SİYASƏT
AZƏRBAYCAN SƏFİRLİYİNDƏ DƏYİRMİ MASA
Respublikamızın Özbəkistandakı səfirliyi “İnvestisiya Azərbaycan iqtisadiyyatının inkişafında əsas amildir” mövzusunda dəyirmi masa keçirmişdir. Tədbirdə Türkiyə, Sloveniya, Çexiya, Polşa, Rumıniya, Malayziya və Yaponiyanın Daşkənddəki səfirliklərinin əməkdaşları, bu ölkədə fəaliyyət göstərən biznesmenləri, iş adamları iştirak etmişlər. Görüşdən məqsəd Özbəkistanda fəaliyyət göstərən iş adamlarının bir qisminin marağını Azərbaycana yönəltmək idi.
Səfir Aydın Əzimbəyov Azərbaycanda xarici sərmayədarlara yaradılan şəraitdən danışmış, neft sektoru ilə yanaşı, yüngül və yeyinti sənayesi, tikinti, kənd təsərrüfatı, əlvan metallurgiya, kimya sənayesi və başqa sahələrə sərmayə qoyuluşunun getdikcə artdığını bildirmişdir.
Sonra Azərbaycanda investisiya vəziyyəti və imkanları, karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması, Xəzər regionunun inkişafı məsələləri, respublikada maliyyə sektorunun və informasiya texnologiyalarının inkişafı, Qafqaz regionunda əməkdaşlıq və təhlükəsizlik problemləri mövzularında diskussiya keçirilmişdir. Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşı Samir Əhmədov ölkə iqtisadiyyatının indiki vəziyyəti haqqında ətraflı məlumat vermişdir.
Çıxış edən xarici iş adamları ətraflı məlumatdan razı qaldıqlarını, vəziyyətlə bilavasitə tanış olmaq üçün Azərbaycana getməyə hazır olduqlarını bildirmişlər.
Görüşün sonunda iş adamlarına Azərbaycanın iqtisadiyyatının bu gününü əks etdirən məlumat toplusu təqdim olunmuşdur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd