AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA
İyulun 4-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur. Məzahir Pənahov Naxçıvan şəhərində seçicilərin təşəbbüs qrupu tərəfindən Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin prezidentliyə namizədliyinin təsdiq olunması və seçicilərin təşəbbüs qrupunun qeydə alınması haqqında məlumat vermişdir. Komissiya 2003-cü il oktyabrın 15-də keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçicilərin təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikası prezidentliyinə namizəd kimi təsdiq etmişdir. İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürmüş təşəbbüs qrupunun səlahiyyətli nümayəndələri Komissiya tərəfindən qeydə alınmışdır. İclasda Milli Konqres Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Şirin İxtiyar Əlibala oğlunun da Azərbaycan Respublikası prezidentliyinə namizədliyi təsdiq edilmişdir. Milli Konqres Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınmışlar. Komissiya prezidentliyə irəli sürülmüş namizədləri təsdiq olunmuş siyasi partiyaların, siyasi partiya bloklarının və təsdiqlənmiş namizədlərin Mərkəzi Seçki Komissiyasında qeydə alınmış səlahiyyətli nümayəndələrinə vəsiqələr verilməsini qərarlaşdırmışdır. İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES), ATƏT-in, Yaponiya səfirliyinin təmsilçiləri, habelə xarici və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. Mərkəzi Seçki Komissiyasının Mətbuat Xidməti.