SİYASƏT
Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Tehranda rəsmi qəbul təşkil olunacaqdır
Tehran, 22 iyun (AZƏRTAC). Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 95-ci ildönümü münasibətilə ölkəmizin Tehrandakı səfirliyində rəsmi qəbul təşkil olunacaqdır.
AZƏRTAC xəbər verir ki, mərasimə İran Silahlı Qüvvələrinin və Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçiləri, Tehranda fəaliyyət göstərən hərbi attaşelər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, Azərbaycan Respublikasının İrandakı dövlət qurumlarının nümayəndələri, Tehranda təhsil alan tələbələrimiz, ölkə ictimaiyyətinin nümayəndələri dəvət olunmuşlar.
Qəbulda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasından və inkişaf istiqamətlərindən bəhs edən sənədli film nümayiş olunacaq, iştirakçılara ölkəmizin tarixini və müasir dövrünü əks etdirən əyani vəsaitlər paylanacaqdır.
Rəsmi hissədən sonra Azərbaycanın milli musiqisindən seçmələr təqdim ediləcək, milli mətbəximizin nümunələrindən ibarət süfrə açılacaqdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran