İQTİSADİYYAT
Azərbaycan və Gürcüstan arasında sərhəd keçid məntəqələrinin təkmilləşdirilməsi layihəsinə start verilib
Bakı, 5 may, Elvin Camalov, AZƏRTAC
Mayın 5-də Azərbaycan və Gürcüstan arasındakı sərhəd keçid məntəqəsinin təkmilləşdirilməsinə dair Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının (BMTİP) Azərbaycan Nümayəndəliyinin və Dövlət Gömrük Komitəsinin birgə layihəsinə start verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Bakıda Azərbaycan və Gürcüstan arasında "Qırmızı körpü" nəzarət buraxılış məntəqəsinin inkişafına dəstək layihəsinə həsr edilmiş konfransda deyib. layihənin büdcəsi 3 milyon avroya yaxındır. Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən bu layihə əsasən Qırmızı Körpü sərhəd keçid məntəqəsində həyata keçiriləcək.
Tədbirdə Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin, eləcə də Avropa İttifaqı nümayəndəliyinin, diplomatik korpusun və BMTİP-nin hər iki ölkədəki ofislərinin nümayəndələri iştirak edib.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev layihənin Azərbaycan üçün iqtisadi səmərəliliyini, rəqabət və bilik əsaslı inkişafı üçün olduqca əhəmiyyətli olduğunu vurğulayıb.
O bildirib ki, Gürcüstanla sərhəddəki “Sadıxlı” nəzarət buraxılış məntəqəsini gələcəkdə modernləşdirmək, beynəlxalq yükdaşımalar üçün dəhlizə çevirmək üçün bizə Azərbaycana Aİ və BMT-nin dəstəyi lazımdır.
BMTİP-in rezident nümayəndəsi Qulam İsakzai bu əməkdaşlıqdan məmnunluğunu bildirərək, layihənin BMT-nin Dayanıqlı Inkişaf Məqsədləri ilə uyğunluğunu yüksək qiymətləndirib.
“Bu layihə Avropa İttifaqının dəstəyi ilə keçirilən unikal layihədir. Layihədə tərəfdaş olmaq bizim üçün vacib öhdəlikdir. Bu layihə Gürcüstanın Gəlirlər Xidməti və Gömrük Xidmətinin inkişafı üçün təkan verəcək”, - deyə Qulam İsakzai vurğulayıb.
“Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd keçid məntəqəsinin təkmilləşdirilməsinə dəstək” layihəsinin ümumi məqsədi bu ölkələr və Aİ-yə üzv dövlətlər arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi vasitəsilə sərhədlərin təhlükəsizliyini təmin etməkdir. Eyni zamanda, layihədə Azərbaycan və Gürcüstan arasında malların keçidinin sürətləndirməsi əsas prioritetlərdən olacaq. Layihənin əsas diqqət mərkəzində hər iki ölkə üçün əhəmiyyətli olan sanitar və fito-sanitar tədbirlər yer tutacaq.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard bildirib ki, Azərbaycan və Gürcüstan arasındakı sərhəd keçid məntəqəsinin inkişaf etdirilməsinə dəstək üçün reallaşdırılan layihənin 2 il ərzində icrası nəzərdə tutulub.
Onun sözlərinə görə, Aİ-nin Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində bu layihənin icrasına Azərbaycan və Gürcüstana ümumilikdə 3 milyon avroya yaxın vəsait ayrılıb. Bu məbləğdən 1,8 milyon avro Azərbaycan tərəfinə təqdim olunub.
Gürcüstanın Gömrük Xidmətinin sədri, maliyyə nazirinin müavini Georgi Tabuaşvili layihənin əhəmiyyətindən bəhs edərək bildirib ki, bu layihə İpək Yolunun inkişafı üçün də önəm daşıyır. Gömrükdə təhlükəsizlik daha da qüvvətlənəndən sonra qonşu dövlətlər də İpək Yolundan istifadə edə biləcək.
Daha sonra Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin nümayəndələri gömrük xidmətlərində görülən işlər və həyata keçirilən prosedurlarla bağlı qonaqları məlumatlandırıblar.