SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASI BAŞ PROKURORLUĞU MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Mayın 3-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikasının ədliyyə naziri doktor Hikmət Sami Türk və onu müşayiət edən nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Qonaqları səmimiyyətlə salamlayan Baş prokuror Zakir Qaralov ölkələrimiz arasında mövcud dostluq və qardaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirmiş, Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmləndirilməsində Azərbaycan dövlətinin qurucusu, bizim bir millət - iki dövlət olduğumuzu dünyaya bəyan edən, Türkiyədən kənarda ilk dəfə dövlət səviyyəsində Atatürk mərkəzini yaradan ölkə Prezidenti cənab Heydər Əliyev tərəfindən həyata keçirilən tədbirlərin müstəsna rolunu xüsusi qeyd etmişdir.
Görüşdə Türkiyə, Azərbaycan və Gürcüstan dövlət başçılarının Trabzon şəhərində keçirilmiş zirvə görüşündə terrorizmə, mütəşəkkil cinayətkarlığa və digər ağır cinayətlərə qarşı mübarizə haqqında sazişin imzalanmasının beynəlxalq terrorizmlə mübarizə sahəsində əlaqələrin möhkəmləndirilməsi sahəsində böyük əhəmiyyəti xüsusi vurğulanmışdır.
Respublika Prezidenti cənab Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə demokratik dəyərlərə, xalqımızın dövlətçilik ənənələrinə uyğun aparılan məhkəmə-hüquq islahatlarının gedişi barədə məlumat verən Baş prokuror son dövrlərdə prokurorluq orqanlarında həyata keçirilən yeniləşmə prosesi, struktur dəyişiklikləri və kadr siyasəti ilə əlaqədar görülmüş tədbirləri qonaqların diqqətinə çatdırmışdır.
Bildirilmişdir ki, Azərbaycan prokurorluğunun cəmiyyətdə rolu və yerini, hüquqi statusunu müəyyənləşdirən yeni qanunvericilik bazası, ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyası və digər status qanunlar prokurorluq orqanlarının səmərəli fəaliyyəti üçün geniş imkanlar yaratmış, “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə işin düzgün təşkili üçün prokurorluğa yeni hüquqi təminatlar vermişdir.
Azərbaycan torpağına ayaq basdıqları andan onlara göstərilən xüsusi diqqət və səmimi qonaqpərvərliyə görə dərin minnətdarlığını bildirən Türkiyə Respublikasının ədliyyə naziri doktor Hikmət Sami Türk ölkələrimizin ədliyyə orqanları arasında qarşılıqlı münasibətlərin tarixindən, imzalanması nəzərdə tutulan “Mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq haqqında” müqavilənin əhəmiyyəti barədə ətraflı məlumat vermişdir.
Azərbaycan prokurorluğu orqanlarında keçirilən islahatları müsbət qiymətləndirən cənab Hikmət Sami Türk Türkiyənin prokurorluq orqanlarında aparılması nəzərdə tutulan islahatlar haqqında məlumat vermiş, ikitərəfli əlaqələrin perspektivləri barədə fikirlərini açıqlamışdır.
Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əhməd Ünal Çeviköz görüşdə iştirak etmişdir.