Azərbaycan-Türkiyə qardaşlıq konserti: Bir millətin nəğməsi
Bakı, 18 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Türk Tələbə İdarəetmə Şurası, BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və “BDU könüllüləri” təşkilatının birgə təşkilatçılığı ilə “Bir millətin nəğməsi” adlı Azərbaycan-Türkiyə qardaşlıq konserti keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Tədbirin açılışında çıxış edən BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən, ortaq milli-mənəvi dəyərlərdən və bu birliyin gənclər arasında daha da möhkəmləndirilməsinin əhəmiyyətindən bəhs edib. O bildirib ki, iki qardaş xalq arasında tarixən formalaşmış dostluq və həmrəylik münasibətləri bu gün də müxtəlif sahələrdə uğurla davam etdirilir.
BDU Türk Tələbə İdarəetmə Şurasının rəhbəri Mert Üstün bu cür tədbirlərin Azərbaycan və Türkiyə gəncləri arasında dostluq əlaqələrinin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. O, tələbələr arasında mədəni inteqrasiyanın və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin önəmini qeyd edib.
Tədbir bədii hissə ilə davam edib. Konsert proqramında Azərbaycan və Türkiyəyə aid musiqi əsərləri səsləndirilib, müxtəlif bədii kompozisiyalar və çıxışlar təqdim olunub.