ELM VƏ TƏHSİL
“Azərbaycan və Çinin yanacaq enerji kompleksi: tarix və əməkdaşlıq perspektivləri”
Bakı, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 27-də Azərbaycan Dillər Universitetində (ADU) bu ali məktəbin Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda “Enerji günü”nə həsr olunmuş “Azərbaycan və Çinin yanacaq enerji kompleksi: tarix və əməkdaşlıq perspektivləri” mövzusunda elmi-praktik seminar keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Çin dili və mədəniyyəti mərkəzinin direktoru, professor Rafiq Abbasov neftçıxarma və elektrik energetikası sahəsində Azərbaycan-Çin əməkdaşlığının inkişafının əsas mərhələləri haqqında məlumat verib. O, Prezident İlham Əliyevin Çinin neft şirkətlərinin rəhbərləri ilə görüşlərini və dövlət başçısının Pekində keçirilən biznes forumda neft sektorunda iki ölkə arasında əməkdaşlığın perspektivləri barədə çıxışını xatırladıb.
Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyinin iqtisadiyyat və ticarət məsələləri üzrə məsləhətçisi Yu Xunçi iqtisadiyyat və ticarət üzrə qarşılıqlı faydalı iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə rəhbərlik etdiyi şöbənin fəaliyyəti haqqında məlumat verib.
Seminarda çıxış edən “SALYAN OIL LTD”, “Great Wall Drilling Company”, “Petro-Hongkong-Pirsaat Oil Limited” neft şirkətlərinin nümayəndələri Çinin kəşfiyyat qazmada iştirakı, Azərbaycanda onşor yataqlarının bərpası, onların kəşfiyyatı və işlənməsi haqqında söhbət açıblar.
Digər çıxış edən neft şirkətlərinin və müvafiq qurumların nümayəndələri də neftçıxarma, neft məhsullarının ticarəti və onun daşınması sahəsində Azərbaycan-Çin əməkdaşlığının mövcud vəziyyəti, həmçinin perspektivləri haqqında danışıb, tələbələrin suallarını cavablandırıblar.
Seminarda, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi nümayişi olunub.
Sonda qonaqlara Prezident İlham Əliyevin 2003-2013-cü illərdə Azərbaycan-Çin münasibətlərinin inkişafında verdiyi töhfələrdən bəhs edən “İlham Əliyev-iki qədim xalqların dostluğunun müasir davamçısı” adlı kitab hədiyyə edilib.