İDMAN
Azərbaycan şahmatçıları Tromse Olimpiadasında liderliyi əldə saxlayırlar
Bakı, 7 avqust (AZƏRTAC). Norveçin Tromse şəhərində Dünya Şahmat Olimpiadası davam edir. Olimpiadada Azərbaycanı iki komanda - kişilərdən ibarət və qadınlardan ibarət yığmalarımız təmsil edir.
AZƏRTAC xəbər verir ki, beşinci turda kişi şahmatçılarımızın rəqibləri serblər olub. Birinci lövhədə ağ fiqurlarla oynayan Şəhriyar Məmmədyarov İvan İvenişeviçə qalib gəlib. Teymur Rəcəbov Miloş Perinoviçə uduzub, Rauf Məmmədov - Robert Markus və Qədir Hüseynov - Nikola Sedlak partiyaları heç-heçə başa çatıb. Beləliklə, bu turun son hesabı 2:2 olub.
Qadınlardan ibarət yığmamızın rəqibləri (ABŞ komandası) minimal hesabla üstünlük əldə ediblər. Birinci lövhədə Gülnar Məmmədova İrina Kruşa qalib gəlib. Xəyala Abdulla ilə Anna Zatonskix arasında mübarizə sülhlə başa çatıb. Türkan Məmmədyarova Tatev Avrahamyana, Səbinə İbrahimova isə Yekaterina Nemtsovaya uduzub.
Kişilərin yarışlarında beş turdan sonra Azərbaycan, Almaniya, Qazaxıstan, Bolqarıstan, Kuba, Özbəkistan və Gürcüstan yığmalarının hərəsi doqquz komanda xalı toplayıb. 17 komanda liderlərdən bir xal geridir.
Qadınların yarışlarında beş turdan sonra hərəyə on komanda xalı toplamış Çin, Macarıstan və Rusiya yığmaları liderdir.
Bu gün olimpiadada istirahət günüdür.
Avqustun 8-də keçiriləcək altıncı turda Azərbaycanın kişilərdən ibarət yığma komandası Gürcüstan şahmatçıları ilə qarşılaşacaq. Birinci lövhədə bizim təmsilçimiz ağ fiqurlarla oynayacaq.
Qadınlardan ibarət yığmamız isə Puerto-Riko komandası ilə görüşəcək. Burada ölkəmizin təmsilçisi qara fiqurlarla oynayacaq.
Xatırladaq ki, Dünya Şahmat Olimpiadası avqustun 14-dək davam edəcək.