SİYASƏT
AZƏRBAYCAN-TÜRKİYƏ: HÜQUQİ ƏMƏKDAŞLIQ GENİŞLƏNİR
Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası sürətlənmiş, xarici dövlətlərlə əməkdaşlığı genişlənmişdir.
Qədim tarixi köklərə malik Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına mühüm əhəmiyyət verilərək ölkələrimiz arasında dostluq və qardaşlıq, strateji tərəfdaşlıq münasibətləri bərqərar olmuş, hələ Azərbaycanın müstəqilliyinin ilk ilində Türkiyə ilə mülki, ticarət və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlanmış, hüquqi əməkdaşlıq sahəsində digər tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Prezidenti Heydər Əliyevin ötən ilin martında Türkiyəyə rəsmi səfəri nəticəsində ölkələrimizin dostluq əlaqələri daha da dərinləşmiş və keyfiyyətcə yeni mərhələyə yüksəlmiş, iki ölkənin Ədliyyə Nazirlikləri arasında əməkdaşlığın möhkəmləndirilməsinə güclü təkan vermişdir.
Həmçinin, Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi və bir çox əsas Avropa Konvensiyalarına qoşulması ölkələrimiz arasında əvvəllər bağlanmış hüquqi yardım haqqında müqavilənin təkmilləşdirilməsi zərurətini yaratmış, bununla əlaqədar mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq haqqında yeni müqavilə layihəsi hazırlanmışdır.
Türkiyənin ədliyyə naziri doktor Hikmət Sami Türkün başçılıq etdiyi nümayəndə heyəti mayın 2-də ölkəmizə səfərə gəlmişdir.
Səfərini Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovla birgə Şəhidlər Xiyabanını ziyarət etməkdən başlayan qonaq ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin və türk əsgərinin məzarı üzərinə əklil və tər çiçək dəstələri qoymuş, onların əziz xatirəsini yad etmişdir.
Azərbaycan Respublikasının Milli Məclisinin sədri Murtuz Ələsgərov və baş nazir Artur Rasizadə Türkiyənin ədliyyə nazirini qəbul etmişlər.
Səfər çərçivəsində Türkiyənin ədliyyə naziri Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Xanlar Hacıyev, yüksək məhkəmələrin rəhbərləri və respublikanın baş prokuroru ilə görüşmüş, bu görüşlər zamanı hərtərəfli səmərəli əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.
Ədliyyə Nazirliyində görüşlər keçirən qonağa Azərbaycanın hüquq sisteminin islahatı barədə ətraflı məlumat verilmiş, hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmışdır. Ölkəmizdə müvəffəqiyyətlə həyata keçirilən hüquqi islahatlara böyük maraq göstərən qonaq qısa bir müddətdə əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirmişdir.
Türkiyə nümayəndə heyəti nazirlikdə “Azərbaycan Ədliyyəsinin tarixi muzeyi”, Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunmuş maraqlı ekspozisiyalarla tanış olmuşdur. Qonaqlara Azərbaycan dövləti, onun hüquq sistemi və dövlətimizin başçısının rəhbərliyi ilə aparılan islahatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin ədliyyə tarixi və həmçinin Türkiyə ədliyyə nazirinin Bakıya səfəri ilə bağlı materiallar təqdim olunmuşdur.
Mayın 3-də Ədliyyə Nazirliyində “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq” haqqında müqavilə və ölkələrimizin Ədliyyə Nazirlikləri arasında Əməkdaşlıq Proqramı hər iki ölkənin ədliyyə nazirləri tərəfindən imzalanmışdır.
Kütləvi informasiya vasitələri nümayəndələrinin də iştirak etdiyi təntənəli imzalanma mərasimindən sonra Fikrət Məmmədov və Hikmət Sami Türk mətbuat üçün məlumatla çıxış etmiş, imzalanmış müqavilənin və əməkdaşlıq proqramının əhəmiyyətini vurğulamış, suallara cavab vermişlər.