MƏDƏNİYYƏT
AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏKDAR RƏSSAMI ŞƏMİL MUSTAFAYEVİN 80 İLLİK YUBİLEYİ QEYD OLUNMUŞDUR
Naxçıvan, 10 sentyabr (AZƏRTAC). Naxçıvan MR Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda Azərbaycan Respublikasının əməkdar rəssamı Şəmil Mustafayevin anadan olmasının 80 illiyi münasibətilə yubiley tədbiri keçirilmişdir.
Muxtar respublikanın mədəniyyət və turizm naziri S.İbrahimov ölkəmizdə mədəniyyətə, sənət adamlarına göstərilən yüksək dövlət qayğısından danışmış, rəssamı təbrik etmiş, ona yaradıcılıq uğurları arzulamışdır.
Rəssamlar Birliyinin sədri, xalq rəssamı Hüseynqulu Əliyev əsası böyük rəssam Bəhruz Kəngərli tərəfindən qoyulan Naxcıvan rəssamlıq məktəbinin müasir nümayəndələrindən biri olan Şəmil Mustafayevin yaradıcılığından danışmışdır.
Tədbir iştirakçıları Ş.Mustafayevin əsərlərindən ibarət sərgiyə baxmışlar. Sərgidə rəssamın “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev”, “Mənim kəndim 20-ci ildə”, “Bir millət-iki dövlət”, “Əcəmi Naxçıvani”, “Şah İsmayıl Xətai”, “Şərur xanımları”, “Kürdün gözəli”, “Günəşin qürub etməsi”, “Musiqi həyatdır” və başqa maraqlı əcərləri nümayiş olunur.
######