlı məlumatlar əksini tapıb.
Nəşrin “İctimai-siyasi tədbirlər” bölməsində Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası barədə geniş yazı dərc edilib.
Jurnalın “Rəsmi tədbirlər” bölməsində Azərbaycan Respublikasının Baş Prokurorluğunda, eləcə də Naxçıvan Muxtar Respublikası Prokurorluğunda 2013-cü ildə görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasları, həmçinin cinayətkarlığa qarşı mübarizə ilə bağlı əməliyyat müşavirəsi, “Respublika Hərbi Prokurorluğunda Muzey açılmışdır”, “Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlıq uğurla davam etdirilir” sərlövhəli yazılar, həmçinin baş prokuror Zakir Qaralovun AZƏRTAC-a müsahibəsi yer alıb.
“Təhlillər, təkliflər” bölməsində N.Bayramovun “İşin prokurora qaytarılması: institusional problemlər, praktiki nəticələr”, “Məhkəmə-istintaq təcrübəsi” rubrikasında isə E.Əsgərovun “Müşahidə video sistemlərinin kriminalistikada tətbiqi barədə” yazıları dərc olunub.
Ümumilikdə, nəşrdə Baş Prokurorluqda keçirilən tədbirlər, görüşlər, təqdimat və seminarlar, prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanları, eləcə də bu qurumun beynəlxalq əlaqələri barədə də geniş yazılar və digər mövzularda məqalələr, normativ-hüquqi aktlar var.