AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA
İyunun 30-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur. İclasda əvvəlcə “Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi yaşayan, yaxud uzunmüddətli xarici ezamiyyətdə olan Azərbaycan Respublikası vətəndaşlarının seçici siyahısına salınması ücün müvafiq seçki dairələrinin siyahılarının təsdiq edilməsi haqqında” Mərkəzi Seçki Komissiyası sədrinin müavini Svetlana Qasımovanın məlumatı dinlənilmişdir. Komissiya bu məsələ barəsində Seçki Məcəlləsinin 29.2-ci maddəsinə uyğun olaraq qərar qəbul etmişdir. Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 26.3.2-ci və 54.9-cu maddələrinə uyğun olaraq Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Rüstəmxanlı Sabir Xudu oğlunun və Milli Vəhdət Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Əliyev Yunus İsaxan oğlunun Azərbaycan Respublikası Prezidentliyinə namizəd kimi təsdiq olunmasını qərara almışdır. Komissiya daha sonra, “Azərbaycan Prezidentliyinə namizədlərin müdafəsi üçün seçici imzalarının toplanması, təqdim edilməsi, imza vərəqələrinin və digər seçki sənədlərinin yoxlanılması qaydası haqqında Təlimat”ı, “Dairə seçki komissiyasi üzvlüyünə namizədlərin irəli sürülməsi qaydaları haqqında Təlimat”ı və “İmza vərəqələrinin doldurulması qaydalarına dair İzah”ı ətraflı müzakirədən sonra qəbul etmişdir. İclasın gedişini Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES), ABŞ, Fransa və Yaponiya səfirliklərinin təmsilçiləri, xarici və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri izləmişlər.