AZƏRBAYCAN RESPUBLİKASI XARİCİ İŞLƏR NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
BMT-nin İnsan Hüquqları Komissiyasının Cenevrə şəhərində öz işini başa çatdırmış 58-ci sessiyasında Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə konsensusla qəbul edilmişdir. Diplomatik kanallarla aparılmış mütəmadi danışıqlar nəticəsində 17 dövlət qətnaməyə həmmüəllif qismində qoşulmuşdur. Qətnamənin qəbul olunmasında həmçinin Avropa İttifaqının, İslam Konfransı Təşkilatının, Beynəlxalq Qırmızı Xaç Komitəsinin və “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarının və onlara dair əlavə protokolların depozitoru olan İsveçrə hökumətinin böyük rolu olmuşdur.
İtkin düşmüş şəxslər məsələsi bir çox dövlətlərin qarşılaşdığı və bütün dövlətlərin narahatlığını əks etdirən problemdir. Demək olar ki, silahlı münaqişələrin baş verdiyi bütün ərazilərdə itkin düşmüş şəxslər olduğu üçün bu problem daim öz aktuallığını saxlamaqdadır və hazırkı dövrdə də ayrı-ayrı münaqişələr üzrə qarşıya çıxan ən ağır problemlərdən biridir. Qeyd etmək lazımdır ki, Ermənistan-Azərbaycan münaqişəsi dövründə respublikamızda beş minə yaxın itkin düşmüş Azərbaycan vətəndaşı qeydə alınmışdır. Şübhəsiz ki, BMT-nin İnsan Hüquqları Komissiyasında göstərilən qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyinin müəyyənləşdirilməsi və beynəlxalq mexanizm və institutların bu problemin həllinə cəlb edilməsi istiqamətində mühüm amil olacaqdır.
Eyni zamanda, itkin düşmüş şəxslər məsələsinin bir sıra beynəlxalq sənədlərdə öz əksini tapmasına baxmayaraq, indiyədək bu problemə kifayət qədər diqqət yetirilməmişdir. Bununla əlaqədar, qeyd olunan məsələnin Azərbaycan Respublikası tərəfindən BMT-nin İnsan Hüquqları Komissiyasında qaldırılması xüsusi əhəmiyyət daşıyır.
Qəbul olunmuş qətnamə dövlətləri mövcud silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüquq normalarına ciddi riayət edilməsinə çağırır.
Qətnamədə silahlı münaqişə zamanı itkin düşmüş şəxslərin qohumlarının onlar haqqında məlumat almaq hüququnun təmin olunması, münaqişə tərəflərinin hərbi əməliyyatların dayandırılmasından dərhal sonra itkin düşmüş şəxslərin axtarılması, itkin düşmüş şəxslərin şəxsiyyətinin və taleyinin müəyyən edilməsi üçün tədbirlər görülməsi barədə öhdəliyi əks olunmuşdur.
Qətnamədə həmçinin BMT -nin İnsan Hüquqları Komissiyasının 2004-cü ildə keçiriləcək 60-cı sessiyasında bu məsələyə yenidən qayıdacağı qeyd olunmuş və həmin sessiyaya BMT-nin baş katibi tərəfindən problem üzrə məruzənin təqdim edilməsi nəzərdə tutulmuşdur.