AZƏRBAYCAN RESPUBLİKASINDA ÜMUMXALQ SƏSVERMƏSİ (REFERENDUM) HAQQINDA İLKİN MƏLUMAT
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə Azərbaycan Prezidenti cənab Heydər Əliyevin 22 iyun 2002-ci il tarixli Fərmanına əsasən, avqustun 24-də keçirilmiş ümumxalq səsverməsi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, insan hüquqlarının etibarlı qorunması sahəsində mühüm hadisədir və ictimai-siyasi proseslərə öz müsbət təsirini göstərəcəkdir.
Ölkə Prezidentinin Fərmanından sonra əhali arasında geniş təşviqat, təbliğat və maarifləndirmə işi aparılmışdır. Görülən tədbirlər vətəndaşların referenduma kütləvi qoşulmasını şərtləndirmiş və mütəşəkkil iştirakını təmin etmişdir.
Referenduma çıxarılan məsələlərin Azərbaycan dövlətçiliyi və xalqı üçün əhəmiyyətini, ölkəmizdə həyata keçirilən demokratik dəyişikliklərə müsbət təsirini düzgün qiymətləndirən vətəndaşlar təklif olunan düzəlişlərə öz müsbət münasibətini bildirmişlər.
Respublikamızda mövcud olan 100 dairədən 99-da (42 saylı Xankəndi dairəsi istisna olmaqla) 5000-dən artıq referendum məntəqəsi yaradılmışdır. Məntəqə seçki komissiyalarının tərkibində Azərbaycan Respublikasının Milli Məclisinə seçilmiş əsas siyasi partiyaların və bitərəf deputatların 29.850 təmsilçisi iştirak etmişdir.
Səsvermə hüququ olan Azərbaycan vətəndaşlarının siyahıları dəqiqləşdirilmiş və yekun siyahıya 4.410 mindən artıq seçicinin adları salınmışdı. Ölkənin hüdudlarından kənarda yaşayan və ya xidməti ezamiyyətdə olan Azərbaycan Respublikası vətəndaşlarının referendumda səsverməsi də təmin olunmuşdu.
Ölkəmizdə və onun hüdudlarından kənarda böyük maraq doğurmuş ümumxalq səsverməsinin geniş aşkarlıq şəraitində keçirilməsi üçün ciddi tədbirlər görülmüşdü. Müəssisə, idarə, təşkilat kollektivləri, 16 siyasi partiya və bir sıra qeyri-hökumət təşkilatları referendumda müşahidəçi kimi iştirak etmək üçün 65 minə yaxın şəxsin siyahılarını Mərkəzi Seçki Komissiyasına təqdim etmişdi. Onlardan 56 mindən çoxu siyasi partiyalar tərəfindən təqdim olunmuşdu.
Bir sıra xarici dövlətlərin parlament üzvləri və mərkəzi seçki komissiyası rəhbərlərindən ibarət nümayəndə heyətlərinin, beynəlxalq təşkilatların, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin və dünyanın aparıcı kütləvi informasiya vasitələri nümayəndələrinin 100-dən artıq təmsilçisi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçərək, referendumda müşahidəçi kimi iştirak etmişdir. Daxili və xarici müşahidəçilərin referendumun gedişini, səslərin hesablanması və nəticələrin müəyyən edilməsi prosesini sərbəst izləməsi üçün həç cür şərait yaradılmışdır.
Respublikamızın milyonlarla vətəndaşı referendum məntəqələrinə gələrək, səsvermədə fəal iştirak etmişdir. İlkin məlumatlara görə, referendumda 3.899.242 nəfər səs vermişdir ki, bu da referendum dairələri üzrə səsverənlər siyahılarına daxil edilmiş vətəndaşların ümumi sayının 88,47 faizini təşkil edir.
Səsvermə başa çatdıqdan sonra referenduma yekun vurulması mərhələsi başlanmışdır. Avqustun 25-i səhər saat 10.00-a olan məlumata görə, bütün məntəqə seçki komissiyalarından səsvermənin nəticələri haqqında protokollar dairə seçki komissiyalarına daxil olmuşdur.
Məlumatların ilkin təhlili göstərir ki, vətəndaşların ümumxalq səsverməsinə münasibəti birmənalı olmuşdur.
Referendum aktı layihəsinin hissələri üzrə səsvermənin ilkin nəticələri aşağıdakı kimidir:
1) “Azərbaycan Respublikasının Avropa Şurası qarşısında öz üzərinə götürdüyü öhdəliklərdən irəli gələn dəyişikliklər” hissəsi
lehinə-97,09 faiz, əlehyinə-2,63 faiz, etibarsız-0,28 faiz;
2) “Azərbaycan Respublikasının İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulmasından irəli gələn dəyişikliklər” hissəsi
lehinə-97,01 faiz, əleyhinə-2,69 faiz, etibarsız-0,3 faiz;
3) “Referendumun keçirilməsinin təkmilləşdirilməsindən irəli gələn dəyişikliklər” hissəsi
lehinə-96,82 faiz, əleyhinə-2,83 faiz, etibarsız-0,35 faiz;
4) “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə bağlı dəyişikliklər” hissəsi
lehinə-96,77 faiz, əleyhinə-2,96 faiz, etibarsız-0,27 faiz;
5) “Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə bağlı dəyişikliklər” hissəsi
lehinə-96,99 faiz, əleyhinə-2,73 faiz, etibarsız-0,28 faiz;
6) “Dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin təkmilləşdirilməsindən irəli gələn dəyişikliklər” hissəsi
lehinə-96,79 faiz, əleyhinə-2,92 faiz, etibarsız-0,29 faiz;
7) “Məhkəmə islahatlarının keçirilməsindən irəli gələn dəyişikliklər” hissəsi
lehinə-96,79 faiz, əleyhinə-2,8 faiz, etibarsız - 0,41 faiz;
8) “Digər dəyişikliklər” hissəsi
lehinə-96,53 faiz, əleyhinə-2,85 faiz, etibarsız-0,62 faiz.
Yuxarıda qeyd olunduğu kimi, referendumun gedişatını müşahidə etmək üçün Mərkəzi Seçki Komissiyasına siyasi partiyalar tərəfindən 56 min nəfərlik siyahı təqdim olunmuşdur. Onlardan:
Yeni Azərbaycan Partiyası - 5000
Demokratik Azərbaycan Dünyası Partiyası -5000
Azərbaycan Sosial Rifah Partiyası - 5000
Azərbaycan Naminə Alyans Partiyası- 5000
Azərbaycan Demokratik Maarifçilik Partiyası -4750
Ana Vətən Partiyası -4500
Müasir Müsavat Partiyası -189
Müsavat Partiyası -4883
Azərbaycan Sosial-Demokrat Partiyası - 4882
Azərbaycan Liberal Partiyası -4361
Azərbaycan Milli İstiqlal Partiyası -4056
Azərbaycan Demokrat Partiyası -2834
Azərbaycan Xalq Cəbhəsi Partiyası - 2066
Azərbaycan Xalq Partiyası -2290
Ədalət Partiyası -1197
Lakin təqdim olunmuş 56 minlik siyasi partiya müşahidəçilərindən məntəqələrdən daxil olmuş ilkin məlumata görə, yalnız 31 minə yaxın müşahidəçi öz missiyasını həyata keçirmişdir. Bunlardan:
Yeni Azərbaycan Partiyası -4981
Digər iqtidaryönlü partiyalar -22512
Müxalifət partiyaları -3500-ə yaxın, o cümlədən
Müsavat Partiyası -978
Azərbaycan Sosial-Demokrat Partiyası - 33
Azərbaycan Liberal Partiyası - 163
Azərbaycan Milli İstiqlal Partiyası -891
Azərbaycan Demokrat Partiyası -655
Azərbaycan Xalq Cəbhəsi Partiyası -919
Azərbaycan Xalq Partiyası -3
Ədalət Partiyası -2
nəfərlə təmsil olunmuşdur.
Səsvermənin nəticələri haqqında məntəqə və dairə seçki komissiyalarının rəsmi protokolları və dairə seçki komissiyalarının digər referendum sənədləri avqustun 27-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına təqdim ediləcəkdir.
Qanunvericilikdə nəzərdə tutulduğu kimi, avqustun 30-dək referendumun rəsmi nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən elan ediləcək və bundan 20 gün sonra mətbuatda dərc olunaraq referenduma yekun vurulacaqdır.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası rəsmi bəyan edir ki, Komissiyaya referendumun gedişi zamanı qanun pozuntusu ilə bağlı heç bir şikayət daxil olmamışdır.
Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası
Bakı şəhəri, 25 avqust 2002-ci il