Azərbaycan Universiteti şəhid məzununu unutmur
Bakı, 2 aprel, AZƏRTAC
Azərbaycan Universiteti tərəfindən Aprel döyüşlərinin ikinci ildönümündə bu ali məktəbin şəhid məzunu Fəxrəddin Qurbanlının xatirəsinə həsr olunan kitabça nəşr edilib. Kitabçada şəhid haqqında bioqrafik məlumat, onun fotoları, müəllim və tələbə yoldaşlarının xatirələri ilə yanaşı universitetin magistrantı Reyhan Mənəfovanın Fəxrəddin Qurbanlıya həsr etdiyi “Vətən qartalı” şeiri yerləşdirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, xatirələrdə F.Qurbanlının qısa, lakin mənalı həyat yolundan söz açılır, davranışı ilə müəllimlərinin və tələbə yoldaşlarının sevgi və hörmətini qazandığı, intizamlı və məsuliyyətli tələbə olduğu, dərslərini yaxşı oxumaqla yanaşı ali məktəbin ictimai həyatında fəal iştirak etdiyi, şəhidlik zirvəsinə yüksəlməklə gənclərə nümunə olduğu və bütün Azərbaycanın fəxrinə çevrildiyi, ölkəmizdə ilk şəhid sosial işçi kimi tarixə düşdüyü qeyd olunur.
1994-cü ildə Bakıda anadan olan F.Qurbanlı 179 nömrəli tam orta məktəbi bitirib, 2011-ci ildə Azərbaycan Universitetinin sosial iş ixtisasına qəbul olub. Əlaçı və nümunəvi tələbə olan F.Qurbanlı “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi, “SOS” Uşaq Kəndləri, UAFA (United Aid For Azerbaijan - Azərbaycana birgə yardım) kimi təşkilat və layihələrdə könüllü kimi işləyib. O, 2015-ci ildə sosial iş fakültəsindən üçüncülüklə məzun olub, həmin ilin iyulunda hərbi xidmətə yollanıb. F.Qurbanlı 2016-cı il aprelin ilk günlərində cəbhə xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olub, ölümündən sonra 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilib.
Şəhid məzunun xatirəsini daim uca tutan Azərbaycan Universiteti tərəfindən 2016-cı ildə “Şəhid Fəxrəddin Qurbanlı adına təqaüd” təsis olunub. Universitetdə şəhidin xatirəsinə guşə yaradılıb.