İDMAN
Azərbaycan səfiri İtaliya jurnalına müsahibəsində “Bakı-2015”-dən bəhs edib
![Azərbaycan səfiri İtaliya jurnalına müsahibəsində “Bakı-2015”-dən bəhs edib](/files/2015/2/1200x630/14344699141428416832_1200x630.jpg)
Roma, 16 iyun, AZƏRTAC
İtaliyanın məşhur “Specchio Economico” jurnalında Azərbaycanın bu ölkədəki səfiri Vaqif Sadıqovun müsahibəsi dərc edilib. Səfir ölkəmizin müasir inkişafından, Azərbaycanda gənclər və idman sahələrinə göstərilən dövlət qayğısından, Olimpiya Hərəkatının genişlənməsindən, xüsusilə “Bakı-2015” ilk Avropa Oyunlarından bəhs edib.
Jurnalist Ciozetta Çiuffanın suallarını cavablandıran səfir bildirib ki, Azərbaycanda gənclər üçün hər cür şəraitin yaradılmasını əks etdirən uğurlu dövlət siyasəti həyata keçirilir. Eyni zamanda, ölkəmizdə idman sektorunun inkişafı da diqqət mərkəzindədir. Bakıda və regionlarımızda idman obyektlərinin sayı getdikcə artmaqdadır. Bu da azərbaycanlı idmançıların beynəlxalq turnirlərdə yüksək nəticələr əldə etmələrinə öz töhfəsini verir.
Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsindən danışan V.Sadıqov bu qərarın 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsinin Romada keçirilmiş illik assambleyasında qəbul olunduğunu bildirib. Diqqətə çatdırıb ki, bu miqyasda tədbirin təşkili üçün uzun illər lazım olsa da, Azərbaycan qısa bir müddətdə yüksək səviyyədə hazırlıqları başa çatdırmağa nail olub. Azərbaycanın birinci xanımı, “Bakı-2015” ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi ilə yüksək səviyyədə hazırlıqlar həyata keçirilib. Biz bu yarışlara ev sahibliyi etməklə yanaşı, gələcək Oyunlar üçün yüksək standartlar yaratmağa da önəm veririk.
“Bakı-2015” ilə bağlı ətraflı məlumat verən səfir vurğulayıb ki, yarışlarda 50 ölkədən 6 min atlet 20 idman növü üzrə mübarizə aparır. Bakıda bu yarışlar üçün yüksək standartlara cavab verən möhtəşəm idman obyektləri inşa edilərək istifadəyə verilib. Azərbaycan üçün beynəlxalq idman aləminə töhfə vermək çox önəmlidir. Bu cür tədbirlər vasitəsilə ölkəmiz turizm potensialını, idman sahəsindəki uğurlarını, mədəniyyətini, adət-ənənələrini təqdim etmək imkanı əldə edir. Avropa Oyunlarının xüsusilə gənclər arasında dostluq və sıx əlaqələrin qurulması baxımından önəmli bir addım olduğunu vurğulayan V.Sadıqov bildirib ki, idmanla yanaşı, bu, həm də sosial tədbirdir. Azərbaycan gələcəkdə də önəmli idman tədbirlərinə ev sahibliyi etməyə hazırlaşır. Belə ki, ölkəmiz 2016-cı ildə Formula-1 (F1) üzrə Avropa Qran-pri yarışlarına, 42-ci Şahmat Olimpiadasına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına, futbol üzrə “Avro 2020”-nin final mərhələsinin matçları və digər bu kimi mötəbər idman tədbirlərinə ev sahibliyi edəcək.
Səfir Azərbaycanın iqtisadi inkişafından və bu kontekstdə İtaliya ilə əlaqələrdən də söz açıb. Qeyd edib ki, ölkələrimizin birgə təşəbbüsü ilə mədəni layihələr həyata keçirilir. Hazırda Azərbaycan İtaliyada təşkil olunmuş “Milan Expo-2015” və 56-cı “Venesiya Biennalesi” beynəlxalq sərgilərində uğurla iştirak edir. Ölkəmiz “Milan Expo-2015” sərgisində möhtəşəm pavilyonu ilə təmsil olunur. Sərgidə Azərbaycan pavilyonun tikintisini vaxtından əvvəl uğurla başa çatdıran ilk dövlətlərdəndir. Tədbirin açılışından etibarən ən çox ziyarətçi cəlb etməyi bacaran da məhz bizim pavilyonumuzdur.
Azərbaycanın turizm imkanlarından bəhs edən V.Sadıqov bildirib ki, Bakıya Romadan və Milandan birbaşa uçuşların artırılması qarşılıqlı səfər edənlərin sayının çoxalması ilə bağlıdır. Hər iki ölkənin rəsmilərinin qarşılıqlı səfərləri də münasibətlərimizin möhkəmlənməsinə töhfəsini verməkdədir.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma