AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ ARTUR RASİZADƏ TATARISTANDA RƏSMİ SƏFƏRDƏ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə iyunun 17-18-də Rusiya Federasiyasının Tatarıstan Respublikasında rəsmi səfərdə olmuşdur. Kazan hava limanında Azərbaycan hökumətinin başçısını Tatarıstan Respublikasının Baş naziri Rüstəm Minnixanov və digər rəsmi şəxslər qarşılamışlar. Tərəflər arasında qısa protokol görüşü olmuşdur.
Hava limanında jurnalistlərə müsahibə verən Azərbaycan hökumətinin başçısı Artur Rasizadə demişdir ki, Tatarıstanın Baş nazirinin dəvəti ilə həyata keçirilən səfər çərçivəsində iqtisadi, ticarət, mədəni, sosial və digər sahələrdə əlaqələrin inkişafına dair məsləhətləşmələr aparılacaqdır. Artur Rasizadə Azərbaycan ilə Tatarıstan arasında əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların olduğunu vurğulamışdır.
Səfərin ilk günü Tatarıstanın Nazirlər Kabinetində Azərbaycanın Baş naziri Artur Rasizadənin və Tatarıstanın Baş naziri Rüstəm Minnixanovun iştirakı ilə Tatarıstanın nazirlikləri, komitələri və aparıcı şirkətlərinin təqdimatı olmuşdur.
Rüstəm Minnixanov Azərbaycan ilə Rusiya Federasiyasının Tatarıstan Respublikası arasında əlaqələrin sürətlə inkişaf etdiyini vurğulamış, Baş nazir Artur Rasizadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin bu səfərinin münasibətlərimizin daha da genişlənməsində mühüm rol oynayacağını bildirmişdir. O demişdir ki, ticarət dövriyyəmiz 2008-ci ilin birinci yarısında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 45 faiz artmışdır. Tatarıstan Cənubi Qafqazda ən etibarlı tərəfdaşı olan Azərbaycan ilə münasibətlərin daha da genişlənməsində maraqlıdır və bunun üçün əlindən gələni etməyə hazırdır.
R.Minnixanov Azərbaycanın dinamik inkişafının Tatarıstanda böyük maraqla izləndiyini bildirmiş və müstəqil Azərbaycanın əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirmişdir.
Baş nazir Artur Rasizadə Tatarıstanda 30 il əvvəl olduğunu və ötən müddət ərzində respublikanın yüksək inkişaf yolu keçdiyini bildirmişdir. A.Rasizadə Azərbaycan ilə Rusiya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirmiş, Federasiyanın ayrı-ayrı bölgələri və subyektləri ilə əlaqələrin inkişaf etdirilməsinin hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
A.Rasizadə ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanı sürətli inkişaf yoluna çıxaran neft strategiyasının uğurlarından, həyata keçirilən iqtisadi islahatlardan və əldə olunmuş nailiyyətlərdən danışmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermişdir. Baş nazir A.Rasizadə demişdir ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş, bir milyondan çox azərbaycanlı öz vətənində qaçqın və məcburi köçkünə çevrilmişdir. Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən münaqişə hələ də öz ədalətli həllini tapmamışdır. Baş nazir Azərbaycan dövlətinin məcburi köçkünlərin problemlərini daim diqqətdə saxladığını, neft gəlirləri hesabına onlar üçün müasir tipli qəsəbələr salındığını, çadır düşərgələrinin tam ləğv edildiyini bildirmişdir.
A.Rasizadə demişdir ki, Azərbaycanda həyata keçirilən neft strategiyası böyük uğurlar gətirir. Son illər ölkədə ümumi daxili məhsul istehsalının həcmi, əhalinin pul gəlirləri dəfələrlə artmışdır. Ölkədə çox əlverişli investisiya mühiti vardır. Bu da iqtisadiyyatın digər sahələrinin inkişafı üçün geniş imkanlar yaradır. Ümid edirəm ki, Azərbaycanın və Tatarıstanın aparıcı şirkətlərinin qarşılıqlı əməkdaşlığı hər iki tərəf üçün faydalı olacaqdır.
Sonra Tatarıstanın iqtisadiyyat naziri Marat Safiullin, tikinti, arxitektura və mənzil-kommunal təsərrüfatı naziri Marat Xusnullin, Kiçik və Orta Biznes Komitəsinin sədri Timur Şakivalyev, maşınqayırma, neft-kimya, qaz-turbin avadanlığı istehsalı şirkətlərinin, “KamAZ” Səhmdar Cəmiyyətinin, Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin rəsmiləri çıxış edərək, Tatarıstanda neft, neft-kimya, maşınqayırma, gəmiqayırma, cihazqayırma, məişət texnikası istehsalı, mənzil tikintisi və digər sahələrdə əldə olunmuş uğurlardan danışmışlar. Bildirilmişdir ki, əhalisinin sayı 4 milyona yaxın olan Tatarıstan son illər sürətlə inkişaf etməyə başlamışdır. 2007-ci ildə respublikada ümumi daxili məhsul istehsalının həcmi 7 faizdən çox olmuşdur. Ötən il Tatarıstanda 5 milyon tondan çox taxıl istehsal olunmuşdur. Hazırda Tatarıstanda ildə 30 milyon ton neft çıxarılır, yerli neft emalı zavodunda hər il 7 milyon ton məhsul hazırlanır.
Keçən il respublikanın iqtisadiyyatına 1 milyard ABŞ dollarından çox xarici, 200 milyard rubla yaxın yerli investisiya qoyulmuşdur. Daxili investisiyanın 121 milyard rubldan çoxu özəl sektorun payına düşmüşdür. Gələn il infrastrukturun yenidən qurulmasına, təhsilin, kənd təsərrüfatının, əhalinin mənzil problemlərinin həllinə, neft, neft-kimya, maşınqayırma, gəmiqayırma, avtomobil sənayesi, məişət texnikası istehsalı sahələrinə qoyulacaq sərmayələrin həcmi əsaslı surətdə artırılacaqdır.
Sonra Azərbaycanın Baş naziri Artur Rasizadə Kazan vertolyot zavodunda olmuşdur. Azərbaycan hökumətinin başçısı zavodun ayrı-ayrı sexləri ilə tanış olmuş, müəssisənin istehsal gücü, hazır məhsulların təyinatı ilə maraqlanmışdır.
Azərbaycanın Baş nazirinə məlumat verilmişdir ki, zavodda müxtəlif təyinatlı, o cümlədən səhiyyədə, idman yarışlarında, mülki aviasiyada, yükdaşımada, eləcə də müdafiə sahəsində istifadə edilən vertolyotlar istehsal olunur. Zavodun məhsullarına dünyada böyük maraq vardır.
Sonra müxtəlif təyinatlı vertolyotlar havaya qalxmış, Azərbaycanın Baş naziri onların uçuşunu, yükgötürmə, manevretmə qabiliyyətini izləmişdir.
Həmin gün Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Tatarıstan Respublikasının Prezidenti Mintimer Şaymiyev ilə görüşmüşdür.
Tatarıstan Prezidenti 1996-cı ildə Azərbaycana ilk rəsmi səfərini, ümummilli liderimiz Heydər Əliyev ilə görüşlərini xatırlamış, ulu öndərin Azərbaycan xalqı, eləcə də türk xalqları qarşısındakı xidmətlərini yüksək qiymətləndirmişdir. Tatarıstanın dövlət başçısı demişdir ki, Azərbaycanın inkişafının 30 ildən çox bir dövrü, müstəqilliyinin dönməzliyi və sürətli tərəqqisi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirməsi nəticəsində indi Azərbaycan regionda lider dövlətə çevrilmiş, dünya birliyində söz və nüfuz sahibinə çevrilmişdir.
Mintimer Şaymiyev Azərbaycan ilə Tatarıstan arasında əlaqələrin mövcud səviyyəsindən razılığını ifadə etmiş, münasibətlərimizin daha da inkişafında maraqlı olduğunu bildirmiş, demişdir ki, qarşılıqlı səfərlər zamanı imzalanmış sənədlər əməkdaşlığımızın hərtərəfli irəliləməsi üçün hüquqi baza yaratmışdır.
Tatarıstan Respublikasının başçısı Azərbaycan Baş nazirinin bu səfərindən sonra əlaqələrin inkişafında yeni mərhələ açılacağına ümidvar olduğunu bildirmişdir.
M.Şaymiyev Azərbaycanda olduğu zaman məcburi köçkünlərlə görüşdüyünü, yurd-yuvalarından didərgin düşmüş insanların necə ağır, dözülməz şəraitdə yaşadıqlarının şahidi olduğunu bildirmiş, Azərbaycan dövlətinin və hökumətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində atdığı addımları yüksək qiymətləndirmişdir.
Baş nazir Artur Rasizadə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını M.Şaymiyevə çatdırmış və demişdir ki, Tatarıstanda gedən quruculuq işləri, qazanılan nailiyyətlər Azərbaycanda maraqla izlənilir.
Artur Rasizadə ölkəmizin iqtisadi inkişafı, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional layihələr, neft strategiyasının uğurları, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin əhəmiyyəti, Bakı-Tbilisi-Qars dəmir yolu, “Nabukko” layihələrinin perspektivləri, ölkəmizdəki əlverişli biznes mühiti barədə ətraflı məlumat vermişdir.
Görüşdə qida sənayesi, kənd təsərrüfatı, nəqliyyat, gəmiqayırma, məişət texnikası istehsalı, neft-kimya sənayesi, energetika, ekologiya və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, iş adamlarının, şirkət və müəssisə rəhbərlərinin qarşılıqlı səfərlərinin intensivləşdirilməsi, qarşılıqlı sərmayə qoyuluşu və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Sonda mətbuat konfransı keçirilmiş, jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.
İyunun 18-də Azərbaycanın Baş naziri Artur Rasizadə Kazan şəhərinin meri
İlsur Metşinlə görüşmüşdür. İ.Metşin Kazanda aparılan tikinti-quruculuq işləri, yeni şəhərsalma texnologiyası, köhnə evlərin yeniləri ilə əvəzlənməsi, 2013-cü ildə keçiriləcək beynəlxalq universiadaya hazırlıqla bağlı məlumat vermişdir. Bildirilmişdir ki, olduqca əlverişli coğrafi şəraitdə yerləşən Kazan şəhərində hazırda 1 milyon əhali yaşayır, onların 35 faizini gənclər təşkil edir. Avtomobil, su, hava yollarının kəsişməsində yerləşməsi şəhərin əhəmiyyətini daha da artırır. Regionda ən iri Qul-Şərif məscidi də Kazanda yerləşir. Bundan başqa, şəhərdə 23 məscid, 16 xristian, katolik kilsəsi, kirxa, yəhudi sinoqoqu vardır. Şəhərdə çoxlu diaspor təşkilatları, o cümlədən Azərbaycan diasporu fəaliyyət göstərir. Azərbaycanlılar şəhərsalma, sənaye istehsalı və digər sahələrdə çox fəaldırlar. Kazan 2013-cü ildə keçiriləcək beynəlxalq universiadaya ciddi hazırlaşır. Bu məqsədlə 50 milyard avro vəsaitin ayrılması nəzərdə tutulmuşdur.
Azərbaycanın Baş naziri Artur Rasizadə Kazan şəhərinin inkişafı ilə bağlı görülən işləri yüksək qiymətləndirmiş, Azərbaycanda da Tatarıstandan gələn iş adamları, ölkəmizdə yaşayan tatarlar və digər millətlərin nümayəndələri üçün bərabər imkanlar yaradıldığını, etnik rəngarəngliyin respublikamızın ən dəyərli sərvətlərindən biri olduğunu bildirmişdir.
Sonra Azərbaycan Respublikasının Baş naziri Kazan şəhərinin qədim tarixi abidələri ilə tanış olmuş, Kazan Kremlini gəzmiş, Qul-Şərif məscidinə, eləcə də məscid ilə üzbəüz yerləşən qədim kilsəyə baş çəkmişdir.
Daha sonra Baş nazir Artur Rasizadə Kazandakı yüksək texnologiyalı tibbi-tədris mərkəzində olmuşdur. Tatarıstanın səhiyyə naziri mərkəzin fəaliyyəti barədə Azərbaycan hökumətinin başçısına məlumat vermişdir. Bildirilmişdir ki, müasir texnoloji avadanlıqla təchiz olunmuş mərkəzdə həkimlər üzrə ixtisasartırma kursları keçirlər. Bu mərkəzi bitirmiş həkimlər ən nüfuzlu xəstəxanalarda işə qəbul olunurlar. Mərkəzdə müxtəlif xəstəliklərin dəqiq diaqnostikası aparılır.
Səfərinin sonunda Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə “Ak-Bars aqro” Aqrarsənaye Kompleksində olmuş, Tatarıstanın ət və süd məhsulları, eləcə də digər kənd təsərrüfatı məhsulları ilə təminatında mühüm rol oynayan kompleksin işi ilə maraqlanmışdır. Azərbaycan hökumətinin başçısına məlumat verilmişdir ki, müasir texnologiya və avadanlıqla təmin olunmuş bu kompleks Rusiya Federasiyasında ən qabaqcıl müəssisələrdəndir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin Tatarıstan Respublikasına rəsmi səfəri iyunun 18-də başa çatmışdır.
######
![]() |
![]() |
![]() |


