“AZƏRBAYCAN SƏRHƏD QOŞUNLARI BU GÜN”
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində “Azərbaycan sərhəd qoşunları bu gün” mövzusunda müsabiqəyə yekun vurulmuşdur. Müsabiqə bu ilin fevralında elan edilmiş və ölkəmizin sərhəd qoşunlarının tarixinə, sərhədlərimizin qorunması sahəsində fədakar xidmətə həsr olunmuşdur.
Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı, general-mayor Elçin Quliyev mərasimdə çıxış edərək dedi ki, bu müsabiqədən məqsəd sərhədçilərin hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi, vətənə nümunəvi xidmətin təbliğ olunması idi. General vurğuladı ki, Azərbaycan Prezidenti Heydər Əliyev sərhədçilər qarşısında məhz bu cür məqsədlər qoymuşdur.
Sərhəd Qoşunları komandanının müavini, polkovnik Cəlil Xəlilov müsabiqənin yaradıcılıq kollektivlərində böyük maraqla qarşılandığını və Rəssamlar İttifaqına, Bəstəkarlar İttifaqına, Kinematoqrafçılar İttifaqına və Yazıçılar Birliyinə 60-dan çox iş təqdim edildiyini bildirdi.
Müsabiqə 4 nominasiyada keçirilmişdir. Kino sənətində (sənədli film, klip) birinci yer rejissor Rafiq Quliyevin və ssenari müəllifi Hafiz Eynullayevin “And” sənədli filminə verilmişdir. İkinci yeri rejissor Cəmil Quliyevin və ssenariçi Baba Məsimovun “Haradan başlanır Vətən” sənədli publisistik filmi tutmuşdur. “Bədii ədəbiyyat” (povest, oçerk, hekayə, şer) nominasiyasında birinci yerə Sərvaz Əskərovun “Haqq” şerlər silsiləsi, ikinci yerə Fikrət Qulamovun sərhəd haqqında şerləri, üçüncü yerə Şəlalə Həsənovanın “Ruhumuzun sərhədinə qədər” sənədli oçerki layiq görülmüşdür. “Musiqi yaradıcılığı” (sərhədci marşı, sərhədçilər haqqında mahnı) nominasiyasında birinci yerə “Sərhədçilərin marşı”na görə Firudin Allahverdiyev, ikinci yerə “Sərhədçi” marşına görə Lalə Cəfərova çıxmışlar, üçüncü yer müsabiqənin iki iştirakçısına - “Sərhəddən başlanır Vətən torpağı” marşına görə İlham Abdullayevə və “Sərhəd keşiyindəyəm” marşına görə Ramiz Mustafayevə verilmişdir. “Təsviri sənət” (boyakarlıq, qrafika, plakat) nominasiyasında “Sərhəd toxunulmazdır” plakatına görə Lalə Ələskərova qalib gəlmişdir. Bu nominasiyada ikinci yeri “Keşikdə” qrafikasına görə Əlisəttar Səlimov, üçüncü yeri “Sərhədçilər” boyakarlıq əsərinə görə Məmmədəli İsmayılov tutmuşlar.
Qaliblərə Dövlət Sərhəd Xidmətinin diplomları da təqdim edildi.
Elə həmin gün Tofiq İsmayılov adına Uşaq və Gənclər Yaradıcılığı Sarayının “Uşaq dünyası” qalereyasında Dövlət Sərhəd Xidmətinin və Təhsil Nazirliyinin keçirdikləri “Vətən sərhəddən başlanır” müsabiqəsinin qaliblərinə mükafat və diplomların təqdim edilməsi mərasimi keçirildi.
Azərbaycanın 41 rayonundan 2 minədək şagirdin iştirak etdiyi bu müsabiqə dörd nominasiyada keçirilmişdir. Nominasiyalar üzrə aşağıdakılar qalib gəlmişlər: “povest” - Culfa məktəblisi Sona Mehdiyeva, “inşa” - Kəlbəcər məktəblisi Gülnar Şükürova “incəsənət” - Zaqatala məktəblisi Esmira Ramazanova, “plakat” - Quba məktəblisi Elçin Əskərov.
Dövlət Sərhəd Xidmətinin rəisi general-mayor Elçin Quliyev, təhsil nazirinin müavini Elmar Qasımov müsabiqənin iştirakçılarını və qalibləri təbrik etdilər.