AZƏRBAYCAN RESPUBLİKASI BAŞ PROKURORLUĞU MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Aprelin 22-23-də Bakıda Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramı çərçivəsində “Cinayət işləri üzrə hüquqi yardım haqqında” və “Ekstradisiya haqqında” Avropa konvensiyalarının tətbiqi” mövzusunda birgə seminar keçirilmişdir.
Seminarda Avropa Şurası Cinayət Problemləri İdarəsinin şöbə rəisi Kandido Kunya, Hollandiya Ədliyyə Nazirliyinin şöbə müdiri xanım Dezire Peridens, Roma Apellyasiya Məhkəməsi Baş prokurorunun müavini Eujenio Selvaqqi, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, ədliyyə, daxili işlər, milli təhlükəsizlik nazirliklərinin, Vəkillər Kollegiyasının, Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin, Bakı hüquq mərkəzinin, Amerika Hüquqşünaslar Assosiasiyasının, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin əməkdaşları və digər şəxslər iştirak etmişlər.
Seminarı giriş sözü ilə açan Azərbaycan Respublikasının Baş prokuroru Z.Qaralov möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin rəhbərliyi və səyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları barədə ətraflı məlumat verərək, son illər qəbul olunmuş qanunvericilik aktlarının Avropa standartlarına və demokratik dəyərlərə uyğunlaşdırıldığını bildirmişdir. O, bu tədbirin Avropa Şurası tərəfindən prokurorluğun fəaliyyəti ilə bağlı son bir il ərzində keçirilən üçüncü seminar olduğunu vurğulayaraq, onu Azərbaycan dövləti ilə Avropa Şurası arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin təcəssümü kimi qiymətləndirmişdir.
Daha sonra Z.Qaralov prokurorluqda qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildiyini, prokurorluğun fəaliyyətini nizama salan normativ-hüquqi bazanın yaradıldığını bildirmişdir. Seminarda müzakirə olunan Konvensiyaların ölkəmizin icra və məhkəmə hakimiyyəti orqanlarının fəaliyyəti üçün böyük əhəmiyyət kəsb etdiyini bildirən Baş prokuror demişdir ki, bu tədbir ümumavropa ailəsinin üzvü olan Azərbaycanla Avropa Şurası arasında əməkdaşlıq sahəsində mühüm bir addımdır.
Avropa Şurası nümayəndə heyətinin rəhbəri Kandido Kunya və digər ekspertlər ekstradisiya və cinayət işləri üzrə hüquqi yardım sahəsində Avropa Şurası ölkələrinin təcrübəsindən, bu işin təşkili və icra mexanizmlərindən danışmış, seminarın faydalı fikir mübadiləsi üçün əhəmiyyətli olduğunu vurğulamışlar.
Müzakirələrdə çıxış edənlər Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın perspektivləri, habelə belə seminarların gələcəkdə də təşkil olunmasının zəruriliyi barədə öz fikirlərini açıqlamışlar.