CƏMİYYƏT
Azərbaycan Prokurorluğunun korrupsiyaya qarşı mübarizədə təcrübəsi beynəlxalq sənədin qəbulunda nəzərə alınıb
Bakı, 22 noyabr, AZƏRTAC
Prokurorların dövlətin cinayət ədliyyə sistemində və qanunun aliliyinin qorunmasında müstəsna rolu və Avropa Şurasına (AŞ) üzv dövlətlərin prokurorları arasında əməkdaşlığın vacibliyini nəzərə alaraq 2005-ci ilin iyulunda AŞ Nazirlər Komitəsinin qərarı ilə Avropa Prokurorlarının Məşvərət Şurası (CCPE) yaradılıb. Avropa Şurasına üzv dövlətlərin yüksəkvəzifəli prokurorlarını birləşdirən qurum hər il plenar iclaslar təşkil etməklə prokuror fəaliyyətinə aid aktual mövzular üzrə rəylər hazırlayıb Nazirlər Komitəsinə təqdim edir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, noyabrın 21-22-də Parisdə Şuranın 14-cü plenar iclası keçirilib.
İkigünlük plenar iclasda ekspert qrupu tərəfindən “Korrupsiya, iqtisadi və maliyyə cinayətlərinə qarşı mübarizədə prokurorların rolu” adlı 14 saylı Rəy geniş müzakirə edilərək qəbul olunub.
Tədbirdə Azərbaycan Respublikasını təmsil edən və sənədin hazırlanmasında işçi qrupunun üzvü olan Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanov Rəyin müzakirəsi zamanı ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları, o cümlədən imzalanan mütərəqqi qanunvericilik aktları, prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması, eləcə də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Azərbaycan Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) ilə 15 ildən artıqdır uğurlu əməkdaşlıq edir. Həmçinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Antikorrupsiya Şəbəkəsi də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin beynəlxalq aləmdə səmərəli antikorrupsiya fəaliyyətinin nümunəvi modeli kimi tövsiyə edilib.
Ölkəmiz tərəfindən Rəyin mətninə verilən təkliflər nəzərə alınaraq yekun sənəddə əksini tapıb.
Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib, aktual məsələlər müzakirə olunub.