İQTİSADİYYAT
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti işə qəbul məsələsində şəffaflığı əsas meyar kimi müəyyən edir
Bakı, 2 avqust (AZƏRTAC). Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) işə qəbul prosesini, xarici və daxili təqaüd proqramlarını, peşə məktəblərinə qəbulu müsabiqələr vasitəsilə həyata keçirir. Bunun üçün ARDNŞ-in kifayət qədər texniki və intellektual imkanları vardır. İndiyədək bu proseslərdə iştirak etmiş minlərlə namizəd bunu təsdiq edə bilər ki, müsabiqələr zamanı əsas meyar yalnız və yalnız onların bilik və bacarıqlarıdır.
Buna baxmayaraq, prosesdə bəzi mənfi hallara da rast gəlinir ki, onların ARDNŞ-nin kadr siyasətinə heç bir aidiyyəti yoxdur. Bəzi fırıldaqçılar vətəndaşların sadəlövhlüyündən istifadə edərək onlara ARDNŞ-də işə düzəldəcəklərini vəd edirlər. Nəticədə isə yalançı vədlərə inanan vətəndaşlar zərər çəkirlər.
Şirkətin insan resursları departamentindən AZƏRTAC-a bildirmişlər ki, son 2 ildə ARDNŞ-in hüquq idarəsi tərəfindən 11 belə faktla bağlı hüquq mühafizə orqanlarına müraciət edilmişdir. Lakin bizi narahat edən məsələlərdən biri də odur ki, bəzi namizədlər əslində öz bilik, bacarıq və səriştələrindən irəli gələrək müsabiqədə uğur qazandığı halda, bu uğuru onlara yalançı vədlər verən fırıldaqçıların “işbazlığı” nəticəsində əldə etdiklərini zənn edə bilərlər.
ARDNŞ-in insan resursları departamenti bir daha bildirir ki, bütün vətəndaşlar müsabiqələrdə hər hansı bir kənar faktorun təsirinin qeyri-mümkün olduğuna əmin olmalı və nəticəyə yalnız onların öz göstəricilərinin təsir etdiyinə heç bir şübhə etməməlidirlər. Bizim üçün ən ali meyar dövlətçilik, qanunvericilik və vicdanımızdır.
Hər bir vətəndaş həftənin 1, 3 və 5-ci günləri saat 16:00-da insan resursları departamentinin inzibati binasında (Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 32A) şəxsiyyət vəsiqəsini təqdim etməklə vətəndaşlarla keçirilən görüşdə iştirak edə bilər və proseslə bağlı onları maraqlandıran suallara ətraflı cavab tapa bilərlər. Həmçinin bununla əlaqədar sualları [email protected] elektron poçtuna ünvanlaya bilərlər.