MƏDƏNİYYƏT
Azərbaycan təmsilçisi Elnur Hüseynov ilə Vyanada görüş olub VİDEO
Bakı, 22 may, AZƏRTAC
Azərbaycanı “Eurovision-2015” mahnı müsabiqəsində təmsil edən Elnur Hüseynov bu mötəbər yarışmanı izləmək üçün gəlmiş avropalı jurnalistlər və pərəstişkarlarla görüşüb. Azərbaycan Mədəniyyət Mərkəzi və ölkəmizin “Eurovision” yarışmasındakı nümayəndəliyinin təşəbbüsü ilə keçirilən tədbirdə bu ölkədə yaşayan azərbaycanlılarla yanaşı, Avstriyada olan əcnəbi vətəndaşlar, orada fəaliyyət göstərən müxtəlif mədəniyyət mərkəzlərinin nümayəndələri da iştirak ediblər.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, tədbirin aparıcısı ilk olaraq Bakının Binəqədi rayonunun ərazisindəki yaşayış binasında baş vermiş yanğın ilə bağlı xalqımıza başsağlığı verib.
Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova mərkəzin fəaliyyətindən, mədəniyyətimizin Avstriyada təbliği və iki ölkə arasında mədəni əlaqələrin inkişafında həyata keçirdiyi layihələrdən söhbət açıb. O bildirib ki, mərkəz Avstriyanın incəsənət ocaqlarında ölkəmizi təbliğ etmək məqsədilə konsert, sərgi, kitab təqdimatları, ədəbi-bədii axşamlar və digər tədbirlər keçirir, təşkil etdiyi Azərbaycan dili kursları vasitəsilə ictimaiyyət arasında ana dilimizə marağı yüksəltməyə çalışır.
Elnur Hüseynov media nümayəndələrinin suallarını cavablandırdıqdan sonra görüş iştirakçıları ilə xatirə şəkilləri çəkdirib.
Anar Rzayev
AZƏRTAC-ın müxbiri
Vyana