AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Mayın 16-da Prezidentin İqamətgahında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası olmuşdur.
İclasda baş nazir Artur Rasizadə çaylarda suyun səviyyəsinin qalxması ilə bağlı bir sıra rayonlarda yaranmış gərgin vəziyyətin aradan qaldırılması sahəsində görülən tədbirlərdən danışmışdır. Daha sonra ölkə iqtisadiyyatının inkişafı barədə məlumat verən baş nazir ümumi daxili məhsul istehsalının ötən dövrdəki artım sürətinin bu ilin yanvar-aprel aylarında da davam etdiyini bildirmişdir.
Maliyyə naziri Əvəz Ələkbərov dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində işləyən pedaqoji və digər kateqoriyalara aid olan işçilərin əmək haqlarının artırılması barədə Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamının icrası ilə əlaqədar görülən işlər haqqında məlumat vermişdir.
Milli Məclisin sədri Murtuz Ələsgərov parlamentin fəaliyyəti, bir sıra mühüm sənədlərin, o cümlədən Seçki Məcəlləsi layihəsinin müzakirə edilməsi barədə məlumat vermişdir.
Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev ölkədə ictimai-siyasi vəziyyət, icra orqanlarının işi haqqında danışmışdır.
Sonra hüquq-mühafizə orqanları rəhbərlərinin məlumatları dinlənilmişdir.
Azərbaycan Prezidenti Heydər Əliyev iclasa yekun vuraraq, müzakirə olunan məsələlərlə əlaqədar qarşıda duran vəzifələri müəyyənləşdirmiş, tövsiyələrini söyləmiş və Nazirlər Kabinetinə, ayrı-ayrı icra orqanlarına müvafiq tapşırıqlar vermişdir.